НОВОСТИ
3506

2017.03.31

AMEA Zoologiya İnstitutunun Elmi Şurasında Parazitologiya laboratoriyasının e.i., b.ü.f.d. Fuad Hüseynəli oğlu Rzayevin elmi seminarı keçirildi

Ağcaqanadlar ekosistemin vacib komponentlərindəndir və maddələrin trofik əlaqələrlə  yerdəyişməsində mühüm rol oynayır. Onların kütləvi şəkildə insan və heyvanlara hücumu həm qansorma cəhətdən, həm də bir çox xəstəliklərin daşıyıcıları baxımından mənfi qiymətləndirilir. Ağcaqanadların epidemioloji və epizootoloji əhəmiyyəti nisbətən böyükdür. Qansoran ağcaqanadlara qarşı mübarizədə ən səmərəli effekt verən üsullardan biri də insanların daha sıx məskunlaşdığı, işlədiyi və istirahət etdiyi ərazilərdə mikrosporidilərdən istifadə olunmasıdır. Mikrosporidilər hüceyrədaxili obliqat parazit olmaqla bütün sistematik qruplara aid canlılarında təsadüf olunur. Daha çox mikrosporidi növləri həşəratlarda rast gəlinir. Mikrosporidilərin öyrənilmə tarixi XIX əsrin əvvəllərindən başlayır (Gluge, 1838). XX əsrin ortalarına qədər həmin hüceyrədaxili parazitlərin növ tərkibi, morfologiyası, inkişaf dövriyyəsi haqqında çox az məlumat olduğu üçün onları miksosporidilərlə, knidosporidilərlə, sarkosporidilərlə, göbələklərlə bir sistematik qrupa daxil edirdilər (Labbe, 1899). 1959-cu ildən elektron mikroskopik metodlardan istifadə olunmağa başlandığı müddətdən etibarən mikrosporidilərin həyat dövriyyəsi və sahib orqanizmin parazitlə yoluxmuş hüceyrələrinin patologiyası intensiv şəkildə öyrənimməyə başlandı. XX əsrin 80-ci illərindən mikrosporidilərin fiziologiyası, parazit və sahib hüceyrələrində metabolizm prosesi, bundan əlavə biokimyəvi və molekulyar-bioloji metodlardan istifadə olunmaqla mikrosporidilərin digər canlılarla qohumluq əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində iri həcmli tədqiqat işləri aparıldı (Wittner, Weiss, 1999). Hazırda 140 cinsə daxil olan 1400 dən artıq növ mikrosporidi təsvir edilmişdir. Onlar bütün sistematik qruplara daxil olan canlılarda, ibtidailərdən insana qədər rast gəlinir. Mikrosporidi növlərinin miqdarı həşərat və xərçəngkimilərin ümumilikdə sayından daha artıq olacağı ehtimal olunur. Ona görə də ən məşhur mirosporidioloqlardan biri Spreq (1977) mikrosporidiləri XXI əsrin tədqiqat obyekti adlandırmışdır (Sprague, 1977).

Azərbaycan ərazisində mikrosporidilərin öyrənilməsi istiqamətində iri həcmli elmi – tədqiqat işləri aparılmamışdır. Tədqiqatlar nəticəsində 29 növ və forma mikrosporidi müəyyən edilmişdir ki, onlardan da 10-u qansoran ağcaqanadlarda qeyd olunmuşdur (Alixanov, 1986; Alixanov və b., 1985; Kaziyeva, 1985).

Praktiki əhəmiyyəti 1. Tibbi - Bir çox transmissiv xəstəliklərin daşıyıcılarının (qansoran ağcaqanadlar) sayının artmasının qarşısının alınması; b- Mikrosporidilərlə və malyariya plazmodilərinin qarşılıqlı münasibəti zamanı məlum olmuşdur ki, mikrosporidilərlə yoluxmuş malyariya ağcaqanadlarında ikincilərin inkişafı dayanır; c - İmmun çatışmamazlığı olan xəstələrdə (HİV-ə yoluxmuş insanlarada) 13 növ mikrosporidi qeyd olunub.

2. Zooloji – bir çox onurğalı və onurğasız heyvanlarda xəstəlik törətməklə insanlar üçün qida məhsulu kimi yararsız edir.

3. Bioloji laboratoriyalarda –bütün sistematik qruplarda parazitlik etməsi və genomunun ölçüsünün kiçik olması, parazit-sahib münasibətlərinin öyrənilməsində molekulyar biologiya, histologiya və sitologiya elmləri üçün çox maraqlı və geniş informasiya verə biləcək bioloji tədqiqat obyektidir.

4. Ekoloji və iqtisadi - biosenozun çirklənməsinin qarşısının alınması və kimyəvi preparatlardan imtina.

Elmi əhəmiyyəti 1. Növ tərkibi hələ tam müəyyənləşməyib və vahid sistematikası hazır deyil. 2. Filogenetik əlaqələri (mənşəyi) məlum deyil. 3. İnkişaf dövriyyələri tam öyrənilməmişdir4. Parazit-sahib münasibətləri tam öyrənilməmişdir.

Qarşıya qoyulan məqsəd və vəzifələr

-   Aparılan tədqiqatlar nəticəsində Azərbaycan ərazisində geniş yayılmış qansoran ağcaqanadlarda parazitlik edən mikrosporidi növləri aşkar və təsvir etmək

-   Mikrosporidilərin təbii ocaqlıqlarını müəyyənləşdirmək

-   Qansoran ağcaqanad sürfələrinin mikrosporidilərlə fəsillər üzrə yoluxma dinamikasını müəyyənləşdirmək

-   Mikrosporidilərin sahib orqanizmində yaratdığı dönməz patomorfoloji dəyişikliklər və onların təsviri.