XƏBƏRLƏR
3295 Arxiv

2018.04.09

İntellektual dərinlik, mənəvi zənginlik

XX əsr Azərbaycan elmini təmsil edən bir sıra görkəmli şəxsiyyətlər var. Onların içərisində elmi fikrimizin inkişafında müstəsna rol oynamış, elmi-təşkilati, pedaqoji, ictimai, hətta diplomatik fəaliyyəti ilə Azərbaycan aliminin intellektual imkanlarını bütün dünyaya nümayiş etdirmiş görkəmli simalardan biri də geologiya, stratiqrafiya və paleontologiya sahələrində tanınmış elm və ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının üçüncü prezidenti akademik Musa Əliyev olmuşdur.

Akademik Musa Əliyevin misilsiz fəaliyyəti XX əsr Azərbaycan elmində silinməz iz qoymuşdur. Məlumdur ki, Azərbaycan geologiyası keçmiş SSRİ-nin və dünyanın ən inkişaf etmiş elmi məktəblərindən biri olmuşdur. Həmin dövr Azərbaycan geologiyasını təmsil edən Qambay Əlizadə, Məmməd bəy Əliyev, Aslan bəy Vəzirzadə, Şamil Əzizbəyov, Ələşrəf Əlizadə, Mirəli Qaşqay, Əhəd Yaqubov, Şəfayət Mehdiyev, Əzəl Sultanov, Ədhəm Şıxəlibəyli və başqaları milli geologiya elmi məktəbimizi bütün dünyada tanıtmışlar. Bu imzalar içərisində akademik Musa Əliyevin xüsusi yeri vardır. Görkəmli alim dərin biliyi, zəhmətsevərliyi, mənəvi zənginliyi ilə insan kamilliyinin bütün meyarlarını özündə əks etdirən mükəmməl bir şəxsiyyət, əsl vətəndaş-ziyalı olmuşdur. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Musa Əliyevin yaxın dostu Səməd Vurğunun onun haqqında dediyi fikirlər bu insanın portretini gözlərimiz önündə bütün dolğunluğu ilə canlandırır: “Cansız təbiət çox amansız olur və öz sərvətlərini doğma insanlardan gizlətməyə çalışır. Yerin təkinin sirlərinə nail olmaq və qiymətli sərvətlərini ondan almaq iqtidarına sahib olmaq üçün böyük zəkaya və geniş ürəyə malik olmaq lazımdır. Bu baxımdan geoloq cansız təbiətin, daşların şairi olmalı, kristalların, mineralların mühəndisi, tənzimçisi kimi çıxış etməlidir. Bütün bu qiymətli keyfiyyətlər mənim dostum, qardaşım Musa müəllimdə cəmlənmişdir. Onun böyük qəlbi, dərin düşüncəsi, humanist davranışı və baxışları cansız təbiəti maqnit kimi özünə cəzb edir və öz mineral nemətlərini ona bağışlamağa vadar edir”.

...Musa Əliyev 1908-ci il aprelin 11-də Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən olan Şamaxı şəhərində anadan olmuşdur. Sonradan onun mənsub olduğu ailə Aşqabada köçmüşdür. M.Əliyev 1926-cı ildə Aşqabadda orta məktəbi fizika-riyaziyyat təmayülü üzrə əla qiymətlərlə bitirmiş, həmin il Bakıya qayıdaraq Azərbaycan Politexnik İnstitutunun mədən şöbəsinə daxil olmuşdur. Onun gələcək həyat yolunun müəyyənləşməsində həmin dövrlər respublikanın əsas elm və təhsil mərkəzlərindən olan, özündə olduqca güclü elmi kadr potensialı cəmləşdirən Politexnik İnstitutu mühüm rol oynamışdır. 

