DƏVƏDƏLLƏYİNİN ÖLÜM SAÇAN MƏHƏBBƏTİ

SEYFƏDDİN ƏLİYEV - TƏHLİL


A- A A+

Akademik Seyfəddin Vəli oğlu Əliyevin “Cücülərlə qidalanan bitkilər, mikroorqanizmlər, onurğasız və onurğalı heyvanlar” adlı kitabı 2011-ci ildə nəşr edilmişdir. Cücülərlə qidalanan canlılara həsr edilmiş bu kitabda adları çəkilən növlərin morfoloji və bioekoloji xüsusiyyətləri aydın şəkildə verilmişdir. Elmi məlumatlarla yanaşı şeir nümunələrinin, ekspedisiya xatirələrinin kitabda olması oxucuda kitaba daha da maraq oyadır. Ömrünün 63 ilini zoologiya elminə töhfələr verməklə keçirən  akademikin bu kitabı təbiətsevərlər, tələbələr və gənc elmi işçilər üçün böyük bir hədiyyədir. Kitabla tanış olarkən təkcə cücülər haqqında deyil, bitkilər, mikroorqanizmlər haqqında da ətraflı məlumat əldə etmək mümkündür.“Cücülərlə qidalanan bitkilər, heyvanlar, mikroorqanizmlər, onurğasız və onurğalı heyvanlar” kitabında ziyanverici cücüləri tələf edən canlıların rolu, qarşılıqlı əlaqələri, ovlanma üsulları, yaşayış uğrunda mübarizələri haqqında geniş məlumat verilmişdir. Akademik Seyfəddin Vəliyev heyvanlara olan münasibətini şeirlə də ifadə etmişdir.

 

Tanıdıqca yaxından,                                     Sadiq və etibarlı

Şüurlu insanları,                                          Mehriban, istiqanlı,

Sevdim təmiz, qərəzsiz,                                 Şüursuz heyvanları,

Vəfalıqda əvəzsiz,Bu qəbil canlıları.

 

Kitabla tanış olduqda təkcə insanların deyil, heyvanların da həyat və yaşamaq uğrunda daim mübarizə apardıqlarını, çalışdıqlarını, təbiətə bağlılıqlarını,təbiətə necə fayda verdiklərini açıq-aşkar görmək olar.

Həmçinin bu kitabda dünya klassiklərinin insan və təbiət haqqında dəyərli fikirləri ilə tanış olmaq mümkündür. Məhşur alman şairi İ.V.Höte deyir ki: “Elə bir kitab yoxdur ki, insan ondan yaxşı bir şey öyrənə bilməsin”.

Tanış olacağımız bu kitab faydalı məlumatlarla olduqca zəngindir. Bəlkə də aramızda elələri vardır ki, dünyanın bir sıra ölkələrində insanların həşəratlarla, cücülərlə qidalandığından məlumatsızdırlar. Lakin akademikimizin müəllifi olduğu kitabda həmin insanların həyat tərzi haqqında, qidalandığı həşəratlar haqqında məlumat verilmişdir.

“Cücülərlə qidalanan bitkilər, mikroorqanizmlər, onurğasız və onurğalı heyvanlar” kitabı 4 hissədən ibarətdir:

1.Cücülərlə qidalanan bitkilər;

2.Cücülərdə xəstəlik törədən mikroorqanizmlər;

3.Cücülərlə qidalanan onurğasız heyvanlar;

4.Cücülərlə qidalanan onurğalı heyvanlar.

1.Cücülərlə qidalanan bitkilər

Dünyada cücülərlə qidalanan 500-ə qədər bitki növü aşkar edilişdir. Kitabda verilən cücülərlə qidalanan bitki fəsilələrini aşağıdakı şəkildə sxemləşdirmək olar:

1.Fəsilə:Qovuqcakimilər

Bu fəsilə cücüyeyən bitki nümayəndələrinə mənsubdur.

