XƏBƏRLƏR
2875 Arxiv

2018.03.28

Milli Ensiklopediyaya dövlət qayğısı

Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” cildi bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuşdur. Ölkəmizin dünəni və bu günü: qədim tarixi və müasir həyatı, təbii sərvətləri və geosiyasi mövqeyi, elm, təhsil və mədəniyyət sahələrində nailiyyətləri kitabda öz ifadəsini tapmışdır. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə tariximizin başlanan müasir dövrü yeni milli ensiklopediyanın nəşri zərurətini meydana çıxarmışdır. Respublikanın zəngin elmi potensialının yaxından iştirakı ilə hazırlanan xüsusi cild müstəqil dövlətçiliyimizin qazandığı uğurları obyektiv şəkildə əks etdirir. Ümidvaram ki, belə mötəbər və sanballı nəşr hər bir azərbaycanlı üçün çox dəyərli töhfə olacaqdır. Bütün Azərbaycan vətəndaşlarını bu nəşrin işıq üzü görməsi münasibətilə təbrik edirəm.

İlham ƏLİYEV,  Azərbaycan Respublikasının Prezidenti.

Dünyanın ən qədim ensiklopediyalarının yaranma tarixinə və funksiyasına nəzər salsaq, onların ülvi bir məqsədə - elmi biliklərin, məlumatların yayılmasına xidmət göstərdiyini öyrənmiş olarıq. Yaranma tarixi eramızdan əvvələ aid olan ensiklopedik əsərlər əslində elmin inkişafına uyğun olaraq təkmilləşib genişlənmişdir. Ensiklopediyalar xüsusilə Orta əsrlərdən sonra, maarifçiliyin genişlənməsi prosesi ilə daha çox yayılmağa başlamış, yayıldıqca da müasir dövrdə daşıdığı məzmun və mənaya yaxınlaşmışdır. 

Vaxtilə konkret bir sahəyə aid məlumat toplusu kimi tanınan bu nəşrlər hazırda bütün elm və əməli fəaliyyət sahələrinə dair sistemli və yığcam məlumat verən elmi və yaxud elmi-populyar nəşrlər kimi səciyyələndirilir. Müasir dövrdə ensiklopediyaların elmi biliklərin yayılmasındakı rolu, əhatə dairəsi və aktuallığı, hətta sahə ensiklopediyaları istiqamətində sürətlə genişlənməsi, zamanla yeni dövr texnologiyalarının inkişafına uyğunlaşaraq elektron versiyalar formatında öz funksiyasını qoruyub saxlaması bu nəşrlərin son dərəcə etibarlı, mükəmməl və mühüm mənbə kimi hələ də əhəmiyyətini itirmədiyini göstərir. 

Müasir ensiklopediyaların tarixinə bu kiçik ekskurs əlbəttə ki, təsadüfi deyil, çünki, elm cəmiyyətin və mədəniyyətin təməl sütunlarından biri kimi onu irəliyə aparmaq funksiyasını davam etdirdikcə, ensiklopediyalar da yeni biliklərin ötürülməsi və yayılması funksiyasını demək olar ki, paralel səkildə yerinə yetirib. Bəlkə də elə bu səbəbdən ensiklopediyalar mənsub olduqları xalqın mədəniyyətinin aynasına çevrilib. Ensiklopediya xalqın inkişaf səviyyəsinin, intellektual potensialının göstərici olduğundan hər bir dövlətin konstitusiyası kimi, onun ensiklopediyası da olmalıdır. Bu gün ensiklopediyalar mədəniyyətin bir atributuna çevrilsə də, dünyada heç də bütün xalqlar öz milli ensiklopediyalarını yaratmamış, bəlkə də yarada bilməmişdir. 

