NEWS
12549 Archive

2016.12.06

Birhüceyrəlilər mikroaləmi haqqında bilmədiklərimiz

İnsanlar ətraf mühiti qiymətləndirən zaman, ona ilk növbədə özü üçün hansı məna kəsb etdiyi nöqteyi nəzərindən yanaşırlar. Məhz bu səbəbdən biologiyadan uzaq olan insanlarda tez-tez belə bir sual meydana gəlir: “Birhüceyrəli heyvanlar niyə lazımdır?” Bu sualı verərkən, birhüceyrəlilərin insanlara nə kimi faydası olduğunu nəzərdə tuturlar.

            “Birhüceyrəli heyvanlar hansılardır?” sualına insanların böyük əksəriyyəti ən yaxşı halda (məktəb illərində keçilənləri xatırlasalar) amöb və infuzor-tərlik cavabını verirlər. Lakin ibtidailər, yəni birhüceyrəli orqanizmlər aləmi çox böyükdür və morfoloji əlamətlərinə görə müxtəlif olan və Yer Kürəsinin demək olar ki, hər yerində rast gəlinən on minlərlə növə malikdir. Onların arasında həm parazit növlər, yəni digər orqanizm hesabına qidalananlar, həm də sərbəst yaşayan növlər vardır. Qeyd etmək lazımdır ki, birhüceyrəlilər çox xırda orqanizmlər olub, adı gözlə görünmürlər və onların ölçüləri orta hesabla 1-dən 150 mikrona qədər ola bilir, lakin bu orqanizmlər arasında daha böyük ölçüyə malik olanlar da vardır.

            İbtidailərin demək olar ki, bütün qruplarında parazit növlərə rast gəlinir. Hal-hazırda məlum olan 200 min ibtidai heyvan növündən 20 mindən çoxu parazit həyat tərzi sürür və insan və heyvanlar üçün təhlükəli xəstəliklər törədir. Buna misal olaraq malyariya xəstəliyini göstərmək olar ki, bu xəstəlikdən Dünyada hər il 1-2 milyon insan dünyasını dəyişir. İbtidailər içərisində digər təhlükəli xəstəliklərin törədicilərinə də rast gəlinir. Bunlara yuxu xəstəliyi, leyşmaniozlar, amöb dizenteriyası və s. misal göstərmək olar.

            Qeyd etmək lazımdır ki, bitki və heyvanların orqanizmində məskunlaşan canlıların hamısı ziyanverici deyil. Məsələn, insanların orqanizmində 20 növ zərərsiz birhüceyrəlilər yaşayır.

            Qazanılmış insan immun çatışmazlıq sindromunun (QİÇS) hər tərəfli tədqiqi zamanı ibtidailər tibb işcilərinin də diqqətini çəkməyə başladı. Məlum oldu ki, bu canlılardan bəziləri normal immunitetə malik insanlar üçün təhlükəsiz olsa da, lakin immun sistemi kəskin şəkildə zəifləmiş insanlar üçün ölümcül təhlükəli olan xəstəliklər törədir. Bu cür xəstəliklər opportunistikxəstəliklər adlanır. AMEA Zoologiya institutunda uzun illər ərzində bir çox parazit ibtidailər tədqiq edilir. Bu parazit ibtidailər içərisində daha çox quşçuluğa ciddi ziyan vuran eymeriyalar və QİÇS-lə assosiasiya olunmuş opportunistik xəstəliklər sırasına daxil edilən kriptosporidilərinin tədqiqinə xüsusi diqqət ayrılır.

            Dənizlərdə, şirin sularda və torpaqlarda yaşayan sərbəstyaşayan ibtidailər daha çox növ müxtəlifliyinə malikdirlər.

Mikroskopik ölçülərə malik olduqlarına, sürətli çoxalma və ətraf mühitin əlverişsiz şəraitində yaşamaq qabiliyyətini saxlaya bilmək xüsusiyyətlərinə görə sərbəstyaşayan ibtidailər Yer Kürəsinin yüksək dağ zirvələrindən tutmuş okeanların dərin çökəkliklərinə qədər hər yerində rast gəlinirlər.

Məlumdur ki, Yer Kürəsində olan bütün canlı orqanizmlər qidalanma xüsusiyyətinə görə üç əsas qrupa ayrılır: produsentlər, konsumentlər və redusentlər. Produsentlər qrupuna günəş enerjisi və kimyəvi proseslər hesabına qeyri-üzvü maddalərdən üzvü maddələr yaradan orqanizmlər daxil edilir. Bu qrupa əsasən birkilər və bakteriyalar aiddir ki, onları həm də avtotroflar adlandırırlar. Konsumentlər qrupu heterotrof orqanizmlərlə təmsil olunur ki, bu heyvanlar produsentlər tərəfindən istehsal olunan hazır üzvi maddələrlə qidalanır. Üçüncü qrup olan redusentlər də heterotrof orqanizmləri özündə birləşdirir və bu qrupa daxil olan heyvanlar məhv olmuş canlı orqanizmlərin parçalanmasından enerji əldə edir.