Tələbəlik illərində yüksək ali təhsil göstəriciləri ilə seçilən Musa Əliyev 1929-cu ildə Paleontologiya, tarixi geologiya və SSRİ geologiyası kafedrasına laborant vəzifəsinə qəbul edilir və institutu bitirdikdən sonra aspiranturaya daxil olur. Elə o vaxtdan başlayaraq elmi fəaliyyətini paleontologiya və stratiqrafiya elminə bağlayır. Aspiranturada oxuduğu müddətdə V.V.Boqaçov, V.F.Pçelinsev, V.P.Renqarten kimi görkəmli alimlərlə təmasda olur, onların rəhbərliyi ilə tədqiqatlar aparır. Musa Əliyevin Kiçik Qafqazın üst tabaşir çöküntülərinin inoseramları və stratiqrafiyasına həsr edilmiş ilkin tədqiqatları onun paleontologiya və stratiqrafiya sahəsində yüksəkixtisaslı mütəxəssis kimi tanınmasına səbəb olur.

1936-cı ildə Musa Əliyev namizədlik dissertasiyasını uğurla müdafiə etdikdən sonra 1941-ci ilə qədər Azərbaycan Sənaye İnstitutunda əvvəlcə dosent, sonra neft fakültəsinin dekanı vəzifəsində çalışır, nəhayət, institutun direktoru vəzifəsinədək yüksəlir.

Hələ aspiranturada oxuyarkən, 1935-ci ildə o, Zaqafqaziya Geoloji Trestinin Azərgeologiya Bürosunun rəisi təyin edilmişdi. Həmin vaxtlarda bu idarədə Musa Əliyevin rəhbərliyi ilə cəmi 5 mühəndis-geoloq çalışırdı. Onun inadkar təşkilatçılıq fəaliyyəti sayəsində qısa müddətdə aparılan geoloji işlərin həcmi dəfələrlə artır və bu nəticə Azərbaycan geologiya idarəsinin yaradılmasına səbəb olur. Sonralar Musa Əliyevin rəhbərliyi ilə respublikanın müxtəlif rayonlarında bir sıra xəritəalma, habelə filiz və qeyri-filiz faydalı qazıntıların axtarış və kəşfiyyat işləri aparılır. Yüksək təşkilatçılığı, məqsədyönlü çalışma qabiliyyəti Musa Əliyevə istehsalat, elmi və pedaqoji işləri bacarıqla əlaqələndirməyə imkan verirdi.

1941-ci ildə Musa Əliyev Narkomneftin Tədris Müəssisələri Baş İdarəsinin rəisi təyin edilir, eyni zamanda Moskva Neft İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olur. İkinci Dünya müharibəsinin ağır illərində Musa Əliyev ölkənin neft sənayesi üçün mühəndis-texniki kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. O, Moskva Neft İnstitutunun Ufa şəhərinə, Qroznı Neft İnstitutunun Kokand şəhərinə evakuasiyasını təşkil etmişdir.

Musa Əliyev elmi fəaliyyətlə yanaşı, intensiv ictimai fəaliyyətlə də məşğul olmuşdur. O, 1944-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) ali məktəblər və elmi müəssisələr üzrə şöbə müdiri təyin edilir. Bu dövrdə, həm də ön cəbhədə döyüşənlərin uşaqlarına yardım komissiyasınn rəhbəri olur, eyni zamanda elm və texnikanın müxtəlif sahələrində Azərbaycan gənclərinin ölkənin qabaqcıl ali məktəblərində təhsil almasını təmin etmək üçün təşkilatçılıq işini davam etdirir. 1947-ci ildə Azərbaycan KP MK üzvü və sənaye üzrə katibi seçilir, 1949-cu ildə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini - Dövlət Plan Komitəsinin sədri vəzifəsində işləyir. 1947-ci ildən 1961-ci ilədək SSRİ Ali Sovetinin II, III və IV çağırış deputatı olmuşdur.

