НОВОСТИ
3131

2017.11.17

AMEA Zoologiya İnstitutunun Elmi Şurasının iclasında Tətbiqi Zoologiya Mərkəzinin və Quru onurğasızları laboratoriyasının illik hesabatları müzakirə edilib

AMEA Zoologiya İnstitutunun Elmi Şurasının iclasında Tətbiqi Zoologiya Mərkəzinin və Quru onurğasızları laboratoriyasının illik hesabatları müzakirə edilib.

 Elmi Şuranın iclasında çıxış edən Tətbiqi Zoologiya Mərkəzinin müdiri,  biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov hesabat ilində görülən elmi-təşkilati işlər haqqında ətraflı məlumat verib.
O bildirib ki, cari il ərzində mərkəzin əməkdaşları “Təsərrüfat əhəmiyyətli növlərin müasir vəziyyəti, zərərvericilərə qarşı inteqrir mübarizə yollarının araşdırılması, bəzi nadir növlərin süni şəraitdə çoxaldılma üsullarının hazırlanması” mövzusu üzrə 8 tədqiqat işi üzərində çalışıblar. Tədqiqatlar zamanı bir sıra elmi və praktiki əhəmiyyəti olan nəticələr əldə olunub ki, onların da gələcəkdə bəzi təsərrüfatlarda tətbiqi planlaşdırılır.

Quru onurğasızları laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Xalid Əliyev qeyd edib ki, institutun elmi-təqdimat planına uyğun olaraq 2017-ci ildə laboratoriyada 1 mövzu üzrə elmi-tədqiqat işi aparılıb. Hesabat müddətində tədqiqat aparılan rayonların ərazisində 30 növ iynəcə, 10 növ otbiçən, 15 növ alaca kəpənəyi, 8 növ parabüzən, 9 növ arı, 64 növ hörümçək, 12 növ fır gənəsi qeydə alınıb. Tədqiqat zamanı aşkarlanmış 3 növ hörümçək (Sybaema caucasicum Utotschkin, 1960; Rhysodromus rikhteri (Logunov &Huseynov, 2008); Zelotes khostensis Kovblyuk & Ponomarev, 2008), 1 növ fır gənəsi (Aceria tulipae (Keifer, 1938)) Azərbaycan faunası üçün yeni olub. Gənələrlə aparılan tədqiqatlar zamanı Qafqaz faunası üçün yeni fəsilə - Erythraeidae də aşkarlanıb.

Hesabat ilində laboratoriya əməkdaşlarının 17 məqaləsi çapdan çıxıb, 12 məqalə çapa təqdim olunub. Məqalələrin 11-i xaricdə çap edilib.

Hesabat ilində laboratoriyanın kiçik elmi işçisi Beydizadə Nərmin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2017-ci ildə elan olunmuş 8-ci “Mobillik qrantı” müsabiqəsinin “Gənə növlərinin mövcud gen sekvinasiyasının morfoloji əlamətlər nəzərə alınmaqla qiymətləndrilməsi-qamaz gənələrinin inteqrativ (filogenetik) taksonomiyası” mövzusunda qrantın qalibi olub.

Laboratoriyanın əməkdaşları - biologiya üzrə elmlər doktoru Natalya Sneqovaya, biologiya üzrə fəlsəfə doktoru Ellada Hüseynova, biologiya üzrə fəlsəfə doktoru İlhamə Kərimova Odonata, Neuroptera dəstələri və Opilionidae, Buprestidae fəsilələrinin nümayəndələri üzərində molekulyar-genetik analizlərin aparılması üçün 3 həftə ərzində Norveçin Oslo şəhərində yerləşən Təbiət Tarixi Muzeyində treninqlərdə iştirak ediblər.