İbtidailər içərisində produsentlərə birhüceyrəli yosunlar, qalan ibtidailərin əksəriyyəti isə konsument və redusentlərə aid edilir.

Sərbəstyaşayan ibtidailər icərisində daha çox müxtəliflik dəniz və okeanlarda yaşayan növlərə xasdır. İbtidailərin məlum olan 200 min növündən təqribən 40 mini dənizdə yaşayan növlərdir.

Fitoplankton orqanizmlərdən əlavə okeanlarda külli miqdarda birhüceyrəli zooplankton da toplanır ki, onlar əsasən qamçıayaqlılar və infuzorlarla təmsil olunur. Plankton ibtidailər bakteriyalarla birlikdə üzvi maddələr yığını əmələ gətirir ki, bioloqlar onları “dəniz qarı” adlandırır. Bu yığın kiçik plankton xərçəngkimilər üçün qida rolunu oynayır və dəniz planktonunda qida zəncirinin əsasını təşkil edir. Eyni zamanda plankton xərçəngkimilər bir çox balıq növlərinin qidasını təşkil edir.

Qeyri-üzvü çanağa malik olan milyardlarla ibtidailər (dənizlərdə radiolarilər, foraminiferlər, şirin sularda çanaqlı amöblər) məhv olan zaman tədricən dibə çökür və dib çöküntüləri əmələ gətirir. Bu prosses 1,5 milyard il bundan öncə başlayıb və biosfer mövcud olduqca davam edəcək. İbtidai orqanizmlərin özlərini görməyən insanlar çox güman ki, bu prossesin nəticələri ilə rastlaşıb. Məsələn, məktəbdə lövhədə yazmaq üçün istifadə edilən təbaşir buna misal ola bilər. Təbaşir kokkolitofarinlər adlanan ibtidailərin əhəngli örtükləri hesabına əmələ gəlir. Qazıntı halında tapılan ibtidailər-foraminiferlər, radiolarilər və kokkolitoforlar başlıca tapıntılara aid edilir. Onların süxurlarda növ tərkibindən asılı olaraq geoloqlar faydalı qazıntıların tapılmasının mümkünlüyü barədə məlumat əldə edə bilirlər. Bu cür geoloji proqnozlar üçün foraminiferlər daha çox əhəmiyyət kəsb edir. Belə ki, onların köməkliyi ilə ixtisasçılar məqsədyönlü şəkildə  neft yataqlarını axtarır.

Dənizlərdə olduğu kimi şirin sularda da infuzorların sayı daha çox olur. Dəniz sularının qrupları olan radiolarilər və foraminiferlər şirin sularda çanaqlı amöblərlə əvəz olunur ki, onlar da infuzorlarla yanaşı torpağın üst qatında, daha doğrusu torpaq hissəcikləri arasında olan su damcılarında “mikroakvariumlarda” məskunlaşır.

İbtidailər torağın məhsuldarlığının artırılmasında çox böyük rol oynayır. İxtisasçıların qiymətləndirməsinə görə bütün torpaq ibtidailərinin biokütləsi torpaqda məskunlaşan çoxhüceyrəli heyvanların, yəni, yağış qurdlarının, gənələrin və həşəratların biokütləsinə bərabərdir.

Artıq qeyd edildiyi kimi, “çılpaq” amöblərlə yanaşı, çanaqlı amöblər də mövcuddur ki, onlar şirin sularda və torpaqlarda yaşayır. Bu amöblər xarici skeletə malikdir ki, bu skelet üzvi sementdən, diatom yosunlarının skeletindən və silisium lövhəciklərindən ibarətdir. Çanaqda dəlik vardır ki, buradan amöb plazma çıxıntıları-psevdopodiləri xaricə çıxara bilir. Hal-hazırda çanaqlı amöblərin bir neçə yüz növü məlumdur ki, onların növlərini təyin etmək üçün çanağın forma və quruluşu mühüm rol oynayır. Bu qrupu tədqiq etmək üçün ixtisasçılar elektron mikroskopdan istifadə edirlər. Bu mikroskopun iş prinsipi bioloji obyektin (bizim misalda amöbün çanağının) nazik qızıl təbəqəsi ilə tozlandırılmasından ibarətdir. Daha sonra obyekt elektron mikroskopuna yerləşdirilir. Burada onun üst səthinin tozlandırılmış nazik qızıl təbəqəsi elektron selinə məruz qalır və əldə edilən görüntü monitorun ekranında görünür.