1949-cu ildə Musa Əliyevin rəhbərliyi ilə Xəzər akvatoriyasında neft və qazın geoloji axtarışı və istismarı ilə əlaqədar böyük bir layihə hazırlanmışdır ki, onun da həyata keçirilməsi ölkəmizin Neft-qazçıxarma sənayesində ilk dəfə olaraq dənizdə “Neft Daşları” yataqlarının kəşfinə gətirib çıxarmışdır. Dünyanın 8-ci möcüzəsi sayılan və açıq dənizdə polad dirəklər üzərində salınan şəhərin - “Neft Daşları”nın yaranması dünyada dəniz erasının başlanğıcı olmuşdur. Bu tarixi layihənin irəli sürülməsi və həyata keçirilməsində Musa Əliyev müstəsna xidmətlər göstərmişdir. 

Akademikin ictimai fəaliyyətindən söhbət açarkən bir məqam üzərində xüsusilə dayanmaq istərdik. Onun ictimai işlərdə çalışdığı həmin dövrlər olduqca mürəkkəb ictimai-siyasi hadisələrlə xarakterizə olunurdu. Bir tərəfdən müharibənin vurduğu ağır zərbələr, digər tərəfdən ziyalıların daim təzyiq altında saxlanması son dərəcə mürəkkəb vəziyyət yaratmışdı. Musa Əliyev dövrün bütün bu keşməkeşlərinin ağırlığını öz çiynində daim hiss etmişdi. Onun üçün ən yüksək vəzifə dövlətə, vətənə və xalqa xidmət göstərmək, insanlara xeyirxahlıq etmək missiyası idi. Bu isə bir çox hallarda dövrün ideoloji paradiqmaları ilə ziddiyyət təşkil edirdi. Hətta Musa Əliyev bu xarakterinə görə ən nüfuzlu siyasi rəhbərlərlə üz-üzə gəlməli olur, özünü, ailəsini, karyerasını təhlükələrə atmaqdan belə çəkinmirdi. Bütün çətinliklərə baxmayaraq, akademik heç zaman mənəvi dəyərlərinə xəyanət etməmiş, xeyirxahlığı, insanlara xidməti daim özünün həyat amalına çevirmişdir. Musa Əliyev gəncliyə, gənc kadrlara daim qayğı göstərirdi. Məhz bunun nəticəsidir ki, onun tələbələrinin çoxu bu gün də elmin müxtəlif sahələrində səmərəli və məhsuldar fəaliyyət göstərir. Biz taleyimizə minnətdarıq ki, uzun illər boyu bu böyük alim və pedaqoq, ictimai və dövlət xadimi, xeyirxah, müdrik və vətənpərvər insanla yaxın olmuş, hər zaman ondan öyrənmişik.

Akademik Musa Əliyevin həyat bioqrafiyasının ən şərəfli səhifələrindən biri onun 1950-ci ildən 1958-ci ilədək Azərbaycan Elmlər Akademiyasına rəhbərlik etdiyi dövrdür. Bu dövrdə yeni təsis edilmiş akademiyanın maddi-texniki bazası formalaşdırılır, elmi-təşkilati strukturu qurulur, yüksəkixtisaslı kadr potensialının ilk nəsli yetişirdi. Musa Əliyev AMEA-nın qarşısında dayanan vəzifələrin həyata keçirilməsi istiqamətində səylə çalışmağa başlayır. Elmin inkişafının prioritet istiqamətlərini düzgün müəyyənləşdirən görkəmli alim akademiyada fizika, riyaziyyat, kimya, astronomiya, iqtisadiyyat və s. fundamental elm sahələrinin inkişafı üçün səy və bacarığını əsirgəmir. Qısa müddətdə onun təşəbbüsü ilə onlarca elmlər doktoru və elmlər namizədi hazırlanır. Həmin dövrdə Moskvaya və keçmiş İttifaqın digər iri şəhərlərinin aparıcı elm mərkəzlərinə göndərilən doktorant və aspirantların sayı iki yüz nəfərə çatdırılır ki, bu da 50-ci illərin ortalarında Elmlər Akademiyasında bir sıra yeni laboratoriya, bölmə və institutların yaradılması üçün böyük imkanlar verir. Akademik Musa Əliyevin 8 illik rəhbərliyi dövründə EA-da bir çox yeni institut və bölmələr yaradılmış, Akademiya şəhərciyinin və Şamaxı Astrofizika Rəsədxanasının əsası qoyulmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində akademik elmi fəaliyyət ümumən cəmiyyətin əksər sosial-mədəni sferalarının inkişafının əsas təkanverici qüvvəsi kimi çıxış etməyə başlamışdır.

