XƏBƏRLƏR
3143 Arxiv

2018.03.15

AMEA veteranları Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər

AMEA-nın Əsas binasında bu qurumun Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti iclası keçirilib.

Akademiyanın elmi müəssisə və təşkilatlarının veteran şuralarının sədrlərinin iştirak etdiyi tədbiri BVŞ-nin sədr müavini Eldar Quliyev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

E.Quliyev aprelin 11-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçiriləcəyini xatırladıb və veteranların seçkilərdə mütəşəkkil şəkildə iştirakının vacibliyini vurğulayıb. Qeyd edib ki, bu gün ölkə başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, eləcə də iqtisadi islahatlar nəticəsində Azərbaycan dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevrilib. O, ölkəmizdə xalqla rəhbər birliyinin təmin edildiyini və seçkilərdə ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirib. 

Sonra BVŞ-nin sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov çıxış edərək akademiyada Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı keçirilən toplantını xatırladıb və alimlərimizin yekdilliklə İlham Əliyevin namizədliyini dəstəklədiklərini söyləyib. R.Qasımov bu gün ölkəmizdə siyasi, iqtisadi, elmi, mədəni sahədə bir çox uğurların əldə edildiyini, ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunduğunu vurğulayıb. Alim ölkəmizin ABŞ, Rusiya və Avropa ölkələri ilə əlaqələrinin müsbət olduğunu və bu uğurun kökündə İlham Əliyevin dayandığını bildirib.

O, AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan gənc əməkdaşlarla tərbiyəvi söhbətlərin aparılması, onlarda vətənpərvərlik ruhunun aşılanması və gücləndirilməsi, eləcə də gənclərin prezident seçkilərində aktiv şəkildə iştiraka təşviqi barədə şuraların sədrlərinə tapşırıq verib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin seçkilərində İlham Əliyevin namizədliyinin yekdilliklə dəstəklənməsi barədə qərar qəbul olunub.

İclasın gündəliyində duran növbəti məsələ isə AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan veteranların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara güzəştlərin edilməsi və müavinətlərin ödənilməsi, həmçinin tibb müəssisələrinə göndərişlər barədə olub.

Məsələ ilə bağlı çıxış edən Eldar Quliyev elmi müəssisə və təşkilatların göndərişləri əsasında yardım göstəriləcək veteranların siyahısının hazırlandığını deyib. O, 25 elmi müəssisə və təşkilatdan 50 veterana birdəfəlik müavinətin ödəniləcəyini, 19 elmi müəssisə və təşkilatdan 39 veterana yemək güzəştinin ediləcəyini, 18 müəssisə və təşkilatdan 34 nəfərin isə tibb müəssisələrinə göndəriləcəyini diqqətə çatdırıb.

İclasda, həmçinin cari ildə AMEA-nın elmi müəssisə və təşkilatlarında veteran şuralarına, eyni zamanda may ayında Birləşmiş Veteranlar Şurasının sədrliyinə də seçkilərin keçiriləcəyi bildirilib.

Sonda iclasda bir sıra cari məsələlər müzakirə olunub.

http://science.gov.az/news/open/7597