Tarixən ensiklopediyaların yaradıcıları elm və maarifçiliklə məşğul olan ayrı-ayrı şəxslər olub, ancaq müasir dövrdə, xüsusilə milli ensiklopediyaların yaradılması dövlət səviyyəsində həll edilən bir məsələyə çevrilib. Ümumiyyətlə, ensiklopediya yaratmaq erudisiya, yüksək elmilik, müxtəlif elm sahələrindən baş çıxara bilmək qabiliyyəti ilə yanaşı, düzgün təşkilatçılıq və qərar qəbul etmək bacarığı tələb edən mürəkkəb bir iş kimi xarakterizə edilir. Eyni zamanda həyatın, elmin, fəaliyyətin bütün sahələrini əhatə etdiyindən bir qayda olaraq, ensiklopediyaların nəşrə daxil edilən sahələr üzrə yüksək səviyyəli mütəxəssislərdən ibarət redaksiya heyətləri, qruplar və müəlliflərlə birlikdə hazırlanmasına üstünlük verilir. İstər universal, istər sahə ensiklopediyalarının yaradılmasında bu prinsiplər gözlənilir.

Azərbaycanda ensiklopediya nəşri sahəsində ilk təşəbbüslər XX əsrin 30-cu illərinə təsadüf etsə də, bu cəhdlər nəticəsiz qalmışdı. Nəhayət, 1965-ci ildə “Azərbaycan Sovet Ensiklopediyasının nəşri haqqında” qərarla respublikamızda ensiklopediya işinin əsası qoyuldu. Azərb. SSR EA-nın Rəyasət Heyəti yanında Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyası yaradıldı və Xalq şairi Rəsul Rza baş redaktor təyin edildi. Kollektivin və müəlliflərin gərgin əməyi sayəsində 1970-ci ildə nəşrin 1-ci cildi çapa hazırlandı, lakin cilddəki Azərbaycana dair tarixi xəritələr və məqalələr Böyük Sovet Ensiklopediyası rəhbərliyinin narazılığına və tənqidinə səbəb olduğundan kitabın çapına qadağa qoyuldu və 1975-ci ildə Rəsul Rza vəzifəsindən azad edildi. 

Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Cəmil Quliyevin rəhbərliyi altında 1976-1987-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının on cildi nəşr edildi. Bu universal ensiklopediyanın bütün cildlərindəki Azərbaycanla bağlı məqalələrdə yeri gəldikcə hələ də nəşr olunmamış “Azərbaycan SSR” xüsusi cildinə isnad verilməsinə baxmayaraq, bu cild nəşr edilməmişdi.

Nəhayət, dövlət müstəqilliyimizin bərpasından sonra müstəqil Azərbaycan Respublikasının tamamilə yeni bir yanaşma tələb edən Azərbaycan Milli Ensiklopediyasının yaradılması zərurəti meydana çıxdı. Latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldıqdan sonra ölkə rəhbərliyinin—ensiklopediyanın bir qurum kimi qorunub saxlanılmasında xüsusi rolu olan ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycan Respublikasının “Nəşriyyat işi haqqında” 2000-ci il 30 may tarixli qanunu və həmin qanunun 26-cı bəndindəki “Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının tarixi inkişaf mərhələlərini, milli-mənəvi sərvətlərini, həmçinin dünya elmi və mədəniyyətin nailiyyətlərini özündə əks etdirməklə yaradılan, büdcədən maliyyələşdirilən universal, milli, elmi müəssisədir. Azərbaycanın elmi və mədəni sərvətlərini özündə əks etdirən Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının milli sərvətidir” şəklində ifadə edildi. Bu qanun müstəqil Azərbaycanın yeni universal milli ensiklopediyasının nəşrinə zəmin yaratdı, eyni zamanda yaradılacaq ensiklopediyanın parametrlərini müəyyənləşdirdi. 

