342

İlanları qoruyaq, İlanlardan qorunaq!

Digər fauna növləri kimi ilanların da təbiət üçün öz əhəmiyyəti var. İlanlar təbiətdə onları yeyən yırtıcı heyvanlar üçün vacibdir, bu heyvanların təbii yem resurslarından biridir. İlanlar eyni zamanda, bir çox  heyvan növlərini (xırda məməlilər, siçankimilər, quş və quş balaları, kərtənkələlr, ilanlar, qurbağalar və s.) yeməklə onların təbiətdə sayının tənzimlənməsində iştirak edir.  Fauna növləri arasındakı bu  trofik əlaqələr pozulduqda  heyvan növlərinin say balansı da pozulur, fauna müxtəlifliyinin sabitliyi zədələnir. İlanların yem resusları sırasında  əsas yeri xəstəlik törədicilərini yayan, zərəverici  siçan və siçovullar tutur. İlanların sayca azalması bu gəmiricilərin sayca artması ilə nəticələnir.

Təəssüf ki, insanlarda ilanlara qarşı neqativ münasibət bu gün də qalmaqdadır. İlanlarla rastlaşan hər kəs  qeyri-ixtiyari qorxu hissi keçirir, narahat olur. Lakin onu  da bilmək lazımdır ki, insan həyatı üçün təhlükəli yalnız mükəmməl zəhər aparatı olan, öz şikarlarını zəhər dişləri ilə sancıb zəhər yeritməklə öldürən zəhərli ilanlardır! Azərbaycanda olan 28 növ ilanlardan yalnız 6 növ zəhərlidir, bunlardan da yalnız “Levant gürzəsi” adlandırdığımız iri aran gürzəsi geniş yayılıb. Bu gürzə enliyarpaq dağ meşələrindən, yüksək dağlıq ərazilərdən, Talış zonasından başqa Azərbaycanın bütün isti və quraq düzənliklərində, dağətəyi çöllüklərində rast gəlinir. Bu  gürzənin ölçüsü quyruğu ilə birlikdə ən çoxu 2,0-2,2 metr olur. Amma bu ölçüdə gürzə  Azərbaycanda çox nadir hallarda rast gəlinə bilər. Əksər halda  90-100 sm ölçüsü olan gürzələr rast gəlinir.  Çox vaxt sosial şəbəkələrdə Azərbaycanda 4 metr və daha iri ölçülü gürzə barədə şişirdilmiş görüntülər yayılır. Təbii ki, bu həqiqətə uyğun deyil. Əgər həqiqətən bu ölçüdə gürzə ilanı tapılsa, bu anomaliya  halı kimi qiymətli elmi tapıntı olardı və bu tapıntını lazımi orqanlara təhvil vermək  vacibdir.

Azərbaycanda rast gəlinən digər 5 növ gürzələr xırda ölçülü dağ gürzələridir, çox məhdud ərazilərdə, həm də çox  nadir rast gəlinən  gürzələrdir.

Qalan 22 növ ilanlar isə müxtəlif növ təlxələr, suilanları, eyrenislərdir ki, insan həyatı üçün heç bir  təhlükəsi olmayan zəhərsiz ilan növləridir. Bu ilanların bəziləri (Qızıl ilan, Kələz ilan) ilkin halda çox nadinc və aqressiv olsalar da, sancmalarının insan üçün heç bir təhlükəsi yoxdur.

Əhalinin  ilanlar barədə lazımi  bilgiləri və məlumatları olmadığı üçün  adamlar ilanla rastlaşdıqda instinktiv olaraq qorxur və narahat olurlar. Bəs necə edək ki, ilandan qorunaq? Nə etməli ki, yaşadığımız, işlədiyimiz, istirahət etdiyimiz yerlərdə ilan olmasın? Əgər olduğumuz məkan ilanların geniş yayıldığı ərazi ilə əhatə olunubsa, ilanların həmin məkana da daxil olması qaçılmazdır. İlanlardan qorunmağın iki yolu var. Birincisi, təbii yoldur. Unutmamalıyıq ki, qışlamadan yenicə  çıxmış ilanlar aprel ayından başalayaraq iyun ayının ortalarına kimi torpaq hələ qızmar olmadığı üçün bütün sutka ərzində fəaldırlar, yemlənmə və çoxalma məqsədilə  ətraf ərazilərə səpələnirlər. Bu, onların həyat tərzridir və insanla heç bir əlaqəsi yoxdur. Çox vaxt  biz  ilanlar üçün  öz ərazimizdə əlverişli şərait yaradıb, sanki, ilanları “dəvət” edirik. Bu nə deməkdir? İlanlar gizlin həyat tərzi keçirirlər. Onlar yedikləri heyvan növləri olan ərazini tapır, sonra orada şikarını tutmaq üçün gizlənmə yeri seçib pusqu qurur və şikarı keçərkən ani sıçrayışla tutur. Əgər biz təsadüfən bu yerə çox yaxın keçsək, ilan  təhlükə hiss etdiyi üçün  bizi də sanca bilər. Belə halda günahkar ilan deyil, biz özümüz oluruq ki, ilanın həmin yerdə gizlənə biləcəyini unudub ehtiyatsızlıq etdik!

Soyuqqanlı olduğu üçün ilanlar yayın isti vaxtlarında sərinlənmək üçün sərin, soyuq vaxtlarda qızınmaq üçün isti yer axtarır (siçan yuvaları, otluq, kol-kos dibi, daş-kəsək altı, hasarlarda, divarlarda olan boşluqlar, yerə atılmış, yığılmış əşyalar, tullantılar və s.). Bu yerlər ilana, həm də yumurta qoymaq üçün lazımdır. Əgər ərazimizdə belə gizlənmə yerləri varsa, ilan onu axtaırıb tapır. Biz belə yerləri sökəndə və ya əşyaları qaldıranda ehtiyatsızlıq etsək,  ilan sanca bilər! Belə halda günahkar yenə də ilan deyil, biz özümüz oluruq, çünki ilanlar üçün belə əlverişli şəraiti, gizlənmə yerlərini özümüz yaratmışıq! Belə ərazilərdə, həm də ilanın yediyi heyvan növləri çox olur (siçan, kərtənkələ, quş, qurbağa və s.) və ilan belə ərazini hökmən tapır.

