XƏBƏRLƏR
3820 Arxiv

2017.12.08

AMEA-da akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan tədbir keçirilib

Bu gün AMEA-nın Alimlər Evində görkəmli şərqşünas alim, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli, akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan “Şanlı ömür səhifələri” adlı ədəbi-musiqili tədbir keçirildi.

Respublikanın tanınmış elm, mədəniyət və din xadimlərinin iştirak etdiyi tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin mənalı həyat yolundan, zəngin elmi-pedaqoji və ictimai fəaliyyətindən bəhs etdi. V.Məmmədəliyevin bütün həyatının, fəaliyyətinin xalqımızın mənəviyyatının zənginləşməsinə xidmət etdiyini deyən AMEA rəhbəri alimin elmi axtarışlarından ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşünaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunduğunu diqqətə çatdırdı.

Yubilyarın elm və təhsil sahəsindəki xidmətlərindən danışan akademik Akif Əlizadə Vasim Məmmədəliyevin ərəbşünaslıq sahəsində gənc yaşlarında doktorluq dissertasiyası müdafiə etdiyini, xarici ölkələrin elmlər akademiyalarının üzvü olduğunu, onun əsərlərinin böyük maraqla qarşılandığını qeyd etdi.

“V.Məmmədəliyev Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin təşəbbüskarlarındandır” - deyən AMEA-nın prezidenti alimin 1991-ci ildə müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi mərhum akademik Ziya Bünyadovla birgə Azərbaycan dilinə tərcümə etməsini ölkəmizin və bütövlükdə İslam dünyasının elmi-mədəni həyatında mühüm hadisə kimi dəyərləndirdi.

Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev ərəb dilinin böyük tədqiqatçılarından olan alimin elmə, İslam dininin elmi əsaslarla öyrənilməsinə verdiyi töhfələrdən danışaraq, əsərlərinin xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı. V.Məmmədəliyevin 30-dan çox kitabının nəşr olunduğunu söyləyən F.Nurullayev alimin “Quran və elm” əsərini xüsusi qeyd etdi. Bildirdi ki, bu qiymətli əsər hər bir müsəlman üçün dəyərli mənbədir.

Daha sonra Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edərək bildirdi ki, V.Məmmədəliyev halal zəhməti, intellekti, zəkası, dərin düşüncəsi ilə elmin yüksək pilləsinə ucalmış görkəmli elm xadimidir. O, kökləri orta əsrlərin dərinliklərinə gedib çıxan Azərbaycan şərqşünaslığının ən layiqli davamçısı, müasir şərqşünaslıq elmimizdə Mirzə Kazım bəy ənənələrinin daşıyıcısıdır.

G.Baxşəliyeva şərqşünas alimin ilk dəfə ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq etdiyini, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrəndiyini diqqətə çatdırdı. Qeyd etdi ki, V.Məmmədəliyev “Ərəb dilçiliyi” adlı fundamental əsərində ilk dəfə “ərəb dilçiliyinin Azərbaycan məktəbi” ifadəsini işlətmiş və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut etmişdir.

Yubilyarla bağlı dəyərli fikirlərini bölüşən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli alimin Azərbaycanda ilahiyyat elminin inkişafı, İslam dininin elmi cəhətdən öyrənilməsi sahəsindəki xidmətlərindən söz açdı. V.Məmmədəliyevin ilk dəfə olaraq ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq etdiyini vurğulayan AMEA-nın vitse-prezidenti bildirdi ki, alimin xidmətləri dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilib. O, ali dövlət mükafatları olan “Şöhrət”, “Şərəf” ordenləri ilə təltif edilib.

İ.Həbibbəyli tanınmış alimin hələ uzun müddət öz tədqiqatları ilə şərqşünaslıq elmini zənginləşdirəcəyini, onu yeni-yeni zirvələrə doğru aparacağını əminliyini ifadə etdi.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov akademik V.Məmmədəliyevin pedaqoji fəaliyyətindən danışdı. Akademikin rəhbərlik etdiyi ilahiyyat fakültəsinin ölkəmizdə ilahiyyat və islamşünaslıq üzrə hərtərəfli savadlı mütəxəssislərin hazırlanmasında böyük rol oynadığı, eləcə də V.Məmmədəliyevin mərhum akademik Ziya Bünyadovla birgə Azərbaycan dilinə tərcümə etdiyi müqəddəs Qurani-Kərimin ölkəmizdə İslama, bu dinin tarixinə, fəlsəfəsinə və mədəniyyətinə dair araşdırmalara güclü təkan verdiyi vurğuladı.

Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov isə çıxışında Azərbaycan şərqşünaslıq elminin inkişafında, bu sahədə elmi kadrların hazırlanmasında V.Məmmədəliyevin müstəsna xidmətlərindən bəhs etdi. Bildirdi ki, V.Məmmədəliyevin elm adamı, müəllim, ziyalı və müdrik ağsaqqal kimi sevilməsi onun insani xüsusiyyətlərindən irəli gəlir.

Sonda çıxış edən yubilyar böyük diqqət və qayğıya görə minnətdarlığını bildirdi, tədbirin iştirakçılarına təşəkkür etdi.

Daha sonra tədbir bədii hissə ilə davam etdi.

http://science.gov.az/news/open/6931