Cins:Qovuqca

Bu cinsin nümayəndələri göl və bataqlıqlarda bitir. Tutucu orqanı yarpaq dilimlərindən əmələ gələn içiboş, divarı nazik, yarımşəffaf və elastik qovuqlardır. Qapağın ətrafında aldadıcı yem rolunu oynayan yapışqanlı və şirəli maye ifraz olunur.

Növ:Adi yağlıca

Bu növ rütubətli meşələrdə geniş yayılmışdır. Tutucu orqanı yarpaqlardır. Yarpağın 1sm²-də 25000-ə qədər selik ifraz edən vəzicik olur.

2.Fəsilə:Şehçiçəklilər

Bu fəsilənin nümayəndələri çoxillik bitki olub, bataqlıq və sularda yaşayırlar.

Cins:Şehçiçək

Şehçiçək cinsinin nümayəndələri kosmopolitdirlər (iqlim qurşaqlarının əksəriyyətində yayılmışdır).

Növ:Girdəyarpaq şehçiçək

Bu növün nümayəndələri çoxillik qırmızımtıl-yaşıl bitkilərdir. Yarpaqların ortasında yerləşən qırmızımtıl papaqcıqlı tükcüklərdə selik damcıları olur. Bu isə həşəratları özünə cəlb edir.

Zöhrə milçəkqapanı

Ağ gülləri olan kiçik çoxillik bitkidir. Yarpaqlarının kənarı iti dişciklərdən ibarət olan 2 hərəkətli hissəyə ayrılmışdır. Qırmızı vəziciklərlə əhatələnmiş hissələrə cücü toxunan kimi kənarlarda olan dişciklər bir-birinə keçib kilidlənir. Həşəratın tam sovrulması üçün 3 həftəyə qədər vaxt lazım olur.

Şehyarpaq

Bu bitkinin yarpaqlarının kənarlarında və alt tərəfində çoxlu miqdarda sıx yerləşən iki formalı saplaqlı və saplaqsız vəziciklər vardır. Saplaqlı vəzilərə yapışan cücülər burdan xilas ola bilmirlər.

3.Küpəli bitkilərkol və yarımkol bitkilərdir. Əsasən rütubətli meşələrdə yaşayırlar. Adi sarmaşan bitkilər kimi yaxınlıqda olan ağacların gövdələrinə və budaqlarına yapışaraq yüksəkliyə qalxır. Nümayəndələrindən biri də Nepentes (Nepentes)-dir. Onun yarpaqları üç- assimilyasiyada rol oynayan, sarmaşmaq üçün, cücünün tutulması üçün olan hissələrdən ibarətdir.

4.Fəsilə:Sarrasenlər

Bataqlıqda yaşayan çoxillik cücüyeyən bitkilərdir.

Cins:Sarrasen

Bu cinsin nümayəndələrinin küpələrinin ətrafı parlaqdır. Torpaq üzərində sərilmiş vəziyyətdə olur və zəhərli gözlüklü ilanı xatırladır. Bura düşən cücülər ləzzətli şirənin qurbanına çevrilirlər.

Bardaqcıqlı nepentes Kap şehçiçəyi

Al-qırmızı sarrasen

 

2.Cücülərdə xəstəlik törədən mikroorqanizmlər

Virus, bakteriya, mikrosporidi və göbələklər cücülərdə xəstəlik törədən mikroorqanizmlərdəndir. Kitabda bunların törətdiyi xəstəliklər haqqında məlumat verilmişdir. Cücülərdə müşahidə edilən xəstəliklərə qranulyoz, nüvə poliedrozu, sarılıq kimi xəstəliklər nümunə göstərilmişdir. Bakteriyaların əksəriyyəti isə kəpənək xəstəliklərinin törədiciləridir. Müəllif cücülərdə xəstəlik törədən göbələklərdən entomofor, muskorid, boveriya, qrill göbələyinin adını qeyd etmişdir.