Milli ensiklopediyanın yaradılmasının bütün məsuliyyətini 2003-cü ilin oktyabrından ulu öndərin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz üzərinə götürdü. Möhtərəm Prezident fəaliyyətə başladıqdan cəmi bir neçə ay sonra “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncam verməklə bu nəşrin dövlət səviyyəsində əhəmiyyətini göstərmiş oldu. Tezliklə “Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə” də hazırlandı. Lakin 1990-cı ildən sonra təsərrüfat hesablı təşkilata çevrilən, strukturu dəyişdirilən və öz funksiyasını itirən ensiklopediya bu mühüm vəzifəni yerinə yetirə bilməzdi. Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə həmin bazada AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradıldı. Bununla da vəzifəsi müasir dünyanın dolğun elmi mənzərəsi ilə yanaşı, elmi dərketmənin üsullarını, onun anlayış və terminlər aparatını da əks etdirmək olan, Azərbaycançılıq ideologiyasının təməl prinsiplərinə əsaslanan milli nəşrə start verildi. Başlıcası, dövlət qayğısı ilə reallaşması nəzərdə tutulan bu mühüm nəşrə ölkə başçısı Prezident İlham Əliyev Redaksiya Heyətinin sədri kimi özü rəhbərlik edəcəkdi. Prezidentimizin bu addımı əlbəttə ki, Azərbaycan Milli Ensiklopediyasının yaradılmasına münasibətin ifadəsi idi. Azərbaycan Milli Ensiklopediyası millətin enerjisinin güc mənbəyi və onun stimullaşdırılması ilə birbaşa bağlı olan və etnik səfərbərliyə kömək edən mühüm amilə—etnik özünüdərkin formalaşmasına ciddi təsir göstərən bir nəşr kimi nəzərdə tutulurdu. Ensiklopediyada xalqımızın bəşəriyyət tarixi, mədəniyyəti, iqtisadiyyatı, elm və siyasətindəki yeri və rolu, respublikamızda bu sahələrdə çalışan ayrı-ayrı nümayəndələrin, həmçinin görkəmli azərbaycanlı mühacirlərin, mesenatların, neft sənayesi sahibkarlarının nailiyyətləri, Azərbaycanın öyrənilməsində mühüm rolu olan əcnəbi tədqiqatçıların əsərləri öz əksini tapmalı idi. Qoyulan tələblərdən biri də, işin obyektivlik və qərəzsizlik prinsipləri ilə, dəqiqləşdirilmiş faktlar və rəqəmlər əsasında təşkili idi.

Azərbaycan Milli Ensiklopediyasının nəşri bütövlükdə Azərbaycana həsr olunmuş xüsusi cildlə başlandı. Bu cilddə ölkə haqqında, onun inkişafının bütün mərhələləri barədə müfəssəl məlumat toplanmalı idi. Milli ensiklopediyanın xüsusi cildinin hazırlanması son dərəcə mürəkkəb bir proses idi, tariximiz, etnogenez və mədəniyyətimizlə bağlı müəyyən materialların təqdimatında həssaslıq və yüksək peşəkarlıq tələb olunurdu. Burada hər şey demək olar ki, sıfırdan başlayır, materialların əksəriyyəti ilk dəfə arxiv materialları əsasında təqdim edilirdi. Bu təqdimat lakonik üslubda, yəni ensiklopediya standartında əks olunmalı, məqalələr izahlara deyil, elmi faktlara əsaslanmalı idi. Çətinliklərə baxmayaraq, təxminən üç il ərzində istəyimizə nail olduq. Respublikamızın tanınmış ziyalıları, elm və sənət adamları, mütəxəssislərdən ibarət müəllif heyətinin səyi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi kollektivinin gərgin əməyi sayəsində “Azərbaycan” xüsusi cildi hazırlanaraq 2007-ci ilin noyabr ayında Almaniyada “Sigloch” nəşriyyatı tərəfindən yüksək poliqrafik səviyyədə nəşr edildi. Azərbaycan Milli Ensiklopediyası “Azərbaycan” xüsusi cildinin nəşri ilə bağlı Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin iclası 2008-ci ilin 23 yanvarında yüksək səviyyədə keçirildi. Azərbaycanın kütləvi informasiya vasitələri nəşrlə bağlı məlumatları böyük həvəslə yüksək səviyyədə işıqlandırdı. 

