XƏBƏRLƏR
3285 Arxiv

2017.11.14

AMEA Zoologiya İnstitutunun əməkdaşları qərzəkli bitkilərə ziyan vuran fitofaq zərərvericilər və onların entomofaqlarını kompleks şəkildə öyrənir

AMEA Zoologiya İnstitutu Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin noyabrın 16-da imzaladığı "İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncama əsasən, qərzəkli bitkilərə ziyan vuran fitofaq zərərvericilər və onların entomofaqlarını kompleks şəkildə öyrənməyə başlayıb.

İnstitutun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları İradə Nuriyeva, İlhamə Səfərova, Gülbəniz Nadirova , Vüsalə Nərimanova Azərbaycanda indiyədək bu sahənin öyrənilmədiyini və bu sahəyə son zamanlar artan marağı nəzərə alaraq “Azərbaycanda qərzəkli meyvələrin ziyanvericilərinin bioekoloji xüsusiyyərləri və onların entomofaqları” mövzusunda elmi tədqiqat işi aparırlar.

Bu məqsədlə tədqiqatçılar Qəbələ rayonunun Vəndam, Zaqatala rayonunun Muğanlı, Kemeloba kəndlərinə ekspedisiyalar edib, fındıq bağlarına , həyətyanı sahələr və yol kənarlarındakı qoz , şabalıd ağaclarına baxış keçiriblər. Qoz, fındıq, şabalıd əkilən bölgələrdə bitkilərin bütün vegetasiya mərhələlərində ziyanvericilərin və onların entomofaqlarının aşkarlanması işi həyata keçirilib.Araşdırma zamanı fındıq bitkisinə ziyan vuran "Cerambycidae" fəsiləsinə aid 3 növ, "Cicadellidae" fəsiləsinə aid 2 növ, "Curculionidae" fəsiləsinə aid 2 növ, "Aphididae " fəsiləsinə aid 2 növ, "Phaneropteridae" fəsiləsinə aid 1 növ, "Miridae" fəsiləsinə aid 2 növ, "Arctiinae" fəsiləsinə aid 1 növ və s.tapılıb.

Eyni zamanda, entomofaqlardan "Coccinellidae" fəsiləsinə aid 5 növ, "Forficulidae" fəsiləsinə aid 1 növ, "Chrysopidae" fəsiləsinə aid 1 növ və "Arachnida"ya aid 11 növ qeydə alınıb.

Qozda "Aphididae", "Pentatomidae", "Lymantriinae" fəsiləsinə aid ziyanverici növlər və "Arachnidaaid" fəsiləsinə aid 9 növ, "Coccinellidae" fəsiləsinə aid 6 növ entomofaq tapılıb. Hazırda toplanmış materiallar analiz edilir.

Qeyd edək ki, qərzəkli meyvə bitkiləri qrupuna qoz (Júglans régia L.), fındıq (Corylus maxima Mill.), şabalıd (Castanea sativa MILL.) , və sair bitkilər aiddir. Bu bitkilər dünya miqyasında geniş yayılıb. Onların meyvələri yüksək qidalılıq xüsusiyyətinə malikdir, oduncağı (qozun) isə mebel sənayesində qiymətli material kimi istifadə edilir.