NEWS
3782 Archive

2017.05.31

Şəfəq Məmmədovanın biоlоgiya üzrə fəlsəfə dоktоru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirildi

AMEA Zoologiya İnstitutu Mingəçevir elmi təcrübə laboratoriyasının k.e.i., Şəfəq Mənsur qızı Məmmədova botanika ixtisası biоlоgiya üzrə fəlsəfə dоktоru elmi dərəcəsi almaq üçün  “Böyük Qafqazda (Azərbaycan daxilində) yayılmış İydəkimilər (Elaeagnaceae Juss.) fəsiləsi növlərinin biomorfoloji və biokimyəvi xüsusiyyətləri” mövzusunda dissertasiyasını müdafiə edib.

İydəkimilər (Elaeagnaceae) fəsiləsinə aid olan bitkilər ətraflı öyrənilsə də, Azərbaycanın Böyük Qafqaz hissəsində müxtəlif çaytikanı populyasiyalarında yabanı bitən çaytikanı və iydə bitkisinin müxtəlif formaları müəyyən edilərək öyrənilməmişdir. Bu çatışmazlığı aradan qaldırmaq, Böyük Qafqazın təbii sərvətlərindən səmərəli istifadə etmək məqsədi ilə burada geniş yayılmış çaytikanı və iydə formaları tədqiq edilmişdir. Tədqiqatın əsas məqsədi Azərbaycanın Böyük Qafqaz botaniki-coğrafi rayonunda yayılmış mühüm təsərrüfat əhəmiyyəti kəsb edən çaytikanı və iydə populyasiyalarından biomorfoloji və biokimyəvi xüsusiyyətləri ilə fərqlənən, formaların seçilməsi, onların tərkibində olan BFM-lərin və qidalı maddələrin (QM) keyfiyyət tərkibinin və kəmiyyətcə miqdarlarının toplanma qanunauyğunluqlarının müəyyən edilməsi və qida əlavələrinin alınmasının səmərəli texnologiyasının hazırlanmasıdır.

Tədqiqat zamanı Böyük Qafqaz botaniki-cografi rayonunda yayılmış Hippophae rhamnoides L. növünün 12 populyasiyasından 55 forma toplanmışdır. Mühüm təsərrüfat əhəmiyyətli morfoloji əlamətləri olan 29 forma seçilmiş, morfoloji və biokimyəvi tədqiq edilmişdir.

Tədqiqat nəticəsində xromatoqrafik metodlarla çaytikanı meyvəsinin tərkibində 4 flavonoid, 4 katexin, 11 karotinoid, 14 amin turşusu müəyyən edilmişdir.

Kiş çayı populyasiyasından olan K-3, K-8, Samurçay populyasiyasından S-4, Katexçay populyasiyasından Ka-3 formaları sənaye əhəmiyyətli olması müəyyən edilmişdir.

Tədqiqat nəticəsində ilk dəfə müəyyən edilmişdir ki, meyvənin müxtəlif hissələrində (qabıq, lət, toxum) piy yağı və karotinoidlərin miqdarı qeyri-bərabər paylanır. Ən çox yağ və karotinoid meyvənin qabıq və lət hissəsində toplanır. Qabıq-lət hissədə yağın miqdarı 16,25-26,8%, toxumda 8,7-10,5%. Çaytikanı meyvəsindən çaytikanı konsentrantının alınması, şirə çıxımını və BFM miqdarını 2 dəfə artıran səmərəli texnologiya hazırlanmışdır.  Müəyyən edilmişdir ki, çaytikanı formalarında, meyvələrinin rəngi ilə onların tərkibindəki karotinoidlərin miqdarı və keyfiyyət tərkibi arasında müsbət korreliyasiya vardır. Narıncı rəngli meyvələrdə karotinoidlərin miqdar və komponent tərkibi zəngin olur.

İydə bitkisinin Azərbaycanda geniş yayılması və heç öyrənilməməsi nəzərə alınaraq, iydənin meyvələrinin də kimyəvi tərkibi öyrənilib.

Tədqiqat materialı Azərbaycanın Qax rayonunun Qıpçaq kəndinin cənubi-qərb hissəsində Alazan çayın sahilində yayılmış yabanı növ Daryarpaq iydə Elaeagnus angustifolia L. və mədəni forma Şərq iydəsi E. orientalis L. meyvəsi olub. İlk dəfə olaraq Daryarpaq və Şərq iydə növlərinin meyvələrinin kimyəvi tərkibi müqayisəli öyrənilmiş və müəyyən edilmişdir ki, Şərq iydəsinin meyvələri qidalı maddələrlə, Daryarpaq iydə meyvələri isə polifenol maddələr və C vitamini ilə zəngindir.