Azərbaycan Milli Ensiklopediyasının on il əvvəl etibarlı mənbə kimi oxucuların ixtiyarına verilən ilk nəşri “Azərbaycan” xüsusi cildi yüksək keyfiyyəti, funksionallıq və dizayn səviyyəsi ilə seçildiyi kimi, strukturuna görə də adi ensiklopediyadan köklü şəkildə fərqlənir. “Azərbaycan” xüsusi cildi Azərbaycan Milli Ensiklopediyasının milli koloritini tam şəkildə əks etdirir—kitab titul səhifəsindən dövlət himni, bayrağı, gerbi ilə başlayır. Nəşrdə Azərbaycan etnosunun təşəkkülü və inkişafı son dərəcə obyektiv əks olunmuş, onun başqa ölkələrlə əlaqələrinə böyük diqqət yetirilmişdir. 

Xüsusi cild ayrı-ayrı şəxsiyyətlərin deyil, bütövlükdə Azərbaycanın portretidir və burada Azərbaycan zəngin keçmişə malik, eyni zamanda özünün möhtəşəm gələcəyini qurmağa qadir bir dövlət kimi təqdim olunur, xalqımızın əsrlər boyu qazandığı nailiyyətləri elmi əsaslandırılmış şəkildə əks etdirir. “Azərbaycan” xüsusi cildində Cənubi Azərbaycanın “Gülüstan” müqaviləsindən sonrakı tarixi ilk dəfə olaraq, Azərbaycan tarixinin tərkib hissəsi kimi Şimali Azərbaycanın tarixi ilə paralel şəkildə təqdim olunur. Milli ensiklopediyanın cildlərində də bu istiqamət davam etdirilmişdir. 

“Azərbaycan” xüsusi cildi bizi Azərbaycançılıq milli ideologiyası ətrafında birləşməyə çağıran amal, məqsəddir. Bu, Azərbaycan haqqında indiyə qədər analoqu olmayan yeni və bitkin bir kitab, cəmiyyətimizin mənəvi və mədəni inkişaf tarixinin bir səhifəsi olmaqla yanaşı, Azərbaycan xalqının güclü genetik potensiala malik bir millət olduğunu və əsrlər boyu bu potensialı reallaşdıran zəka sahibləri yetişdirdiyini göstərən mənbədir. O, ilk növbədə, xalqımızı tarixi inkişaf yolunda onun mədəniyyətini yaradan simalarla fəxr etməyə, xüsusilə həyatımızın bugünkü mərhələsində bu qürur hissini möhkəmləndirməyə sövq edir. Biz fəxrlə deyə bilərik ki, ensiklopediyanın xüsusi cildi cəmiyyətimizin mənəvi və mədəni inkişaf tarixinin bir səhifəsi olmaqla yanaşı, mahiyyətinə görə milli ideologiyanın möhkəmləndirilməsinə xidmət edən sanballı elmi əsər və əbədi keçmişi əks etdirən əbədi kitabdır. Elə buna görə də biz bu nəşrin əhəmiyyətini nəzərə alaraq, növbəti addımı atdıq—universal nəşri hazırlamaqla yanaşı, xüsusi cildin rus dilinə tərcüməsi üzərində işlədik və kitab 2012-ci ildə Almaniyada çap edildi. 

Milli ensiklopediyanın əsas məziyyətlərindən biri də cildlərdə bu gün qonşu dövlətlərin ərazisində olan tarixi-etnik torpaqlarımız haqqında, həm də artıq mövcud olmayan şəhər və kəndlərimiz haqqında ilk dəfə məlumatların yer almasındadır. Müasir İran dövlətini (1935-ci ildən İran adı ilə; 1979, İran İslam Respublikası) tarixən və faktiki olaraq idarə etmiş Azərbaycan türklərinə mənsub sülalələr (Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar) haqqında geniş məlumatlar verilir. Milli ensiklopediyamızda Azərbaycan Xalq Cümhuriyyətinin dolğun və obyektiv tarixi və qurucularının fəaliyyəti, həmin dövrlərdə maarifçiliyin yayılmasında xüsusi rolu olan şəxsiyyətlər, ilk maarifçi-ziyalı qadınlarımız haqqında ensiklopedik xarakterli məlumatlar verilir. Həmçinin Azərbaycanın elmi intellektual potensialını göstərmək məqsədilə ilk dəfə olaraq elmlər doktorları, habelə Avropa və dünya, eləcə də Olimpiya çempionları haqqında məqalələr yer alır.

