XƏBƏRLƏR
3122 Arxiv

2017.12.13

AMEA-nın elmi müəssisə və təşkilatlarında ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

Bu gün görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il ötür.

Bu münasibətlə AMEA-nın elmi müəssisə və təşkilatlarında anım tədbirləri keçirilib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş tutan “Həmişə bizimlə” adlı tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov“Azərbaycan ədəbi və mədəni irsinin qorunması və inkişafında Heydər Əliyevin xidmətləri” mövzusunda məruzə ilə çıxış edib. Akademik məruzəsində Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin inkişafında, qədim ənənə və köklərə malik milli-mədəni sərvətimizin yaşadılmasında və dünyaya tanıdılmasında ulu öndərin böyük rolundan söz açıb.

Radiasiya Problemləri İnstitutunda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə birgə keçirilən tədbirdə müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımızın yaddaşında xilaskar dövlət xadimi kimi qaldığını, ölkəmizin ictimai-siyasi həyatında, həmçinin dövlət quruculuğunda misilsiz xidmətlər göstərdiyini bildirib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək Heydər Əliyevin siyasi yolu, dünya tarixindəki yeri və Azərbaycançılıq ideologiyası haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyev ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi ilə müstəqil Azərbaycan dövlətinin həyatında əvəzedilməz rola malikdir.

Fizika İnstitutunda keçirilən tədbirdə müəssisənin direktoru, akademik Nazim Məmmədov çıxış edərək ulu öndərin ölkəmizdə demokratiyanın inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən söz açıb.

Elm Tarixi İnstitutunda baş tutan dəyirmi masada müəssisənin direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli çıxış edərək ulu öndərin Azərbaycanın qüdrəti və inkişafı naminə həyata keçirdiyi xidmətlərindən danışıb. O, ümummilli liderin xalqı öz ətrafında sıx birləşdirdiyini və Azərbaycanı beynəlxalq arenada yüksək pillələrə qaldırdığını söyləyib.

M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev çıxış edərək ümummilli liderin elmə və elm adamlarına daima qayğı göstərdiyini deyib. Bildirib ki, ulu öndər 1993-cü ilin 28 sentyabrında ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi məhz AMEA-nı seçməklə elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirib.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilən tədbirdə çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və fenomenal siyasi bacarığından danışıblar. 

Hüseyn Cavidin Ev Muzeyində keçirilən anım tədbirində muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxış edərək ulu öndərin digər sahələrlə yanaşı, ədəbiyyata da xüsusi diqqət yetirdiyini, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, təbliği, dünya miqyasında tanıdılması istiqamətində son dərəcə böyük işlər gördüyünü bildirib. Vurğulayıb ki, məhz Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə H.Cavidin ev-muzeyi yaradılıb, doğma vətəni Naxçıvanda möhtəşəm məqbərəsi ucaldılıb.

http://science.gov.az/news/open/6989