Sinif: Osteichthyes (Sümüklü balıqlar)

CLASSIS: OSTEICHTHYES HUXLEY, 1880 - SÜMÜKLÜ BALIQLAR

Balıqlar çənəli heyvanlar qurupunun ən primitiv nümayəndələri hesab olunub, qəlsəmələrlə tənəffüs edən və üzgəclər vasitəsilə hərəkət edən su mühitinin ən geniş yayılmış daimi sakini olan onurğalılardandır. Müasir balıqlar - xüsusilə şüaüzgəcli balıqlar sümüklü balıqlar qrupunun çiçəklənməkdə olan əsl su heyvanlarıdır. Xəzərin Azərbaycan sektorunda və ölkənin daxili su hövzələrində yalnız sümüklü balıqların nümayəndələri yayılmışdır.

Sümüklü balıqların 400 mln. il bundan əvvəl planetimizdə görün­məyə və yayılmağa başlamaları ehtimal olunur. Onlar planetin qütblə­rindən ekvatora qədər müxtəlif su hövzələrində - şirinsu, şortəhər su və duzlu su hövzələrində, dağ çayları və göllərdə, dəniz və okeanlarda, on­ların bütün dərinliklərində və hətda işıq şüaları düşməyən mağara sula­rında da yayılmışlar.

Azərbaycan ərazisində onurğalı heyvanların, xüsusilə ixtiozavrların qalıqlarına Mezazoy erasının Təbaşir dövrünə aid olan çöküntülərin­də təsadüf edilir. Şüaüzgəcli balıqların qalıqlarına isə Devon dövründə rast gəlinir.

Sümüklü balıqlar aşağıdakı əlamətlərlə xarakterizə olunurlar:

  • Daxili skeletin sümük və ya qığırdaqdan ibarət olması, bədən ör­tüyünün qanoid və sümük pulcuqlarla əhatə olunması,
  • Burun dəliklərinin cüt olması,
  • Daxili qulaqda 3 yarımdairəvi kanalın olması,
  • Üzmə qovuğu bədən boşluğunun yuxarı hissəsində yerləşməsi,
  • Qəlsəmə boşluğunun sümük əsaslı və hərəkətli qəlsəmə qapağı ilə örtülməsi,
  • Yan xətt orqanının olması,
  • Dişlərin nəinki təkcə çənə sümüklərinin üzərində, eyni zamanda damaq və xış sümüklərində, dilin üzərində və qəlsəmə aparatında da ol­ması,
  • Yüksək məhsuldarlıqları (0,5 - 28,0 mln. kürü) ilə seçilən su onurğalıları olub, əksəriyyətində mayalanma xaricidir.
  • Balıqların əsas hərəkət orqanı quyruq üzgəci hesab olunur. İlanvari formaya malik olan balıqlarda isə bu funksiyanı tək bel üzgəci ye­rinə yetirir.

Əvvəllər su mühitində yaşayan və balıqlara az-çox oxşarlıqları olan hidrobiontların hamısını balıq adlandırmışlar. Sonraki tədqiqatlar göstər­di ki, balıqlara aid edilən “neştərçə”lər heç də balıq olmayıb, onurğasız heyvanlarla onurğalı heyvanlar arasında keçid təşkil edən bir qrup olub, özlərində həm onurğasızların, həm də onurğalıların bir sıra əlamətlərini daşıyır. Minoqa və miksinlər də balıqların ən uzaq əcdadlarından olub, günümüzə qədər yaşayan nümayəndələrindəndir. Hazırda onlar Dəyirmiağızlılar sinfində cəmləşdirilmişdir. Neştərçələr isə kəlləsizlər yarımtipinin Neştərçələr sinfini formalaşdırır.

Qeyd etmək lazımdır ki, milyon illər bundan əvvəl balıqlar yer üzə­rində çoxsaylı qrup və növlərdən ibarət olmuş, hazırda isə onların çoxu­nun nəsli kəsilmiş, az bir qismi mühitə uyğunlaşma prosesində bu günə qədər gəlib çıxmışdır.

Dövrümüzdə yaşayan balıqları bir neçə sinifə, əsasən 2 sinifə - qı­ğırdaqlı (Chondrichtyes) və sümüklü (Osteichtyes) balıqlara bölürlər. Balıqların müasir bölgüsü müəyyən qədər təbii reallığı özündə əks etdi­rir. Belə ki, bu iki sinif (qığırdaqlı və sümüklü balıqlar) arasında mövcud fərq quru onurğalılarının sinif səviyyəsində olan ayrı-ayrı qruplarının, məsələn, amfibilər və sürünənlər və ya sürünənlər və quşlar və s. arasın­da olan fərq qədərdir. Sümüklü balıqlar növ müxtəlifliyinə görə onurğalı heyvanlar arasında böyük üstünlüyə malikdirlər. Onların müasir növlə­rinin sayı 35-dən çox dəstəyə daxil olan 20000-dən (bəzi mənbələrdə 30000-dən çox) artıqdır. Onlar hazırda, yuxarıda qeyd edildiyi kimi, proqressiv inkişafda olan su onurğalı heyvanları hesab olunurlar.

Hazırda Xəzərin Azərbaycan sektorunda və Azərbaycanın daxili su hövzələrində balıqların 12 dəstəsinə mənsub olan 104 növünün və bir sıra yarımnövlərinin yayıldığı qeydə alınmışdır. Azərbaycanın daxili su hövzələrində növ sayına və rastgəlmə intensivliyinə görə Çəkikimilər (45-ə qədər növ və yarımnöv), Xəzərin Azərbaycan sektorunda isə Xul balıqları (28 növ) fərqlənirlər.