XƏBƏRLƏR
3693 Arxiv

2018.04.05

Bakı Dövlət Universitetinin tələbələri Tətbiqi Zoologiya Mərkəzində istehsalat təcrübəsi keçirlər

AMEA Zoologiya İnstitutu ilə Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən Biologiya fakültəsinin tələbələri Zoologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Hazırda növbəti  tələbə qrupu İnstitutun Tətbiqi Zoologiya Mərkəzində elmi istehsalat təcrübəsi keçirlər. Mərkəzin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Şeyda Məhərrəmova tələbələrə ilk öncə həşəratlara aid paleontoloji tapıntılar  haqqında məlumatlar verdi, sonra isə tut ipəksarıyanı, onun təsərrüfat əhəmiyyəti və ipəyin istehsalı barədə videoçarx nümayiş etdirdi.

Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnaz İsmayılova tələbələrə sorucu zərərvericilərdən olan yastıcalar və onlara qarşı bioloji mübarizədə istifadə olunan parabüzənlər (Chilocorus bipustulatus) haqqında məlumat verdi. Daha sonra tələbələrə parabüzənin biologiyasını əks etdirən orijinal videoçəkilişlər göstərildi.

Mərkəzin aparıcı elmi işçisi Əli Məmmədov tələbələrə riyazi modelləşdirmə, onun biologiyaya tətbiqi barədə söhbətlər aparmaqla yanaşı, Mərkəzdə aparılan belə tədqiqatlar və onların əhəmiyyəti barədə geniş məlumatlar verdi.

Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nizami Novruzov tələbələri əyani olaraq müxtəlif növ əqrəb və su ilanı ilə tanış etdi, elmi işçi  Gülnar Məmmədova isə taxıl və nar bitkilərinin zərərvericiləri haqqında ətraflı məlumat verdi. Əməkdaşlardan elmi işçi Könül Tapdıqova ibtidai xərçəngkimilər və onların akvakulturada rolu , böyük elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Quliyev Şükür balıq parazitləri, kiçik elmi işçi Səbinə Həsənova yeddinöqtəli parabüzənin bioekologiyası, Dadaşova Ləman isə laboratoriyada bəslənilən və çoxaldılan tibb zəlisi (Hirudo orientalis), onun morfoloji və bioloji xüsusiyyətləri, zəlinin müxtəlif rejimlərdə inkişafı və qidalanması, eyni zamanda onların çoxaldılma üsullarından ətraflı məlumatlar verərək tələbələri əyani olaraq bioloji obyektlərlə tanış etdilər.

AMEA Zoologiya İnstitutunun Vivarium korpusu və orada saxlanılan heyvanlar, eyni zamanda qırqovul, bildirçin və toyuq cinsləri haqqında tələbələrə Vivariumun əməkdaşı Novruz Rəhimli tərəfindən geniş məlumatlar verilmiş və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.