NEWS
3260 Archive

2018.02.13

“Qadınlar və qızlar elmdə” beynəlxalq gününə həsr olunan konfrans keçirilib

Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) birgə təşkilatçılığı ilə 11 fevral - “Qadınlar və qızlar elmdə” beynəlxalq gününə həsr olunan konfrans keçirilib.

EİF-də baş tutan konfransın keçirilməsində əsas məqsəd elm, texnologiya və innovasiyalarda gender bərabərsizliklərinin səbəblərini müəyyən etmək, qadınların və qızların elmi tədqiqatlara cəlb edilməsi üçün fəaliyyət proqramlarının təşkilini təmin etmək olub.

Konfransda RUGİM-in direktoru Firuzə Sultan-zadə çıxış edərək Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu, görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib. Qeyd edib ki, ölkənin elm və təhsil tarixində xüsusi yeri olan oftalmoloq-alim, akademik Zərifə Əliyeva, görkəmli şərqşünas-alim Aida İmanquliyeva, akademik Rəfiqə Əliyeva, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva  və digər xanımlarımız yeni dövr Azərbaycan elmində önəmli izlər qoyublar.

Sonra çıxış edən EİF-in icraçı direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev dünyada qadınların elmi uğurlarından, bütövlükdə elmdə gender bərabərliyindən, Azərbaycanda bu sahədə olan vəziyyətdən və dövlətin yaratdığı geniş imkanlardan danışıb. O, son illərdə fondun qrant müsabiqələrində qalib olan qadınların sayının davamlı artdığını vurğulayıb, onların elmi fəaliyyətinin dəstəklənməsi üçün səylərin hər zaman davam etdiriləcəyini qeyd edib.   

Daha sonra konfransla bağlı - “Qadınlar və Qızlar Elmdə” adlı videoçarx nümayiş etdirilib.

Sonda RUGİM-in elmin inkişafı yolunda fərqlənən 50 qız şagirdi diplomla təltif olunub.

http://science.az/news/open/7383