XƏBƏRLƏR
4050 Arxiv

2017.12.18

AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

Dekabrın 18-də kompüter elmləri üzrə tanınmış alim, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur.

Əminağa Bəhmən oğlu Sadıqov 18 dekabr 1962-ci ildə Lerikdə anadan olub. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək, Ukraynanın Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olub. 1992-ci ildə həmin universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. 2013-cü ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda “Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və texnika elmləri doktoru alimlik dərəcəsini alıb. Həmçinin, 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb. 2017-ci il mayın 2-də "Kompüter elmləri" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Ə.Sadıqov əmək fəaliyyətinə 1985-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi kimi başlayıb. 1988-ci ildən AMEA-nın Rəyasət Heyətində elmi katib, baş mütəxəssis, 1998-ci ildən Rəyasət Heyəti Elmi-Təşkilat Şöbəsinin rəisi, 2013-cü ildən isə Elmi-Təşkilat İdarəsinin rəisi işləyib. Alim 2015-ci ildən Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisidir. Bundan əlavə, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Qəzaların monitorinqi və proqnozlaşdırılması laboratoriyasının müdiri vəzifəsində çalışır. O, müxtəlif illərdə universitetlərdə əvəzçiliklə pedaqoji fəaliyyət göstərib. Hazırda ictimai əsaslarla Əqli Mülkiyyət və İnnovasiya İctimai Birliyinin sədri, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının elmi katibi, AMEA elmi müəssisələrinin direktorları şurasının məsul katibi, İdarəetmə Sistemləri İnstitutunda fəaliyyət göstərən dissertasiya şurasının üzvü, Milli Məclisin Elm və Təhsil Komitəsinin işçi qrupunun üzvü, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının İntellektual mülkiyyətin qorunması və texnologiyaların ötürülməsi üzrə Məsləhət Şurasının və Elmşünaslıq üzrə Elmi Şurasının üzvü, Amerika Mülki Araşdırmalar Fondunun eksperti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə işçi qrupunun üzvüdür.

Dünyanın 40-a yaxın ölkəsində keçirilmiş 60-dan çox mötəbər beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib. Amerika Birləşmiş Ştatları, İsrail, Malayziya, Almaniya, Yunanıstan, Tailand və digər ölkələrdə elm, təhsil, texnologiya və idarəetməyə dair ixtisaslaşma kurslarında, treninqlərdə iştirak edib.

Ə.Sadıqov fövqəladə hallarda obyektlərin və regionların mühafizəsinin idarə olunmasının avtomatlaşdırılması üçün riyazi modellər və bu modellər əsasında əhalinin, təsərrüfat obyektlərinin və ətraf mühitin təhlükəsizliyinin artırılması, fövqəladə hallarda itkilərin və maddi ziyanın minimuma endirilməsi üçün bir sıra metodlar və informasiya texnologiyaları yaradıb. Bu metodlar və informasiya texnologiyaları fövqəladə hallar zamanı qəbul olunan qərarların, görülən tədbirlərin operativliyini və əsaslılığını əhəmiyyətli dərəcədə artırır. Alimin sözügedən elmi nailiyyəti hazırda müvafiq dövlət qurumları və təşkilatlar tərəfindən istifadə olunur.

Əminağa Sadıqov 119 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 1 patent və 2 ixtiranın müəllifidir.

Alim Prezident İlham Əliyevin 14 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə 3 dəfə AMEA-nın Fəxri Fərmanı, Ukrayna Milli Elmlər Akademiyası prezidentinin təqdimatına əsasən “Zolotaya Fortuna”, Beynəlxalq Reytinq Akademiyasının “Şərəf, Şöhrət, Əmək” medalı ilə təltif edilib.

Görkəmli alimi 55 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, elm və təhsilimizin tərəqqisi yolunda yaradıcılıq uğurları arzu edirik!

http://science.gov.az/news/open/7013