Cücülərlə qidalanan balıqlar


A- A A+

Balaca balığıq biz,                                          Bu sular dünyasında,

Səksəkədə ömrümüz.                                       Var ikən yox kimiyik.

Məskənimiz göy sular,                                    Biz böyük balıqların,

Dəniz, çaylar, dəryalar                                  Bir udumluq yemiyik.

 

Verilmiş şeir nümunəsi akademik Seyfəddin Əliyevin müəllifi olduğu “Cücülərlə qidalanan bitkilər, mikroorqanizmlər, onurğasız və onurğalı heyvanlar” kitabına aiddir. Akademik kiçik ölçülü balıqların böyük balıqların yemi olması ilə yanaşı, cücülərində kiçik balıqların yemi olması kimi maraqlı bir mövzuya toxunmuşdur.

Mavi sular dünyasının soltanı olan balıqların növ tərkibi olduqca zəngindir. Balıqların bir hissəsi suların qoynunda qorxusuz-hürküsüz üzən yırtıcılar, bir hissəsi isə cücülərlə qidalanan xırda balıqlar və balıq körpələridir.

Şirin sularda yaşayan balıqlar daha çox cücülərlə qidalanırlar. Balıqların qidasına çevrilən cücülərə isə iynəcələr, ağcaqanadlar və gündəcələri misal göstərmək olar. Indi isə cücülərlə qidalanan balıqlar ilə qısaca tanış olaq.

Qambuziya-bu balıq növü çoxumuza məlumdur. Hələ məktəb dövründə ikən biz bu balıq növü ilə yaxından tanış oluruq. Bu balıqlar insan həyatında çox mühüm rol oynadığını bilirik. Qambuziya balıqlarını ağcaqanadların qənimi də hesab etmək olar. Bu isə bir sıra yoluxucu xəstəliklərin, xüsusilə malyariya xəstəliyinin qarşısının alınması üçün önəmlidir. Qambuziya balıqlarının ölçüsü 3-4 sm olsa da, onun verdiyi fayda çox böyükdür. 1925-ci ildə Azərbaycana gətirilərək iqlimləşdirilən qambuziya balığı hazırda respublikanın göllərində, durğun çay və kanal sularında geniş yayılmışdır.

 

 

Çəki balığı- bizə kiçik yaşlarımızdan məlum olan digər balıq növüdür. Çəki balıqları dünyada, həmçinin Azərbaycanda çox geniş yayılmışdır. Bu balıqlarda cücülərlə qidalanır. Bədən uzunluğu 6 sm-dən 1,7 m-ə qədər olan sümüklü balıqlardır. Çəki balığına sakit axan və bitki cəngəlliyi olan göllərdə və digər su hövzələrində daha çox rast gəlmək olar. Çəki balığının körpələri siklop (su birəsi), infuzorlar və digər kiçik onurğasızlarla qidalanırlar. Yetkin fərdlər isə xironomid, gündəcə, baharçı, bulaqçı və ağcaqanad sürfələrini yeyirlər.

 

Supüskürdən balıqlar-maraqlı xüsusiyyətləri ilə seçilən balıqlardır. Ölçüləri 20 sm-dən böyük olmur.Birma, İndoneziya və Vyetnam çaylarının mənsəblərində, Filippin və Polineziya adalarında yaşayırlar. Ən yaxşı öyrənilmiş-Toksates yakulator növüdür. Cücülərlə qidalanan bu balıqların ovlama texnikası çox maraqlı və qeyri-adidir. Yakulator balığı suyun üzərində dayanıb üst səthdə uçan cücüləri izləyir. 1 metr və daha aralıda dayanaraq ağzından suyu təzyiqlə püskürtməklə onları vurub salır. Daha sonra suyu düşüş cücüləri dərhal qapıb yeyir.

Bu balıqların ovçuluq qabilliyəti qədimdən məlumdur. Uzaq keçmişdə insanlar əylənmək üçün bu balıqları hovuzlarda saxlayarmışlar. Cücüləri isə sapa düzərək hovuzun üzərindən asarlarmış. Balıq cücüləri atəşə tutar və tamaşaçıları əyləndirərmiş. 

 

 

 

Müəllif:Tətbiqi Zoologiya Mərkəzinin baş laborantı-Dadaşova L.B.

 

: 572


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.