XƏBƏRLƏR
2956 Arxiv

2018.01.22

AMEA-nın magistratura pilləsinə qəbul imtahanının vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaxın aylar ərzində keçirilməsi nəzərdə tutulan, ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanlarının, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinin, ümumi orta (9 illik) təhsil bazasında təhsil alanların buraxılış imtahanlarının birinci mərhələsinin, sınaq imtahanlarının tarixləri müəyyənləşdirilib.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 25-də, rezidenturaya qəbulun birinci mərhələsi isə aprelin 1-də keçiriləcək.

Yanvarın 19-da və 27-də rezidenturaya qəbul olunmaq istəyənlər üçün elektron sınaq imtahanı (baza fənləri üzrə), fevralın 4-də isə magistraturaya qəbul olunmaq istəyənlər üçün kağızdaşıyıcılar vasitəsilə sınaq imtahanı (I mərhələ üzrə) keçiriləcək.

Qeyd edək ki, DİM tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyənləşdirildikdən sonra KİV-lərdə məlumat veriləcək və Mərkəzin saytının “Təqvim” bölməsinə əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi izləmək tövsiyə olunur.

http://science.gov.az/news/open/7211