XƏBƏRLƏR
2931 Arxiv

2017.12.12

AMEA-nın prezidenti Əlcəzairdə rəsmi səfərdədir

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Əlcəzair Xalq Demokratik Respublikasında rəsmi səfərdədir.

Nümayəndə heyətinə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev və Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, Yer elmləri üzrə elmlər doktoru Qulam Babayev daxildirlər.

Səfər çərçivəsində Əlcəzairin Ətraf mühit və bərpa olunan enerji naziri Fatimə Zəhra Zərvati, Təhsil və peşə hazırlığı naziri Muhəmməd Mübarəki, həmçinin Elm və Texnologiyalar Akademiyasının prezidenti İlab Yakir Müleykə ilə görüş keçirilib.

Görüşdə xanım Fatimə Zəhra Zərvati hər iki ölkənin elmi qurumları arasında əməkdaşlıq əlaqələrinin qurulması və birgə strateji layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.  

Akademik Akif Əlizadə Əlcəzairdə fəaliyyət göstərən alim və mütəxəssislərlə elmi əlaqələrin qurulması, iki ölkə arasında kadr və təcrübə mübadiləsinin aparılması, dünya elminin prioritet istiqamətlərində birgə tədqiqatların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Görüşün sonunda Azərbaycan Milli Elmlər Akademiyası ilə Əlcəzair Elm və Texnologiyalar Akademiyası arasında əməkdaşlıq protokolu imzalanıb.

Səfər çərçivəsində Əlcəzair Respublikasının Baş naziri Əhməd Ouyəhya da akademik Akif Əlizadəni qəbul edib. Qəbulda akademik Rasim Əliquliyev, Əlcəzairin Ali təhsil və elmi axtarışlar üzrə naziri Tahir Həccar və digər rəsmi şəxslər iştirak edərək birgə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

http://science.gov.az/news/open/6909