НОВОСТИ
3904

2017.04.03

AMEA ZOOLOGİYA İNSTİTUTU ÖLKƏ MƏTBUATININ GÖZÜ İLƏ

Ekosistemin vacib komponentlərindən olan ağcaqanadlar maddələrin trofik əlaqələrlə yerdəyişməsində mühüm rol oynayır. Onların kütləvi şəkildə insan və heyvanlara hücumu həm qansorma, həm də bir çox xəstəliklərin daşıyıcıları olması baxımından mənfi qiymətləndirilir. Ağcaqanadların epidemioloji və epizootoloji əhəmiyyəti də nisbətən böyükdür.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, bunu parazitologiya laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Fuad Rzayev “Azərbaycanda qansoran ağcaqanadların mikrosporidilərinin öyrənilməsi perspektivləri” mövzusunda keçirdiyi seminarda deyib.

F.Rzayev diqqətə çatdırıb ki, qansoran ağcaqanadlara qarşı mübarizədə ən səmərəli üsullardan biri də insanların daha sıx məskunlaşdıqları, işlədikləri və istirahət etdikləri ərazilərdə mikrosporidilərdən istifadədir. Mikrosporidilər hüceyrədaxili obliqat parazit olmaqla bütün sistematik qruplara aid canlılarda təsadüf olunur. Onlara daha çox həşəratlarda rast gəlinir. Hazırda 140 cinsə daxil olan 1400-dən artıq növ mikrosporidi təsvir edilib. Mikrosporidi növlərinin miqdarının həşərat və xərçəngkimilərin ümumilikdə sayından daha artıq olması ehtimal edilir.

Gənc alim, həmçinin aparılan tədqiqatların Azərbaycan ərazisində geniş yayılmış qansoran ağcaqanadlarda parazitlik edən mikrosporidi növlərini aşkarlamaq, onların təbii ocaqlıqlarını, qansoran ağcaqanad sürfələrinin mikrosporidilərlə fəsillər üzrə yoluxma dinamikasını müəyyənləşdirmək, mikrosporidilərin sahib orqanizmində yaratdığı dönməz patomorfoloji dəyişiklikləri təsvir etmək istiqamətində vacibliyini vurğulayıb.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

http://azertag.az/xeber/Azerbaycanda_qansoran_agcaqanadlarin_mikrosporidilerinin_oyrenilmesi_

istiqametinde_arasdirmalar_aparilir-1047691