Əgər ərazimizdə ilan üçün yuxarıda söylədiyimiz münbit şərait varsa, ilanın olmasına təəccüblənmək lazım deyil! Əgər ərazimiz abad və səliqəli olarsa, yuxarıda təsvir etdiyimiz ilan şəraiti yoxdursa, bu ərazidə ilanın yaşaması mümkün deyil, hətta təsadüfən qonşu ərazidən keçsə belə, o ilan burda qalmyacaq, başqa münbit əraziyə keçib gedəcəkdir.

Beləliklə, ilandan qorunmağın ən etibarlı yolu ərazidə ilan üçün münbit və əlverişli şəraiti ləğv etməkdir: ilan üçün gizlənmə yerləri qoymamaq, əşyaları, materialları yerdən 50-60 sm hüdürlükdı dayaq üzərinə yığmaq, ərazini səliqəli saxlamaq, otu, kol-kosu biçmək, siçan-siçovul və quş yuvalarını ləğv etmək və s.

İlanlardan qorunmağın ikinci yolu əraziyə ilan keçməsi ehtimal olunan yerləri, hasardakı məsamələri, ərazidə ilanın gizlənməsi mümkün ola biləcək yerləri xüsusi kəskin qoxulu maye, toz və ya briket (dənəvər) formada olan ilanqovucu preparatlarla işləməkdir. Bu preparatlar zəhərli olmayan, ərazini ekoloji çirkləndirməyən kəskin qoxulu kimyəvi qarışıqlar, maddələr olmalıdır, onların köməyi ilə ilanları  ərazidən qovmaq ilanın kəskin iy və qoxulara qarşı həssas olmasına əsaslanır. İy və qoxu müvəqqəti, keçici olduğu üçün, təbii ki, bir neçə günə preparatın iyi, qoxusu yox olur və effekti də itir. Ona görə qoxulu preparatlarla işləmə hər 7-10 gündən bir təkrarlanmalıdır. Digər tərəfdən, unutmaq olmaz ki, ilan təkrarlanan eyni iyə  öyrəşə də bilir və buna görə təkrar olaraq  uzun müddət fasiləsiz tətbiq olunan preparatın effekti olmur. Bunları nəzərə alaraq, qeyd  etməliyik ki,  qoxulu preparatlardan istifadə etməklə ilanlardan 100 %-li qorunmanı təmin etmək qeyri mümkündür.

Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşərdi ki, ilanların fəal olduqları  vaxtlarda əhalidə, təsərrüfat və təşkilatlarda  ilanlarla bağlı narahatlıq olur,  onların  ilan problemi ilə qarşılaşması halları  yaranır. Belə hallarda əhalinin  xüsusi mütəxəssis köməyinə ehtiyacları olur. Ona görə də əhaliyə peşəkar (serpentoloji) xidmət göstərmək üçün mütəxəssislərdən, peşəkar serpentoloqlardan ibarət qurum yaradılmalıdır. Bu xidmət ərazinin ilan təhlükəsi baxımından qiymətləndirilməsi, rast gəlinən ilan növlərinin təyini, onların tutularaq ərazidən çıxarılması və əhali üçün  təhlükəli olmayan təbii biotoplarına buraxılması, ərazidə potensial ilan təhlükəsi olan yerləri müəyyən edib ilanqovucu preparatlarla işləmək, ərazidə olan insanları ilanlara qarşı profilaktik tədbirlər barədə təlimatlandırmaq kimi tədbirləri nəzərdə tutur. Bu tədbirləri yalnız ilanlar haqqında serpentoloji bilikləri, xüsusi hazırlığı və ilanlarla iş üzrə təcrübəsi olan mütəxəssislər həyata keçirə bilər. Əks halda göstərilən xidmət qeyri-peşəkar, effektsiz və formal olmaqla yanaşı, həm icraçılar, həm də  sifarişçilər üçün təhlükəlidir (sifarişçi əsassız olaraq arxayınlaşdırılır, ilanları fərqləndirə bilməyən icracı isə ilanla təmasda səhfə yol verə bilər).

Təəssüf ki, əhalinin ilanlara qarşı təhlükəsizlik xidmətinə ehtiyacı olmasından sui-istifadə edərək bəzi fiziki və hüquqi şəxslər  bu xidmətin spesifik xüsusiyyətlərini nəzərə almadan internet vasitəsilə elan verib əhaliyə bu sahədə xidmət təklif edirlər. Yenə də təəssüf ki, bəzi xüsusi sanitar-epidmioloji (Pest-kontrol) xidmət üçün lisenziya  alan hüquqi şəxslər xidmət obyektləri siyahısına qırıcı (məhvedici) üsulla mübarizə apardıqları xəstəlik törədiciləri ilə (siçan-siçovul)  yanaşı ilanları da əlavə edirlər. Bununla da ilanlara qarşı  mahiyyətini bilmədikləri “mübarizə” apararaq əhalini ilanlardan qorumaq görüntüsü yaradırlar. Bu yolverilməzdir və əlaqədar dövlət orqanları bu xidməti təşkil etməli və tənzimləməlidirlər.

 

AMEA Zoologiya institutunun aparıcı elmi işçisi,

b.ü.f.d. İsgəndərov Təvəkkül