Artıq universal ensiklopediyanın yeddi cildi Almaniyada yüksək poliqrafik səviyyədə nəşr edilib, səkkizinci cild çapa hazırlanıb. Biz bu cildlərin nəşrində də klassik ensiklopediya nəşrinin tələb və prinsiplərinə əsaslanmışıq. Sözsüz ki, bu gün bizim beynəlxalq hüquqi normalar, müxtəlif xalqların ənənələri, mentaliteti və dini-mədəni əsasları, demokratiya və insan haqları prinsipləri, bir çox başqa şeylər haqqında kompleks bilgilərimiz olmalıdır. Bu funksiyanı müəyyən mənada universal (əlifba) ensiklopediya daşımalıdır. Beləliklə, xüsusi cild və universal ensiklopediyanın digər cildləri nəinki bir-birini tamamlamalı, həm də milli ideyanın və ideologiyanın əsasını təşkil etməlidir; bu isə gələcəyin proqnozudur. 

Qeyd etmək lazımdır ki, ensiklopediya yaradılması işində mövzu sözlüyünün hazırlanmasının xüsusi əhəmiyyəti var, çünki sözlüyün tərkibi ilk növbədə, nəşrin ideoloji yönümündən asılıdır. Mövzu sözlüyü redaksiya işinin istiqamətini səciyyələndirən müəyyən dünyagörüşün ifadəsidir. Universal ensiklopediyanın sözlüyü elmlərin təsnifatı ilə bağlı müasir təsəvvürləri özündə əks etdirməlidir. 

Ensiklopediyaya daxil edilən məqalələrin adları ensiklopediyanın tərtibinə yanaşma prinsiplərinin xarakterini göstərir. Xüsusi cilddə olduğu kimi, bu məqalələrin yazılmasında da əsas və başlıca prinsip yeni və etibarlı məlumat bazasının yaradılması, yeni anlayışların, materialların ölkəmizə və bütövlükdə dünyaya təsir etmiş radikal dəyişikliklər nəzərə alınmaqla toplanmasıdır. Eyni zamanda Azərbaycan haqqında, onun tarixi, elmi, incəsənəti, görkəmli nümayəndələri barədə mümkün qədər dolğun təsəvvür yaratmaq, materialın elmi cəhətdən əsaslandırılmış şəkildə təqdimatı ilə müxtəlif fəaliyyət sahələrində biliklərin artırılmasına və s. yardım etmək Azərbaycan Milli Ensiklopediyasının çoxfunksiyalı vəzifələrindəndir. 

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində 2012-ci ildə “Azərbaycan muğam ensiklopediyası” (redaksiya heyətinin sədri Mehriban xanım Əliyeva) nəşrə hazırlanaraq rus dilində çap olunmuşdur. 

Milli ensiklopediyada son illərdə görülən işlər ölkə başçısı tərəfindən yüksək qiymətləndirildi, Prezident İlham Əliyevin 25 iyul 2012-ci il tarixli sərəncamı ilə yeni bina tikilib ən müasir texniki avadanlıqla təchiz edildi. Möhtərəm Prezidentimizin iştirakı ilə 2014-cü ilin 5 mayında yeni binanın açılış mərasimi baş tutdu. Bu gün Azərbaycan Milli Ensiklopediyasının nəşr olunduğu bu elm məbədinə —yeni, möhtəşəm binaya xarici ölkələrdən gələn qonaqlar belə heyran qalırlar. 