Sərbəstyaşayan ibtidailər içərisindən infuzorlar ətraf mühitin dəyişilməsinə daha tez cavab verən orqanizmlərdir. Onlar birhüceyrəli heyvanların kifayət qədər böyük qrupu olub, bədəninin uzunluğu orta hesabla 30-dan 350 mikrona qədər olur. Bəzi növlərinin uzunluğu 2-3 mm, bəzən isə 5 mm-ə çatır. Hal-hazırda infuzorların 10 minə qədər valid, yəni həqiqi növləri təyin edilmişdir. İnfuzorların təyini üçün klassik metod olan gümüş ilə impreqnasiya metodundan istifadə edirlər. Bu metodun xüsusiyyəti ondan ibarətdir ki, hüceyrənin səthi (heyvanın bədəni) gümüş-nitrat məhlulu ilə işlənir, sonra isə işıq ilə şüalandırılır. Bu zaman, foto çəkmə prosessində olduğu kimi, müəyyən hüceyrə strukturları ilə əlaqəyə girən gümüşün bərpası baş verir. Heyvanın bədənin səthi-məsələn, əsası qara nöqtə şəklində rənglənən kirpikciklər, aydın şəkildə görünür ki, bu da morfoloji quruluşu ətraflı şəkildə tədqiq etməyə imkan verir.

Bir qədər sonra daha çətin metod olan gümüş proteinat, yəni, protarqol ilə impreqnasiya metodu təklif olundu ki, bu metod daha çox məlumat əldə etməyə imkan verir. Qeyd etmək lazımdır ki, bu metodun modifikasiyalarından biri Azərbaycanda təklif olunmuşdur (Алекперов, 1992). 

Xarici ixtisasçılar bahalı protarqol reaktivindən bir neçə qram istifadə edirlərsə, bizim üsulda, preparatların hər seriyasına cəmi 25 mq protarqol kifayət edir. Metodun bu xüsusiyyəti onun keçmiş SSRİ ölkələrinin ixtisasçıları arasında geniş istifadə edilən metod olmasına səbəb oldu.

Azərbaycanda ibtidailərin öyrənilməsi haqqında. Azərbaycan protozoologiyasının əsasını akademik M.Ə.Musayev qoymuşdur. Onun bir çox tələbələri hal-hazırda istər parazit, istərsə də sərbəst yaşayan ibtidailərin öyrənilməsi üzrə özlərinin şəxsi məktəbini davam etdirir. Hər iki istiqamət dünya elminə böyük töhvələr verib. Hal-hazırda AMEA Zoologiya institutunun Protistologiya laboratoriyasında ev quşlarında, amfibilərdə, sürünənlərdə və məməlilərdə birhüceyrəli parazit ibtidailərin aşkarlanması üzrə tədqiqatlar davam etdirilməklə yanaşı, onların göstərdiyi təsir və insan üçün təhlükə səviyyəsi araşdırılır. Bunların işərisində QİÇS-lə assosiasiya olunmuş opportunistik xəstəliklərin törədiciləri olan kriptosporidilərin tədqiq edilməsinə xüsusi diqqət ayrılır. Laboratoriyanın əməkdaşları tərəfindən parazit ibtidailərin 86 növü, sərbəsyaşayan ibtidailərdən infuzor və amöblərin 5 fəsiləsi, 18 cinsi və 176 növü elm üçün ilk dəfə olaraq təsvir edilmişdir. Bu göstərici yalnız Azərbaycanda deyil, o cümlədən dünyada ibtidailərin öyrənilməsi üzrə böyük nəaliyyətdir.

İlk dəfə olaraq infuzor növləri-indikatorlar vasitəsi ilə dəniz və şirin suların çirklənmə dərəcəsinin qiymətləndirilməsinin ekspress metodları və balıq körpələrinin yetişdirilməsi üçün ilkin yem kimi infuzorların kütləvi kulturalarının çoxaldılması metodikası işlənib hazırlanmışdır.

Azərbaycan protozooloqları məktəbinin nailiyyətləri xarici ölkələrin ixtisasçıları tərəfindən daim yüksək qiymətləndirilir. Belə ki, Azərbaycanda işlənilən metodları əldə etmək üçün mütəmadi olaraq Rusiyadan və digər ölkələrdən Zoologiya institutuna gələn ixtisasçılar burada qısamüddətli təlim keçirlər. Həmçinin Azərbaycan protozooloqları da xarici həmkarları ilə, ilk növbədə Rusiya, Ukrayna və digər ölkələr ilə uzunmüddətli əlaqələr saxlayır. Azərbaycanın bütün prtozooloqları əldə etdikləri nailiyyətlərə görə onlara daim dəstək olan SSRİ EA müxbir üzvü Y.İ.Polyanskiyə, prof. İ.B.Raykova, prof. T.V.Beyerə, b.e.d. A.V.Yankovsiyə və bir çox digər dünya şöhrətli alimlərə borcludurlar.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xarici ölkələrin, xüsusi ilə ABŞ-ın Texas Universitetinin Dəniz Tədqiqatları institutunun, Almaniyanın Bonn Universitetinin, Çexiya EA Parazitologiya institutunun ixtisasçıları ilə olan əməkdaşlıq daha da gücləndi.

Sonda qeyd etmək istəyirəm ki, ibtidailər bir çox qeyri-adi xüsusiyyətlərə və kifayət qədər qəliz quruluşa malikdir. İbtidailərin daha dərindən və müasir molekulayar metodlar vasitəsi ilə tədqiq edilməsi canlı təbiətin nə qədər qəribə və paradoksal olduğunu bir daha sübut edir. 

 

Müəllif:  b.e.d. İlham Ələkbərov, Elyanə Tahirova