4371

DƏVƏDƏLLƏYİNİN ÖLÜM SAÇAN MƏHƏBBƏTİ

Doğrudur, sevgililər arasında küsülülük, bir-birinin qəlbini qırmaq halları olur, lakin söhbət dəvədəlləyinin məhəbbətindən gedirsə, o zaman məsələ hətta ölümlə başa çata bilər.

Bəzi dəvədəlləyi növlərinin dişi fərdləri demək olar ki, mayalanma başlayan kimi erkək fərdin başını dişləyir və sonra onu qoparıb yeyir. Mayalanma bu vəziyyətdə bir müddət davam etsə də erkək fərd artıq ölmüş olur. Mayalanma başa çatdıqdan sonra dişi fərd ağac budağının və ya qurumuş, möhkəm otların üzərinə zülali materialdan təşkil olunmuş köpükşəkilli kapsula (ooteka) yapışdıraraq onun içərisinə 10-400 arası yumurta qoyur və sonra da öz kavalerinin bədəninin qalan hissələrini yeməyə yollanır. Dişi fərdin erkəyin başını yeməsi balalarının zülali qidaya olan ehtiyacını hələ yumurta mərhələsində ödəməyə çalışması ilə izah olunur.  Əlbəttə ki, sonralar dəvədəlləyinin dişi fərdi artıq öz həmcinsləri ilə deyil, kəpənəklər, milçəklər, şalalar, cırcıramalar və başqa həşəratlarla qidalanacaq.

Adətən dəvədəlləyilərin ovu maskalanma ilə başlayır. Onların əksəriyyəti  yaşıl və ya qəhvəyi rəngdə olduqları üçün mühitdə asanlıqla görünməz ola bilirlər. Dəvədəlləyi səbirlə öz ovunu gözləyir, şikar onun yaxınlığına gələn kimi öz ön ətrafları vasitəsilə cəld onu tutur. Şikarı əlindən buraxmamaq üçün onun pəncələrində xırda iti tikanları var. Alimlərin çin dəvədəlləyisi üzərində müşahidələri göstərmişdir ki, mayalanmadan qabaq hətta erkək fərd xüsusi nigah rəqsi ifa edərək  dişi fərdi “inandırmağa” çalışır ki, onu yeməsin. Belə güman olunur ki, həqiqi dəvədəlləyilərin başqa növləri də belə rəqslər ifa edirlər.