XƏBƏRLƏR
3373 Arxiv

2017.11.14

"Kiçik Akademiya"lar bu günün istedadlı şagirdini sabahın yaradıcı aliminə çevirəcək

Suraxanı rayonu Bülbülə qəsəbəsi 232 saylı orta məktəbdə AMEA və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan istedadlı şagirdlərdən ibarət "Kiçik Akademiya"nın fəaliyyətinin nəticələrinə həsr olunan tədbir keçirilib.

Öncə məktəbin direktoru Məhluqə Əzizova rəhbərlik etdiyi təhsil ocağında fəaliyyət göstərən "Kiçik Akademiya"nın yaradılmasında əsas məqsədin yaradıcı təfəkkürə malik istedadlı şagirdləri üzə çıxarmaq olduğunu bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində şagirdlər ayrı-ayrı fənn müəllimlərinin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, maraqlı məruzə, referat və təqdimatlar hazırlayırlar. Eyni zamanda, şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması istiqamətində işlər görülür.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov isə çıxışında AMEA-nın prezidenti, akademik Akif Əlizadənin orta məktəblərdə reallaşan “Kiçik Akademiya” layihəsinə böyük önəm verdiyini bildirib.

"Layihədə əsas məqsəd bu günün istedadlı şagirdini sabahın yaradıcı aliminə çevirməkdir” – deyən F.Salmanov paytaxt və regionlarda yerləşən məktəblərdə reallaşdırılan "Bu günün şagirdi, sabahın alimi", "Əyləndirici, öyrədici elm" kimi layihələrdə istedadlı şagirdlərin üzə çıxarıldığını, onların "Sabahın alimləri" beynəlxalq müsabiqələrində elmi nailiyyətlər əldə etdiyini bildirib.

F.Salmanov təmsil olunduğu qurumun elmlə təhsilin vəhdəti istiqamətində reallaşdırdığı ənənəvi və qeyri-ənənəvi layihələr barədə də geniş məlumat verib. O, 232 saylı məktəbin "Kiçik Akademiya"sının fəaliyyətinə toxunaraq, bundan sonra birgə əməkdaşlıq üçün mümkün imkanlardan istifadə ediləcəyini diqqətə çatdırıb.

Sonra "Kiçik Akademiya"nın üzvləri - 10-cu sinif şagirdi Taleh Həsənov "Arxiv proqramının kilidinin qırılması" (İKT), 9-cu sinif şagirdləri Ofeliya Abbasova və Şəlalə Səfərzadə "Tarixi abidələr" (Tarix), Aidə Əliyeva "GMO nədir?" (Biologiya),  8-ci sinif şagirdi Türkanə Əliyeva "Günəş enerjisindən istifadə" (Fizika), 10-cu sinif şagirdi Ülvü Nəbiyev "Kiçik vintilyatorlar" (Fizika) mövzularında elmi məruzələr ediblər.

Tədbirdə iştirak edən qonaqlar və ekspertlər hər bir təqdimatla bağlı rəy və mülahizələrini bildib, "Kiçik Akademiya"nın illik fəaliyyətini qənaətbəxş hesab ediblər.

http://science.gov.az/news/open/6655