XƏBƏRLƏR
3516 Arxiv

2015.06.14

ƏMƏKDAŞIMIZ ALMANİYADA İXTİSASARTIRMA KURSUNU KEÇMİŞDİR

14.06.2015 - 11.07.2015 tarixində AMEA Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, “Su heyvanlarının parazitləri” laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Fuad Rzayev Almaniyada (Hamburg, Berlin, Leypsiq şəhərləri) “Səhiyyədə iqtisadi kooperasiya” mövzusunda tədris-təcrübə kursu keçmişdir. O, Almaniyada səhiyyənin strukturu, onun idarə olunması ilə yanaşı, tibb və biologiyada elmi tədqiqatların yerinə yetirilməsində istifadə olunan yeni və müasir optik avadanlıq və cihazların quruluşu, üstünlükləri, imkanları və iş prinsiplərini öyrənmişdir. Nəzəri dərslər Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) sifarişi əsasında Akademie İnternational tədris mərkəzinin dəvət etdiyi yüksək ixtisaslı lektorlar tərəfindən aparılmışdır. F.Rzayev Almaniyada tibbi, bioloji cihaz və avadanlıqların istehsalı ilə məşğul olan və dünya bazarında özünəməxsus çəkisi olan brendlərin (Philips Medical Systems, Olympus Surgical Technologies Europe, Karl Storz GmbH & Co. KG, Carl Zeiss Meditec AG, Drager və s.) zavodlarında olmuş və istehsalatla birbaşa yaxından tanış olmaqla yanaşı mütəxəssislərlə də informasiya mübadiləsi aparmışdır. Həmin avadanlıqların əyani olaraq necə işləməsinin isə bütün Avropada məşhur olan iri özəl və dövlət klinikaları ilə (Helios Endo-Klinik Hamburg, Asklepios Barmbek, Eppendorf & UKE Consult und Management GmbH, Medical Park Berlin Humboldtmuhle GmbH & Co.KG, St . Elisabeth-Krankenhaus Leipzig, Medica Klinik Leipzig və s.) tanış olarkən şahidi olmuşdur. Kursun sonunda test üsulu ilə imtahan verərək beynəlxalq sertifikatla təltif olunmuşdur.