XƏBƏRLƏR
3242 Arxiv

2018.01.24

AMEA prezidenti Genetik Ehtiyatlar İnstitutunda magistrantların imtahan prosesi ilə tanış olub

Yanvarın 23-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə magistrantların imtahan prosesi ilə tanış olmaq məqsədilə Genetik Ehtiyatlar İnstitutunda olub. Genetik Ehtiyatlar İnstitutu və Azərbaycan Dövlət Aqrar Universitetinin “Genetika” ixtisası üzrə təhsil alan magistrantları “Molekulyar biometodlar” fənnindən imtahan veriblər.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov rəhbərlik etdiyi müəssisənin akademiyada magistratura pilləsi yaradılan ilk 7 institutdan biri olduğunu və burada qısa müddət ərzində 3 ixtisas üzrə kadr hazırlığına başlanıldığını bildirib. Qeyd edib ki, müəssisədə tədris dünyanın tanınmış universitetlərinin proqramları əsasında hazırlanıb və müasir texnologiyaların imkanlarından istifadə etməklə keçirilir.

Z.Əkpərovun sözlərinə görə, institutda mütəmadi olaraq xarici alimlərin iştirakı ilə seminar və vebinarlar təşkil olunur. Magistrantlar və doktorantlar onlayn təhsil imkanlarından yararlanırlar. Həmçinin 2017-ci ildən müəssisənin bir qrup gənc tədqiqatçısı və magistrantı Moskva Dövlət Universitetinin təşkil etdiyi onlayn kurslarda iştirak edirlər. İnstitutda Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin baza kafedraları da fəaliyyət göstərir.

Akademik A.Əlizadə magistrantlarla fərdi müzakirələr aparıb, onların dissertasiya mövzuları, tədris şəraiti ilə maraqlanıb. Alim AMEA-da magistratura pilləsinin təşkilinin əhəmiyyətini bir daha nəzərə çatdıraraq, gəncləri onlar üçün yaradılmış elmi mühitdən yararlanmağa, akademik biliklər əldə etməyə çağırıb. Akademik A.Əlizadə rəhbərlik etdiyi elm ocağında fəaliyyət göstərən gəncləri hər zaman dəstəkləməyə hazır olduğunu qeyd edib. AMEA-nın prezidenti institutda aparılan tədqiqatlar haqqında məlumatlı olduğunu bildirərək, nar genomunun ilk dəfə oxunması və dünyanın nüfuzlu məlumat bazalarından birində yerləşdirilməsini Azərbaycan elmi üçün mühüm nailiyyət kimi qiymətləndirib. O, nar genomu üzrə alınan nəticələr, o cümlədən, genom sahəsində dünyada aparılan son tədqiqatlar barədə magistr və doktorantlara mütəmadi məlumatların verilməsi üçün elmi seminarların təşkil olunmasını tövsiyə edib. Akademik A.Əlizadə institutda təhsil sahəsində, xüsusilə magistratura təhsili üzrə görülən işləri yüksək qiymətləndirib, onun daha da təkmilləşdirilməsi üçün tövsiyələrini verib.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa SadıqovMagistratura şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak ediblər.

http://science.gov.az/news/open/7251