İlk növbədə güclü elmi baza respublikada təhsil sisteminin formalaşmasına təkan vermiş, təhsili yüksəkixtisaslı elmi-pedaqoji kadrlarla təmin etmiş, bir sıra yeni fənlərin tədrisi üçün geniş imkanlar açmışdır. Azərbaycanın ali təhsil müəssisələrinin prioritet hesab olunan yeni fənn kafedraları və fakültələri hesabına genişləndirilməsi məhz akademik elmi tədqiqatlar nəticəsində mümkün olmuşdur. Həmin fənlər üzrə tədrisin həyata keçirilməsi bu dövrdə EA-nın yetişdirdiyi kadrlar hesabına mümkün olmuşdur.

Həmin illərdə akademik elmin töhfə verdiyi digər mühüm sosial sfera Azərbaycan iqtisadiyyatı idi. Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə hərəkatı məhz 50-60-cı illərdə respublikada təbiət elmləri sahəsindəki nailiyyətlərə əsaslanırdı. Ümummilli lider Heydər Əliyev 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalandığı mərasimdəki tarixi nitqində Azərbaycanın neft üzrə çalışan alimlərinin əməyini yüksək qiymətləndirərək onların bu sahədəki elmi nailiyyətlərini “böyük elmi kəşflər” kimi dəyərləndirmişdir: “Bu gün bu tarixi gündə Azərbaycanda neftin sənaye üsulu ilə hasil və emal edilməsinə başlandığı dövrdən təxminən 150 il sonra, mən Azərbaycan neftçilərinin bütün nəsillərinə, respublikamızın neft sahəsində çalışan alimlərinin, mütəxəssislərinin, mühəndislərinin və fəhlələrinin hamısına bu dövrdə təbii sərvətlərimizi çıxarıb xalqımızın rifahının müəyyən qədər yaxşılaşmasına səy göstərdiklərinə görə, fədakar əməklərinə görə, böyük elmi kəşflərinə görə təşəkkürümü bildirirəm və onları indiyə qədər qazandığı nailiyyətlərə görə ürəkdən təbrik edirəm”. Təbiidir ki, bu təşəkkürün ünvanlandığı alimlər içərisində akademik Musa Əliyev öncül sıralarda dayanırdı. 

Musa Əliyevin Elmlər Akademiyasına rəhbərliyi dövründə ictimai və humanitar elmlərin inkişafı sahəsində də olduqca mühüm nailiyyətlər əldə edilmişdir. Biz həmişə fəxr etmişik ki, 70 ilə yaxın SSRİ-nin tərkibində olmağımıza baxmayaraq, etnik-milli identikliyimizi, milli-mənəvi dəyərlərimizi, dilimizi, adət-ənənələrimizi itirməmişik. Heç şübhəsiz, bütün bunlar əsası ötən əsrin 50-ci illərinin ortalarından qoyulmuş akademik humanitar elmi tədqiqatlar nəticəsində mümkün olmuşdur.

Akademik Musa Əliyevin həyat bioqrafiyasının ayrıca səhifələrindən biri, şübhəsiz ki, EA-nın Geologiya İnstitutu ilə bağlıdır. Sovet hakimiyyəti dövründə Geologiya İnstitutunda aparılan tədqiqatlar nəticəsində Azərbaycanda müxtəlif ərazilərin faydalı qazıntılarının müəyyənləşdirilməsi və perspektivlərinin dəyərləndirilməsi üçün xeyli sayda geoloji, tektonik və neotektonik xəritələr tərtib edilmişdir. Bu xəritələr bir sıra neft, filiz və qeyri-filiz yataqlarının müəyyənləşdirilməsində mühüm rol oynamışdır. 

