XƏBƏRLƏR
3100 Arxiv

2018.02.21

AMEA prezidenti doktoranturaya qəbul üzrə imtahan prosesi ilə tanış olub

Fevralın 21-də Mərkəzi Elmi Kitabxanada  2017-2018-ci il üzrə AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru üzrə doktoranturaya qəbul imtahanı keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və imtahanların qəbulu məqsədilə yaradılmış komissiya imtahanın gedişatı ilə tanış olublar. Komissiyanın sədri AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri – fəlsəfə üzrə elmlər doktorları Əbülhəsən Abbasov, Fərman İsmayılovdur.

Öncə akademik Akif Əlizadə elmi tədqiqatçılarla tanış olaraq onlara imtahanda uğurlar arzulayıb. Alim bu gənclərin gələcəkdə AMEA-nın yüksəkixtisaslı, peşəkar kadrlarına çevriləcəyinə əminliyini ifadə edib. Hər birinə elmi mühitdən yararlanmağı tövsiyyə edib, onlara hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib. 

AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev imtahanda iştirak edən tədqiqatçılara elmi fəaliyyətlərinə dair tövsiyyələrini verib. Bildirib ki, gənclərin hər biri araşdırma apardığı sahəyə müvafiq olaraq AMEA-nın müvafiq institut və təşkilatlarında öz fəaliyyətlərini davam etdirə bilərlər.

Qeyd edək ki, doktoranturaya qəbul imtahanları AMEA üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilib. Cari ildə fəlsəfə doktoru üzrə doktoranturaya 115 yer ayrılıb. 19-21 fevral 2018-ci il tarixlərini əhatə edən imtahanlarda ümumilikdə 187 nəfər iştirak edib.

http://science.gov.az/news/open/7447