XƏBƏRLƏR
3182 Arxiv

2017.11.14

AMEA Zoologiya İnstitutu əməkdaşının Dissertasiya Şurasında dissertasiya işinin müdafiəsi keçirildi

AMEA Zoologiya İnstitutunun Dissertasiya Şurasında Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnar Qəhrəmanovanın “Gəncə-Qazax bölgəsində dənli bitki senozlarında yayılmış sərtqanadlılar (Coleoptera), onların növ tərkibi, bioekologiyası və trofik əlaqəsi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirildi.

G.Qəhrəmanova elmi işində hər zaman aktual olan məsələyə-taxıl və taxıl məhsullarının kəmiyyət və keyfiyyətinin aşağı düşməsində əhəmiyyətli rol oynayan zərərverici sərtqanadlıların öyrənilməsinə toxunub. Tədqiqatçı Gəncə-Qazax bölgəsində dənli bitki senozlarında 54 növ sərtqanadlı müəyyən edib ki, bunlardan da 10 növü Azərbaycan, 26 növü isə tədqiqat ərazisində ilk dəfə qeydə alınıb.

Müəllif bu növlərin bioekoloji xüsusiyyətlərini, onların rastgəlmə tezliyini öyrənib, əsas zərərvericilərin uçuş dinamikasını, fenoloji təqvimini tərtib edib və onların payızlıq buğdaya zərərini hesablayıb.

Tədqiqatçı ilk dəfə olaraq Gəncə-Qazax bölgəsində dənli bitki senozlarında böcək faunasının ekoloji qiymətləndirilməsini də aparıb.