XƏBƏRLƏR
3198 Arxiv

2017.11.17

İlham Əliyevdən dövlət dilinə növbəti böyük qayğı

Prezidentin Sərəncamı dövlət dilinin nüfuzunun uca tutulmasına, ana dilinin saflığının qorunmasına və inkişaf etdirilməsinə yüksək diqqəti, dəstəyi ifadə edir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı müstəqil ölkəmizdə dövlət dili siyasətinin uğurla həyata keçirilməsini təmin etməyə təminat verən mühüm əhəmiyyətə malik qərardır.

Komissiyanın tərkibindəki yüksək nüfuza malik şəxsiyyətlər və mütəxəssislər dövlət dili ilə əlaqədar ən aktual məsələləri müzakirə edib, qərarlar çıxarmağa əsas verir. Prezidentin sərəncamı müstəqil Azərbaycanda dövlət dilinin nüfuzunun uca tutulmasına, ana dilinin saflığının qorunmasına və inkişaf etdirilməsinə ölkəmizin rəhbərinin yüksək qayğısını və böyük diqqətini ifadə edir.

Dövlət başçısının sərəncamının işığında Milli Elmlər Akademiyasında Azərbaycan dilinin tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişləndiriləcəkdir. Artıq ciddi hazırlıq işləri aparılan Azərbaycan dilinin orfoqrafiya lüğətinin yaradılması üçün dilçi alimlərin və mütəxəssislərin səyləri birləşdirilmişdir.

Bu, müstəqillik dövründə Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti olacaqdır. Ana dilinin bütün zənginliyini ifadə edən orfoqrafiya lüğəti düzgün yazılış qaydaları ilə yanaşı, həm də dilin daxili imkanlar hesabına inkişaf etdirilməsini, alınma sözlərin doğma dilə uyğunlaşdırılmasının səviyyəsini də əks etdirir.

Milli Elmlər Akademiyasında müasir Azərbaycan dilinin qrammatikası çoxcildliyinin hazırlanmasına da start verilmişdir. Hazırda orfoepiya lüğətinin hazırlanması üçün işlər aparılır. Milli terminologiya fondunun yaradılması da qarşımızda duran əsas vəzifələrdəndir.

Bu yaxınlarda Milli Elmlər Akademiyasının tarixində ilk dəfə olaraq keçirdiyimiz “Dilimiz - milli varlığımız” müsabiqəsinin yekun turu başa çatacaqdır. Bu müsabiqə yeni nəslin doğma dilə sevgisini və ana dilini öyrənməyə böyük marağını nümayiş etdirdi. Müsabiqəni hər il, həm də ölkə miqyasında keçirməyi nəzərdə tuturuq.

Görkəmli dilçi alimlərimizin  elmi irsinin ən əhəmiyyətli nümunələrini yenidən nəşr etdirib yeni nəsillərə çatdırmaq istiqamətində də əhəmiyyətli addımlar atılacaqdır.

Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamı alimlərimizin, ziyalılarımızın qarşısında yeni üfüqlər açır.

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Milli Məclisin komitə sədri, akademik

"Azərbaycan" qəzeti, 17 noyabr 2017-ci il

http://science.az/news/open/6799