2018.03.06
Elmin İnkişafı Fondu Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq edəcək
Martın 6-da Kənd Təsərrüfatı Nazirliyində bu qurumla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu arasında əməkdaşlıq protokolu imzalanıb. Protokolu Kənd Təsərrüfatı naziri Heydər Əsədov və Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev imzalayıb.
Məqsəd kənd təsərrüfatı sahəsində elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin qrant şəklində ünvanlı maliyyələşdirilməsinə, alimlərin, o cümlədən gənc tədqiqatçı və mütəxəssislərin aqrar elmlər sahəsində elmi fəaliyyətinin stimullaşdırılmasına birgə dəstək göstərilməsi və müvafiq tədbirlərin həyata keçirilməsidir.
İmzalanma mərasimində çıxış edən H.Əsədov ölkədə kənd təsərrüfatı sahəsində aparılan islahatlardan, aqrar tədqiqatların səviyyəsindən, Elmin İnkişafı Fondu ilə əməkdaşlığın perspektivlərindən ətraflı danışıb. Nazir müvafiq qurumların rəhbərlərinə tapşırıq, tövsiyə və təkliflərini verib, aqrar elmi tədqiqatlar sahəsində fəallığın daha da artırılmasının, beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruri olduğunu qeyd edib.
Fondun icraçı direktoru Elçin Babayev isə qeyd edib ki, ölkədə kənd təsərrüfatı sahəsinin davamlı inkişafı, ərzaq və qida təhlükəsizliyinin təmin olunması, ixrac potensialının artırılması istiqamətində əməli tədbirlər görülür. O, kənd təsərrüfatına dövlət dəstəyinin həcminin ildən-ilə artdığını, subsidiyaların verildiyini, fermerlərin lazımi texnika ilə təmin edildiyini, dövlət proqramlarının qəbul olunduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda Elmin İnkişafı Fondunun qrant layihələri çərçivəsində nəşr edilmiş kitablar nazirliyin kitabxanasına təqdim edilib.
http://science.gov.az/news/open/7537