XƏBƏRLƏR
3045 Arxiv

2018.01.24

İkinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) 2017-ci il martın 16-da elan edilmiş ikinci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

Müsabiqə 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” dördtərəfli beynəlxalq Sazişin müddəaları nəzərə alınmaqla keçirilib. Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli layihələr və yüz min manatadək maliyyə həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur. Müsabiqədə iştirak üçün layihələr ötən il martın 17-dən mayın 15-dək qəbul olunub. Müsabiqəyə layihələr EİF-in yaratdığı “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilib.

Müsabiqədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi qaydada iştirak ediblər. İkinci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi bir milyon manat olmaqla 15 qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) xeyli yüksək (55.5 faiz) olub.

Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın seçimi zamanı üstünlük verilib. Müsabiqə üzrə qalib layihələr AMEA-nın FizikaPolimer MateriallarıAşqarlar KimyasıKataliz və Qeyri-üzvi KimyaBotanikaFiziologiyaMikrobiologiyaİqtisadiyyat və Tarix institutlarında, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində, həmçinin Azərbaycan Dövlət Neft Şirkətində yerinə yetiriləcək. Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir. Fizika-riyaziyyat və texnika elmləri üzrə yeddi layihə, kimya elmləri üzrə iki layihə, biologiya, tibb və aqrar elmləri üzrə üç layihə, humanitar və ictimai elmlər üzrə isə üç layihə qalib olub. Qalib layihə rəhbərlərindən altısı qadındır.

Qalib layihələr 2018-ci ildən başlayaraq maliyyələşdiriləcək.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

http://science.gov.az/news/open/7247