Akademik Musa Əliyevin təşəbbüsü ilə institutda paleontologiya və stratiqrafiya şöbəsi, Mezozoyun stratiqrafiyası laboratoriyası təşkil edilmişdir. Uzun müddət o, bu laboratoriyaya rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə beşcildlik “Azərbaycanın geologiyası”, Azərbaycanın geoloji, geomorfoloji və tektonik xəritələri nəşr edilmişdir. Bundan əlavə, Musa Əliyev “Geomorfologiya və stratiqrafiya” cildinin əsas müəlliflərindən biri və məsul redaktoru olmuşdur. O, “Litologiya”, “Tektonika və geoloji inkişaf tarixi”, “Neft və qazın geologiyası”, “Qeyri-filiz yataqları” cildlərinin də redaktorlarından biri idi. Beləliklə, Musa Əliyevin bu illərdə apardığı fundamental tədqiqatların nəticələri Azərbaycanda paleontologiya və stratiqrafiya elminin nailiyyətlərinin əsasını qoymuşdur.

Onun bu dövrdəki əsərlərinin dəyəri ilk növbədə həm paleontoloji, həm də stratiqrafik məsələlərin mahiyyətinə eyni dərəcədə nüfuz etməsi ilə müəyyən olunur. Çünki yalnız dəqiq paleontoloji əsaslar üzərində geniş stratiqrafik tədqiqat və ciddi stratiqrafik nəzarət paleontologiyanın xüsusi və ümumi məsələlərinin düzgün həllinə imkan verə bilər. İnoseramidlərin morfologiya və filogeniyasının tədqiqi Musa Əliyevə onların əsas qruplarının təkamülünü bərpa etməyə, digər orqanizmlərlə paleoekoloji və filogenetik əlaqələrini izləməyə və stratiqrafik əhəmiyyətini qiymətləndirməyə imkan vermişdir. 

Akademik Musa Əliyevin çox mühüm elmi əsərləri olan “Azərbaycanın tabaşir çöküntüləri”, “SSRİ-nin tabaşir inoseramları”, “Azərbaycanın Mezozoy çöküntülərinin stratiqrafiyası”, “Şərqi Qafqazın və ona qovuşan Volqa-Ural vilayəti rayonlarının tabaşir çöküntülərinin stratiqrafiyası və paleocoğrafiyası”, “SSRİ-nin neftli-qazlı vilayətlərinin Mezozoy çöküntülərinin biostratiqrafiyası” xarici ölkələrin mütəxəssislərinə yaxşı tanışdır.

Musa Əliyevin rəhbərliyi ilə 50-dən çox namizədlik, 10-dan artıq doktorluq dissertasiyaları müdafiə edilmişdir. Hazırda onun tələbələri elmi laboratoriya, kafedra və institutlara, geoloji ekspedisiya və dəstələrə başçılıq edirlər. Xüsusilə qeyd etmək lazımdır ki, məhz Musa Əliyevin rəhbərliyi ilə 50-ci illərdə Yura və Tabaşir Stratiqrafların Bakı Məktəbi kimi tanınan kadrlar nəsli yetişmişdir. 

Akademik Musa Əliyevin fəaliyyətinin yeni mərhələsi 1958-ci ildən SSRİ Elmlər Akademiyasının ovaxtkı prezidenti akademik Nesmeyanovun dəvətiylə onun Moskvaya köçməsi və SSRİ Elmlər Akademiyasında yeni yaradılan Yanar Qazıntı Yataqların Geologiyası və İşlənilməsi İnstitutunda elmi işlər üzrə direktor müavini təyin edilməsi ilə başlayır. Akademik ömrünün sonunadək bu institutda işləmişdir. Görkəmli alim qısa müddət ərzində burada neftli-qazlı vilayətlərin stratiqrafik tədqiqatları laboratoriyasını təşkil etmişdi. Onun bu institutda yaratdığı stratiqraflar məktəbi keçmiş SSRİ məkanında və xarici ölkələrdə böyük şöhrət qazanmışdı.