3.Cücülərlə qidalanan onurğasız heyvanlar

Cücülərlə qidalanan onurğasız heyvanlar isə 2 qrupa ayrılmışdır:

1.yırtıcı cücülər                            2.parazit və ya tüfeyli cücülər

Yırtıcı cücülər- özləri və ya sürfələri başqa cücülər üzərinə hücum etməklə onları parçalayıb yeyirlər. Azərbaycanda 2 minə yaxın yırtıcı cücü növü məlumdur.

Tüfeyli cücülər özləri də 2 qrupa ayrılır: birbaşa tüfeylilik edənlər və şikarı iflic etməklə tüfeyli həyat keçirənlər

Birbaşa tüfeylilik edən cücülərin sürfələri ya cücünün bədəninin daxilinə, yaxud da onun üzərinə yapışaraq onları sormaqla tüfeylə həyat keçirirlər. Bu cücülərə minicilər və incəbellər aiddir.

Şikarı iflic edən cücülərə isə zarqanadlılar aiddir. Bura cır arılar və bəzi minicilər də aiddir.

Yırtıcı və parazit cücülərin əksəriyyəti zərərverici həşəratlara qarşı mübarizə məqsədilə də istifadə edilir.

Digər onurğasız heyvanlara isə hörümçəkkimilər nümunə göstərilmişdir.

 

4.Cücülərlə qidalanan onurğalı heyvanlar

Kitabda onurğalı heyvanlara aid olan  balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməli heyvanların cücülərlə qidalanan nümayəndələrinə aid misallar göstərilmişdir. Müəllif cücüyeyən insanların yaşadığı əraziləri xüsusi qeyd etmişdir. Amazon hindliləri termitləri, beduinlər çəyirtkəni, İndoneziyanın Lombok adasının sakinləri iynəcəni, Avtraliyanın qədim yerli sakinləri yarpaq birələrinin ifraz etdiyi xırda dənəcikləri toplayaraq qida kimi istifadə edirlər.       

 

Əliyev S.V.heyvanların davranışı və həyat tərzi ilə bağlı gəldiyi çox maraqlı qənaətlərini qüvvətləndirmək üçün yeri gəldikcə aforizmlərdən, atalar sözlərindən, müdrik kəlamlardan, rəvayətlərdən və şeirlərdən geniş istifadə etmişdir. Məsələn, kitabda hörümçəklər haqqındaoxuyarkən belə bir şeirlə tanış olduq:

Nazik sapdan sallanar,                       Hücum eyləyər ona

Harda gəldi tor qurar,                       Sınayar öz gücünü

Cücü düşcək toruna                          Sorub yeyər-cücünü.

“Cücülərlə qidalanan bitkilər, mikroorqanizmlər, onurğasız və onurğalı heyvanlar” kitabı 1995-ci ildə kiril əlifbası ilə çap olunmuş “Düşmənlərin düşmənləri, yaxud bizim dostlarımız” kitabçasının bir növ davamı olan bu kitaba müəllifin əvvəlkindən fərqli 100 səhifəyə qədər yeni məlumatlar, əksəriyyət növlərin və onların ovlanma üsullarını əks etdirən şəkillər, ekspedisiyalar zamanı apardığı müşahidələr, müəllifin heyvanları səciyyələndirən öz şeirləri və xatirələri  əlavə olunmuşdur.

Oxuculara təqdim olunan bu əsər sanki təbiətin ədəbi şəkildə əks olunmuş təsviridir. Akademik S.Əliyev kitabda oxuculara təbiət sevgisini aşılamaqla yanaşı, son zamanlarda mühüm müzakirə obyektlərindən biri olan təbiətin qorunması məsələsinə də xüsusi diqqət ayırmışdır. Geniş oxucu auditoriyası, o cümlədən texnikum, orta və ali məktəb tələbələri, gənc elmi işçilər və təbiətsevərlər üçün nəzərdə tutulmuşdur.

 

Müəllif:Tətbiqi Zoologiya Mərkəzinin baş laborantı-Dadaşova Ləman

 

: 332


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.