XƏBƏRLƏR
3593 Arxiv

2018.02.16

AMEA Zoologiya İnstitutunun əməkdaşları Rusiya Elmlər Akademiyası Zoologiya İnstititunda ezamiyyətdə olublar

AMEA Zoologiya İnstitutunun “Quru onurğasızları” laboratoriyasının kiçik elmi işçisi Nigar Yusifova və İctimaiyyətlə əlaqələr şöbəsinin baş laborantı Hamyə Tahirova 2-9 fevral 2018-ci il tarixlərində Sankt-Peterburq şəhərində yerləşən Rusiya Elmlər Akademiyası Zoologiya İnstititunda ezamiyyətdə olublar.

N.Yusifova Sankt-Peterburq Dövlət Universitetinin “Biologiya və Torpaq Elmləri” fakültəsinin aparıcıelmi işçisi, Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutunun Kariosistematika şöbəsinin (Department of Caryosystematics) böyük elmi işçisi Vladimir Luxtanov ilə Talış bölgəsinin gündüz kəpənəklərinin DNT barkodlaşdırılması (DNA Barcoding) haqqında müzakirələr  aparıblar.

H.Tahirova isə Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutu “Dəniz tədqiqatları” laboratoriyasının baş elmi işçisi, quru və şirin su molyusklarının kolleksiya kuratoru Pavel Kiyaşkonun rəhbərliyi altında quru molyusklarının müasir təsnifatı, onların yayılma arealları mövzusunda kurs keçmiş, həmçinin onların müasir metodlarla təyin olunması ilə bağlı təcrübələr qoymuş və kolleksiyada saxlanılma üsullarını mənimsəmişdir.

N.Yusifova və H.Tahirova REA Zoologiya İnstitutunun muzeyində buzlaşma dövründən qalmış mamontların, həmçinin heyvanlar aləminin müxtəlif qruplarına aid olan növlərin ekspanatları ilə tanış olublar.

Səfər zamanı institut əməkdaşları Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının tabeliyində olan “Rıbaçiy” Bioloji Stansiyasının direktoru Nikita Çernetsov, “Həşəratların sistematikası” laboratoriyasının müdiri, biologiya elmləri doktoru Sergey Sinyov, biologiya elmləri doktoru, professor Kirill Qalaktionov, biologiya elmləri namizədi İqor Danilov ilə görüşlər keçiriliblər. Görüşlər zamanı AMEA Zoologiya İnstitutunun gənc mütəxəssisləri ilə gələcəkdə birgə işlərin görülməsinə dair fikir mübadiləsi aparılıb.