NEPENTES
Akademik Seyfəddin Əliyevin müəllifi olduğu “Cücülərlə qidalanan bitkilər, mikroorqanizmlər, onurğasız və onurğalı heyvanlar” kitabı ilə tanış olarkən cücülər ilə qidalanan bitkilər haqqında ətraflı məlumat almaq olar. Bu bitkilərdən ən fərqlisi, yaraşıqlısı olan Nepentes ilə tanış olaq.
Nepentes (Nepenthes) - Küpəli bitkilərin ən yaraşıqlı entomofaq nümayəndəsidir. Nepentes bitkisi əsasən tropik Asiyada, qərbdə- Kalimantan, Seyşel, Barneo və Madaqaskar adalarında, şərqdə isə Yeni Qvineya, Şimali Avstraliya və Yeni Kalidoniyada olan meşələrdə yaşayır. İlk dəfə bu bitki 1658-ci ildə Madaqaskarda Fransız koloniyasının valisi Etienne de Flacourt tərəfindən aşkar edilmişdir. Hal-hazırda Nepentesin 90 növü vardır. Onların çox hissəsi WCU- World Conservation Union (Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi)-nin qırmızı siyahısına daxil edilmişdir.
Nepentesin eni 10-12 sm, uzunluğu 5-50 sm arasında dəyişir. Nəhəng ağ, al-qırmızı və qırmızı ləkələri olan çiçəklər canlıların diqqətini uzaqdan belə cəlb edir. Küpənin girəcəyində olan çətirşəkilli qapaq bəzi təbiət hadisələrindən, xüsusilə yağıntılardan bitkini qoruyur. Həmçinin bura düşmüş cücülərlə qidalanmaq istəyən heyvanlardan qorunma funksiyasını yerinə yetirir. Çətirin daxilində yerləşən vəzilər həşəratlar üçün aldadıcı qida rolunu oynayır. Təhlükədən xəbərsiz, həyatda qalmaq üçün qida toplamaq istəyən həşərat “ləzzətli tələ”nin qurbanına çevrilir. Şirəyə gələn cücü sürüşərək küpəyə, daha sonra heyvan mədəsini xatırladan küpənin dibinə düşür. Şirənin tərkibində müxtəlif fermentlər aşkar edilmişdir. Bir bitkidə şirənin miqdarı 1-2 litr olmasına baxmayaraq, cücülərin sayı bir neçə yüzə qədər olur. 6-8 saat isə cücünün tam həzm olunmasına kifayət edir.
Qeyd edək ki, Nepentes-dünyanın ən gözəl və xoş ətirli bitkisi olmağına baxmayaraq cücülərin əsl düşmənidir.
Müəllif: LƏMAN DADAŞOVA