NEWS
3477 Archive

2017.04.14

AMEA Zoologiya İnstitutunda Zəlilərin süni yolla çoxaldılması üzrə ilk nəticə əldə edilmişdir

Zəlilər Həlqəvi qurdlar (Annelida) tipinin kəmərlilər (Clitellata) yarım tipinin ayrıca bir sinfidir (Hirudinea). Onlar azqıllı qurdların (Oligochaeta) kəskin dəyişilmiş forması hesab olunurlar. Dünyada zəlinin 500-ə yaxın, Azərbaycanda isə 17 növü vardır. Bunlardan yalnız 1 növ - tibb və ya aptek zəlisi (Hirudo medicinalis) insan üçün faydalıdır, ondan müalicə məqsədi ilə istifadə edirlər. Zəlinin ağız suyunda insan orqanizmi üçün gərəkli olan 100-ə yaxın bioloji aktiv maddənin ancaq 20 faizini elm öyrənə bilib. Bu canlının ağız suyunda hirudin deyilən maddə var. Hirudin qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır. Hirudin eyni zamanda qan damarlarında yüksək təzyiqi azaldır, xoralaşma prosesini, eroziv sahələri bərpa edir və sağalma sürətlə gedir. Zəli ilə müalicənin ağrıkəsici təsiri də var. Digər zəli növlərinin isə isə heç bir müalicəvi əhəmiyyəti yoxdur. Xeyli müddətdir ki, AMEA Zoologiya İnstitutunda Tibb zəlisinin süni yolla çoxaldılması texnologiyası üzrə təcrübələr aparılır. Bu istiqamətdə ilk sevindirici nəticə əldə edilmişdir. Tətbiqi Zoologiya mərkəzinin elmi işçisi Könül Tapdıqovanın təcrübəsi barama ilə nəticələnmişdir. Belə ki, 42 gün bundan əvvəl akvariuma 8 ədəd zəli daxil edilmiş, orada zəlilərin yaşadığı təbii şəraitə uyğun ekosistem yaradılmış və müşahidələr aparılmışdır. Hazırda bu istiqamətdə tədqiqatlar davam edir.