XƏBƏRLƏR
3059 Arxiv

2018.04.12

Möhtəşəm zəfərin böyük təntənəsi

Aprelin 11-də keçirilən prezident seçkiləri Yeni Azərbaycan Partiyasının namizədi, respublikamızın son 15 ildəki bütün uğurlarının müəllifi olan cənab İlham Əliyevin qələbəsi ilə başa çatdı. Bu münasibətlə Sahil bağında “İlhamla irəli” bayram konserti keçirilib. YAP üzvləri və bütövlükdə Prezident İlham Əliyevi seçkilərdə dəstəkləyən vətəndaşlar bu möhtəşəm qələbəni böyük coşqu və təntənə ilə qeyd ediblər. 

Konsertdən əvvəl çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadə prezident seçkiləri gününü Azərbaycan üçün əlamətdar və tarixi gün adlandırıb. Qeyd edib ki, bu qələbə Azərbaycan dövlətini və cəmiyyətini intellektin və mənəvi dəyərlərin işığında gələcəyə apara biləcək ən layiqli insanın İlham Əliyev olduğunu sübut edir.

Sonra konsert proqramı başlayıb. Respublikamızın tanınmış incəsənət xadimləri öz ifaları ilə xalqımızın qələbə sevincini daha da rövnəqləndiriblər. 

Mərkəzi Seçki Komissiyası tərəfindən ilkin məlumat açıqlandıqdan sonra isə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edib. Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyini bəyan edən Əli Əhmədov bildirib ki, bu qələbə bütün Azərbaycan xalqının qələbəsidir. Çünki İlham Əliyevin Azərbaycanın Prezidenti vəzifəsinə yenidən seçilməsi Azərbaycanın inkişafı, tərəqqisi, yüksəlişi, yenidən Azərbaycandakı sabitliyin, əmin-amanlığın qorunması, saxlanması deməkdir.

Əli Əhmədovun sözlərinə görə, bu qələbə növbəti 7 ildə Azərbaycanın inkişafı deməkdir. 7 ildə 15 il ərzində başlanılmış işlərin davam etdirilməsi, Azərbaycanın nailiyyətlərinin daha da artırılması deməkdir: "Hesab edirəm ki, bu qələbənin əldə olunmasında ən əsası Azərbaycan xalqının İlham Əliyevə olan dərin etimadı, inamı dayanır. Xalq öz rəhbərinə inandı və ona səs verdi. Mən bir daha ilk növbədə bu qələbənin sahibini, Prezident İlham Əliyevi hamınızın adından təbrik etmək istəyirəm. Ona möhkəm cansağlığı arzu edirəm. Azərbaycanın inkişafı, rifahı, tərəqqisi naminə yeni-yeni nailiyyətlər diləyirəm. Eyni zamanda bir daha Azərbaycan xalqını təbrik edirəm. Sağ olun, həmişə bir yerdə olun, həmişə Prezidentimizin ətrafında olun, həmişə Heydər Əliyev yolunda olun. Bu yol bizi hər zaman işıqlı sabaha aparacaqdır”.

Bayram konserti tanınmış incəsənət xadimlərinin ifaları ilə davam edib.

http://science.gov.az/news/open/7738