XƏBƏRLƏR
3479 Arxiv

2015.11.02

Alimimiz mötəbər beynəlxalq konfransda iştirak etmişdir

19-21 oktyabr 2015-ci il tarixində Sindao şəhərində (Çin Xalq Respublikası) infuzorların biomüxtəlifliyi üzrə IV Beynəlxalq simpozium keçirilmişdir. Bu tədbirin sponsoru Beynəlxalq elmi-tədqiqat əlaqələndirmə (koordinasiya) komissiyası (IRCN-BC) idi ki, bu komissiyanın əsas aparıcı qüvvələri ABŞ və ÇXR-dır. Qeyd etmək lazımdır ki, işləribeynəlxalq səviyyədə tanınan 20 mütəxəssisin, o cümlədən AMEA Zoologiya institutunun direktoru, müxbir üzv, protozooloq İlham Ələkbərovun da bu tədbirdə iştrakı bütünlükdə IRCN tərəfindən maliyyələşdirilmişdir.

Çin Elmlər Akademiyasının Okeanologiya institutunda keçirilən Simpoziummüasir tendensiyalar və gələcək tədqiqatlar zamanı beynəlxalq səviyyədə əməkdaşlığa həsr edilmişdir. Tədbir zamanı ABŞ, Böyük Britaniya, Rusiya, Ukrayna və Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən olan 50-dən çox məruzəçinin çıxışı dinlənilmişdir.

Ölkəmizi təmsil edən professor İlham Ələkbərov məruzəsində Azərbaycanda siliatologiya sahəsində əldə olunan uğurlardan və gələçək əməkdaşlıq zamanı yerinə yetiriləcək tədqiqat istiqamətləri haqqında məlumat vermişdir. İ.Ələkbərovun məruzəsinin müzakirəsindən sonraÇXR-nın ixtisasçıları ilə birlikdə biomüxtəlifliyin öyrənilməsi üzrə birgə əməkdaşlıq mövzuları qeyd edilmişdir. Bundan başqa, dünyanın aparıcı siliatoloqu olan, amerikalı professor Denis Linn elm üçün ilk dəfə olaraq Azərbaycanda tapılmış və təsvir edilmiş bəzi növlərin molekulyar səviyyədə öyrənilməsi üzrə birgə əməkdaşlıq etmək təklif etmişdir.

Sonra İ.Ələkbərov Protozoologiya laboratoriyasına dəvət edilmişdir.Burada Azərbaycanda və Çində tədbiq edilən tədqiqat metodları nümayiş etdirilərək müzakirə edilmişdir. Çinli protozooloqlar Azərbaycanda işlənmiş və tədbiq edilən sitoloji tədqiqat metodlarını böyük maraqla qarşılamış və qeyd etmişlər ki, bu tədqiqat metodları bəzi hallarda onların istifadə etdiyi metodlardan daha asan və effektivdir.

Növbəti simpoziumun Quam adasında (ABŞ) keçirilməsi nəzərdə tutulur.