XƏBƏRLƏR
3187 Arxiv

2017.12.26

Akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub

Dekabrın 22-də AMEA-nın Əsas binasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun təşkilatçılığı ilə görkəmli alim, ictimai-siyasi dövlət xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan “Həsən Əliyev-110: torpaqşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı işə başlayıb.

Öncə konfrans iştirakçıları Fəxri Xiyabanda akademiklər Həsən Əliyev və Rəfiqə Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov konfransın Prezident İlham Əliyevin "Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Akademik Həsən Əliyevin həyat və yaradıcılığından danışan natiq qeyd edib ki, görkəmli alimin ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin inkişafında, bir sıra yeni elmi istiqamətlərin bugünkü vəziyyətinin müəyyənləşməsində müstəsna xidmətləri olub.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov görkəmli alimlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, respublikanın hər bölgəsini qarış-qarış gəzən Həsən Əliyev Vətənə, torpağa, xalqa bağlı insan olub, ömrünü Azərbaycan elminin inkişafına, əsasən təbiətin, ətraf mühitin qorunmasına həsr edib.

Təbirdə Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Həsən Əliyevin elmi yaradıcılığı müasir dövrdə dünyanın ən mühüm qlobal məsələsi olan təbiətin bütövlüyünün qorunmasına və bioloji müxtəlifliyin mühafizə olunmasına həsr edilib. O, insan müdaxiləsi nəticəsində təbiətdə baş verən mənfi prosesləri müəyyən edib, onların qarşısının alınması üçün təxirəsalınmaz təbirlərin görülməsi məqsədilə həyəcanını bəyan edib.

"Akademik Həsən Əliyevin zəngin elmi yaradıcılıq yolu" mövzusunda məruzə ilə çıxış edən AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov görkəmli alimin təbiətşünaslıq elmində, eləcə də ətraf mühitin mühafizəsi sahəsində xidmətlərindən danışıb. Həsən Əliyevin 1953-cü ildə rus dilində işıq üzü görmüş "Azərbaycan SSR-nin torpaqları" monoqrafiyasının əsas müəlliflərindən və məsul redaktorlarından biri olduğunu deyən natiq bildirib ki, kitabda respublikada torpaq əmələgəlmə şəraiti dərindən təhlil edilib, ilk dəfə bütün toksonomik torpaq vahidlərinin hərtərəfli elmi təhlili verilib.

Məruzəçi vurğulayıb ki, H.Əliyev bir sıra qurumlara rəhbərlik etdiyi müddətdə ciddi ictimai və pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, elmi potensialından da səmərəli istifadə edib, tədqiqatlarını uğurla həyata keçirib. Qeyd edib ki, torpaqşünaslıq elminin elmi-nəzəri və praktiki problemlərini incəliklərinə kimi bilən alim, torpaq coğrafiyasını torpaqşünaslığın ən mühüm sahəsi kimi qiymətləndirib. Q.Məmmədov bildirib ki, akademik Həsən Əliyev respublikanı qarış-qarış gəzib onun gözəlliklərini lentə köçürərək dünyanın bir sıra ölkələrinə səfərləri zamanı nümayiş etdirib. Bununla o, insanlarda təbiətə məhəbbət hissini aşılayıb.

Akademik Həsən Əliyevin sadə, zəhmətsevər, yüksək və həssas duyuma malik ziyalı olduğunu deyən natiq alimlə bağlı xatirələrini də bölüşüb.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin "Akademik Həsən Əliyevlə bağlı xatirələr" adlı məruzəsi dinlənilib. Akademikin həyat və elmi fəaliyyətindən danışan natiq onun vətənpərvər, qayğıkeş, həssas bir alim olduğunu, hər zaman insanlara təbiətə sevgi hissləri aşıladığını söyləyib.

Ə.Quliyev bildirib ki, alim 1952-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib, 1974-cü ildə Azərbaycan Respublikası Əməkdar elm xadimi, 1978-ci ildə Azərbaycan Dövlət Mükafatı laureatı olub. Ə.Quliyev görkəmli alimin 1944-1949-cu illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışdığını xatırladıb. Akademik Həsən Əliyevin institutun inkişafındakı xidmətlərindən danışıb, xatirələrini bölüşüb.

Sonra AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, aqrar üzrə fəlsəfə doktoru Ənvər Əliyev "Akademik Həsən Əliyev mənim xatirələrimdə" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, sadəliyi ilə fərqlənən akademik Həsən Əliyev mənəvi saflığa, aydın təfəkkürə, geniş dünyagörüşə malik idi.

Ə.Əliyev görkəmli alimin Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinə sədrliyini də xüsusi qeyd edib. Vurğulayıb ki, o zaman Azərbaycanda bu sahədə aidiyyati dövlət qurumunun fəaliyyət göstərməsinə baxmayaraq, bölgələrdə cəmiyyəti daha çox tanıyırdılar, təşkilatın çağırışlarına əməl edirdilər.

Natiq Həsən Əliyevin novator alim olduğunu, 1972-ci ildə Xəzər dənizinin açıq hissəsində tərpənməz özül üzərində dünyada ilk dəfə dəniz rəsədxanasının yaradılmasının və 25 il fəaliyyət göstərməsinin onun xidmətlərinin nəticəsi olduğunu söyləyib.

İclasda Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyasının müdiri, akademik Məhərrəm Babayev, Bakı Dövlət Universitetinin Coğrafi ekologiya kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Allahverdi Dolxanov və digərləri çıxış edərək akademik Həsən Əliyevin həyat və elmi fəaliyyətindən danışıblar, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Sonra çıxış edən mərhum akademikin oğlu Əməkdar memar Rasim Əliyev atası ilə bağlı xatirələrini bölüşüb. O, elmi konfransın təşkilinə görə ailəsi adından AMEA rəhbərliyinə, həmçinin tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.

Tədbir "Ümumi torpaqşünaslıq", "Torpaqların aqroekoloji problemləri, səmərəli istifadəsi, kadastrı və qiymətləndirilməsi" "Aqrokimya və torpaq münbitliyi", "Torpaqların meliorasiyası, rekultivasiyasi, mühafizəsi və eroziyası" mövzusunda seksiya iclasları ilə davam edib.

Konfransa dekabrın 23-də yekun vurulacaq.

http://science.gov.az/news/open/7075