Ölkə başçısı Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında 24 noyabr 2015-ci il tarixli sərəncam imzaladı və Milli ensiklopediyanın yubileyi yüksək səviyyədə keçirildi. Biz öz qüvvəmizlə bu illəri əks etdirən ən maraqlı eksponatlardan ibarət Ensiklopediya muzeyini yaratdıq. Dünyanın ən qədim ensiklopediyalardan birinin—alman ilahiyyatçısı Raban Mavrın 847-ci ildə yazdığı ensiklopediyanın 1022-ci ilə aid orijinala ən yaxın surətinin məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycana gətirilməsi və bu əsərin Ensiklopediya müzeyində qiymətli eksponat kimi yer alması əlbəttə ki, dövlət başçısının respublikamızda ensiklopediya işinə, maarifçiliyə verdiyi yüksək dəyərdir.

Milli ensiklopediyamızın nəşri, onun dəyəri həm də maarfçilik missiyası daşımasındadır. Bu nəşr dövlət başçısı Prezident İlham Əliyevin maarifçiliyin genişləndirilməsi istiqamətində mühüm və uğurli layihələrindən biridir. Rusiya kimi bir dövlətdə buraxılan ensiklopediyanın özü-özünü maliyələşdirməsini nəzərə alsaq, dövlət dəstəyi olmadan bu mühüm nəşrin uğurlu şəkildə reallaşmasının nə qədər çətin olduğunu təsəvvür etmək olar... Möhtərəm Prezidentimiz İlham Əliyevə bu mühüm nəşrin həyata keçməsinə göstərdiyi dövlət qayğısına, həmçinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin kollektivinə olan böyük diqqətə görə minnətdarıq. Bu fikri eyni zamanda kollektivin işinə verdiyi dəyərə görə də söyləmək olar Azərbaycan Milli Ensiklopediyasının yaranmasının 50 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin 23 dekabr 2015-ci il tarixli sərəncamı ilə ensiklopediya kollektivi üzvlərinin əməyi yüksək səviyyədə qiymətləndirilərək 28 nəfər orden və medallarla təltif edildi, fəxri adlara layiq görüldü. 

Bir nəşr növü kimi, ensiklopediyalar təbliğat vasitəsi olmayıb və bu gün də deyil. Bunlar qeyd etdiyimiz kimi soraq, məlumat xarakterli nəşr kimi insanları informasiya ilə təmin edir və eyni zamanda insanlara bu informasiyadan istifadə etməkdə yardım edir. Artıq üç yüz ildir ki, ensiklopediyanın sisvilizasiyayönlü missiyasını onun bəşəriyyət tərəfindən toplanmış biliklərin saxlanc yeri olması təşkil edir. Kütləvi tirajla buraxılan bu nəşrin kitabxana variantının 170 min nüsxəsinin respublikamızın nazirlik, komitə, ali və orta məktəblər daxil olmaqla bütün təhsil müəssisələrinin kitabxanalarına təmənnasız paylanması Azərbaycanda dövlət rəhbərliyinin ensiklopediyanın sivilizasiyayönlü missiyasından ölkə vətəndaşları başda olmaqla hər kəsin faydalanmasını nəzərdə tutduğunu göstərir. 

Bu illər ərzində qazanılan təcrübə, həmçinin çapdan çıxmış cildlərimiz bizə bu vaxtın olduqca səmərəli keçdiyini, dövlət tərəfindən rəhbərliyin və ensiklopediya kollektivinin qarşısına qoyulan tapşırığı yerinə yetirərək başlıca məqsədə nail olduğunu əminliklə söyləməyə əsas verir. Biz indiyə qədər bütün fəaliyyətimizi Redaksiya Heyətinin sədri Prezident İlham Əliyevin rəhbərliyi altında, onun tövsiyə və göstərişləri istiqamətində qurmaqla qarşımıza qoyulan vəzifənin öhdəsindən gəldiyimiz kimi 11 aprel Prezident seçkilərindən sonra da məhz onun rəhbərliyi altında milli ensiklopediyanın növbəti cildlərini nəşr edəcəyimizə əminik.

Tofiq Nağıyev, akademik, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, Dövlət mükafatı laureatı

"Respublika" qəzeti, 28 mart 2018-ci il

http://science.gov.az/news/open/7640