XƏBƏRLƏR
3161 Arxiv

2017.12.25

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanova 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib.

Sonra akademik Akif Əlizadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında neft sənayesi işçilərinin təltif edilməsi haqqında" və "Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında" sərəncamlardan danışıb. Bildirib ki, ölkə başçısının 7 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə bir qrup elm adamının dövlət mükafatları ilə, 27 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən isə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif ediliblər. Akademik Akif Əlizadə Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı haqqında da danışıb. Komissiyanın 2018-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulunu elan etdiyini vurğulayan natiq diqqətə çatdırıb ki, müvafiq sənəd və materialların Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanaraq gələn ilin aprel ayının 1-dək Komissiyaya təqdim edilməlidir.

Daha sonra iclasda elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında məlumat verib. Akademik vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyev 1978-ci ildə Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili statusunda yer almasına nail olub. Müstəqillik illərində Azərbaycan dilini daha da inkişaf etdirmək və zənginləşdirmək, qloballaşma şəraitində ana dilindən istifadənin imkanlarını genişləndirmək istiqamətlərində dövlət səviyyəsində mühüm addımlar atıldığını söyləyən akademik Prezident İlham Əliyevin sərəncamlarının ana dilimizin saflığının qorunmasına, dilimizin daxili imkanları hesabına inkişaf etdirilməsinə şərait yaratdığını diqqətə çatdırıb.

Məsələ dinlənildikdən sonra Humanitar Elmlər Bölməsinə Nəsimi adına Dilçilik İnstitutu və aidiyyəti dövlət qurumları ilə birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planının layihəsini hazırlayıb AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi qərara alınıb.

Gündəlikdəki növbəti məsələ bir sıra hüquqi şəxslərin "AMEA Yüksək Texnologiyalar Parkı" (YT Park) MMC-nin rezidenti kimi qeydiyyata alınması ilə bağlı olub. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, AMEA-nın YT Parkın Ekspertlər Şurasının iclasında "EPC Group" MMC və "DN TECHNOLOGİES" MMC-nin təqdimatlarına baxılıb və gizli səsvermə yolu ilə qeyd olunan hüquqi şəxslərin YT Parkın rezidenti olmaları barədə müvafiq qərar qəbul edilib. Rəyasət Heyəti adı çəkilən qurumların rezident kimi qeydiyyata alınmalarına dair protokolu təsdiq edib.

Müzakirəyə çıxarılan növbəti məsələ "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın AMEA-nın icraçısı olduğu tədbirlərin yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planı haqqında olub. Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, ölkə başçısı İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş proqramın əsas məqsədi kənd təsərrüfatının prioritet istiqamətlərindən olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilmiş işlərin həyata keçirilməsindən ibarətdir. Natiq sənədin həyata keçirilməsinə dair tədbirlər planında digər təşkilatlarla yanaşı, AMEA-nın da qarşısında mühüm vəzifələr qoyulduğunu vurğulayıb. Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq proqramın icrası üzrə Tədbirlər Planını təsdiq edib. Həmçinin görülən işlərin hesabatının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunması qərara alınıb, AMEA-nın daxilində, eləcə də Akademiya ilə digər icraçı təşkilatlar arasında əlaqələndirmənin təmin edilməsi məqsədilə işçi qrupu yaradılıb.

İclasda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyinin keçirilməsinə dair Tədbirlər planının təsdiqi, AMEA-nın İşlər İdarəsinin strukturunda Sosial məsələlər üzrə şöbənin yaradılması, AMEA-nın Alimlər evinin fəaliyyətinin təkmilləşdirilməsi, Akademiyanın bir qrup əməkdaşının fərqləndirilməsi ilə bağlı qərarlar qəbul olunub.

Rəyasət Heyətinin digər qərarları ilə Fizika İnstitutuNəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Milli Aviasiya Akademiyası və "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Kosmos və yerətrafı kosmik fəzanın fizikası birgə laboratoriyası, Riyaziyyat və Mexanika, Molekulyar Biologiya və Biotexnologiyalar və Biofizika institutlarınınn birgə İnteqrativ biologiya laboratoriyası, Fizika İnstitutunda Kvant informatikası laboratoriyası, Riyaziyyat və Mexanika İnstitutunda Siqnalların emalının riyazi problemləri laboratoriyası yaradılıb. Tədbirdə akademik Azad Mirzəcanzadənin 90 illik, akademik Rasim Əliquliyevin 60 illik, akademik Ayaz Əfəndiyevin 80 illik, akademik Əjdər Məcidovun 80 illik, akademik Musa Əliyevin 110 illik, akademik Teymur Bünyadovun 90 illik, AMEA-nın müxbir üzvü Qərib Calalovun isə 80 illik yubileylərinin keçirilməsi haqqında qərarlar qəbul edilib. Həmçinin Fəlsəfə İnstitutunun strukturunda qismən dəyişiklik olunub, Elm Tarixi İnstitutunda Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr şöbələri yaradılıb.

Sonda bir sıra kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarları ilə akademik Validə Əlizadə Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə Dendrologiya İnstitutunun direktorları vəzifələrinə təsdiq olunublar. Həmçinin Vasif Abbasov "AMEA Təcrübə-Sənaye Zavodu" MMC-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru Florida Mehrəliyeva isə Biofizika İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.

http://science.gov.az/news/open/7051