2018.02.07
Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub
Fevralın 5-də Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.
Dövlət və hökumət rəsmlərinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə çıxış edən Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək dahi bəstəkarın 100 illiyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini bildirib.
Dahi bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verən Elçin Əfəndiyev deyib ki, Qara Qarayev bütün yaradıcılığı boyu ayrı-ayrı klassiklərə müraciət edib. Nizami mövzusu isə bəstəkarın hələ gənclik illərində xor üçün yazdığı “Payız”dan tutmuş “Leyli və Məcnun” simfonik poemasına, “Yeddi gözəl” baletinə, “Nizami” filminə bəstələdiyi musiqiyədək onun yaradıcılığının ana xəttini təşkil edib. Onun müraciət etdiyi digər böyük bəşəri simalar sırasında Ömər Xəyyam, Şekspir, Servantes, Löpe de Veqa, Puşkin, Lermontov, Fransisko Qoya, Merime, Edmon Rostan, Cəlil Məmmədquluzadə və başqaları var.
Qara Qarayev yaradıcılığında Şekspir mövzularını da yada salan Baş nazirin müavini bildirib ki, bəstəkarın musiqisində Şekspir qəhrəmanlarının mürəkkəb və ziddiyyətli daxili aləmləri bərabər səviyyədə öz ifadəsini tapıb.
Bəstəkarın hələ yeniyetmə çağlarında Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəylidən öyrəndiyini, sonralar Dmitri Şostakoviçin sinfində təhsil aldığını bildirən Xalq yazıçısı deyib ki, Qarayev sinfinin yetirmələri ondan aldıqları sənət estafetini sonrakı nəsillərə ötürüblər və ötürürlər. Həmin sənət estafeti nəsillərdən-nəsillərə keçərək, daha artıq bəşəri vüsət əldə edir.
Baş nazirin müavini çıxışının sonunda ulu öndər Heydər Əliyevin qoyduğu ənənələri layiqincə davam etdirərək Qara Qarayevin 100 illiyi münasibətilə xüsusi Sərəncam imzalayan Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Yubiley mərasimində Əməkdar incəsənət xadimi Elşad Bağırovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Konsertdə Qara Qarayevin klassik Süita (4 hissədə), 2 saylı Simfoniya, violin və simfonik orkestr üçün Konsert (3 hissədə) və Simfonik orkestr və xor üçün “Qoya” simfoniyası (3 hissədə) səsləndirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə və AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev də iştirak ediblər.
http://science.gov.az/news/open/7331