Musa Əliyev Moskvada təhsil alan, həmçinin orada çalışan azərbaycanlı gənc kadrlara mənəvi dayaq olmuş, onlara hər cür dəstək vermişdir. 

Akademikin həyat və fəaliyyətində 1967-1971-ci illər xüsusi dövr təşkil edir. Bu illərdə o, Sovet-Əlcəzair əməkdaşlığına başçılıq edir. Böyük təşkilatçılıq qabiliyyəti, zəngin həyat təcrübəsi, insanpərvərliyi sayəsində qısa müddətdə Əlcəzair mütəxəssisləri və müxtəlif səviyyəli dövlət rəhbərləri ilə işgüzar əlaqələr yarada bilir. Əlcəzair tədqiqatlarının bu mərhələsi Musa Əliyev və onun həmkarlarının iki sanballı monoqrafiyasında - “Əlcəzair səhrasının geologiyası və neft-qazlılığı” və “Əlcəzair atlaslarının geologiyası və neft-qazlılığı” kitablarında əks olunmuşdur. Dörd dildə - rus, fransız, ingilis və ərəb dillərində nəşr edilmiş bu əsərlərdə müvafiq ərazilərin tektonik inkişaf tarixinin müfəssəl analizi, başlıca neft-qaz toplanma zonalarının səciyyəsi və fanerozoy çöküntülərinə dair kompleks məlumatlar verilmişdir.

Xarici ölkələrin geologiyası və neft-qazlılığına dair işlərin davamı kimi Musa Əliyev mütəxəssislər kollektivi ilə birlikdə “İranın geoloji quruluşu və neft-qazlılığı” əsərini hazırlayıb çap etdirmişdir. Bu sahədə, habelə Şimali Afrikaya, Yaxın və Orta Şərqə dair geoloji materiallar işlənib yekunlaşdırılmışdır.

Olduqca çoxşaxəli fəaliyyətlə məşğul olan Musa Əliyev eyni zamanda elmin populyarlaşdırılması sahəsində də mühüm işlər görmüşdür. O, mütəmadi olaraq qəzet səhifələrində dərc edilən məqalələrində və radioçıxışlarında oxucu və dinləyicilərə fundamental elmin nailiyyətləri haqqında məlumatlar verirdi. O, habelə “Bilik” və Ümumittifaq Paleontologiya cəmiyyətlərinin xətti ilə də fəaliyyət göstərir, müxtəlif şəhərlərdə səyyar elmi sessiyalar təşkil edirdi. Neft-qazlı regionların stratiqrafiyasına dair ənənəvi simpoziumlarda akademikin parlaq çıxışları öz məzmununa görə əslində proqram məruzələr idi. 

Musa Əliyevin yer elmləri sahəsindəki xidmətləri xaricdə yüksək qiymətləndirilmişdir. Onun elmi əsərləri Meksikada, Livanda, Misirdə və b. ölkələrdə çap edilmişdir. Keçmiş sovetlər məkanında akademik bir çox geoloji cəmiyyət və komitələrin üzvü olmuşdur. Onun SSRİ İdarələrarası Stratiqrafik Komitənin fəaliyyətindəki rolu danılmazdır. 

Görkəmli alim Musa Əliyev hər şeydən əvvəl olduqca xeyirxah, sözün tam mənasında nəcib və ədalətli bir insan idi. Onun adı Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutur və hələ uzun illər gələcək nəsillər üçün elmə fədakar xidmətin nümunəsi kimi örnək olacaqdır. 110 illik yubileyini qeyd etdiyimiz akademik Musa Əliyevin həyatı əvvəldən axıra qədər doğma xalqına, Azərbaycan geologiya elminin təşəkkül və inkişafına həsr edilmişdir. Nə qədər ki akademik Musa Əliyev kimi ziyalıların yandırdığı elm işığının nuru şölələnir, deməli, onun ruhu da daim şad olacaqdır.

Akif Əlizadə, AMEA-nın prezidenti, akademik

"Azərbaycan" qəzeti, 8 aprel 2018-ci il

http://science.gov.az/news/open/7713