2022.10.31
Zoologiya İnstitutunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib
31 oktyabr 2022-ci il tarixində Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya Şurasında, institutun “Tətbiqi Zoologiya Mərkəzinin” əməkdaşı İsgəndərova Günay Zahid qızının 2413.01-Entomologiya ixtisası üzrə “Temperatur və fotoperiodun çuğundur mənənəsinin (aphis fabae scop.) biologiyasina təsiri” mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib.
Tədqiqatın elmi rəhbəri b.ü.f.d., dosent Barat Abdul oğlu Əhmədov, rəsmi opponentləri isə b.e.d., prof. Rauf Lütvəli oğlu Sultanov, b.e.d., dosent Kazım Qarakişi oğlu Hüseynov və b.ü.f.d., dosent Zöhrə Yusif qızı Musayevadır.
Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru, Dissertasiya şurasının sədri, b.e.d., dos. Elşad Əhmədov məruzə etmək üçün sözü iddiaçıya verib. G. İsgəndərova bildirib ki, tədqiqatda Azərbaycanda ilk dəfə olaraq şəkər çuğundurunun ciddi zərərvericilərindən biri olan çuğundur yarpaq mənənəsinin (Aphis fabae Scop.) çoxalma və inkişafına temperatur və fotoperiodun təsiri ətraflı tədqiq olunub, çuğundur yarpaq mənənəsinin populyasiyasında qanadlı morfların əmələ gəlməsində fərdlərin sayının (sıxlığın) təsiri öyrənilib.
İclasın sonunda Dissertasiya şurasının üzvləri tədqiqat işini yüksək qiymətləndirərək işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.