Balıq Anizakidozunun insan üçün təhlükəsi


Maraqlı məlumatlar
A- A A+

Anizakidoz geniş yayılmış və insan üçün çox təhlükəli olan invaziv xəstəliklərdən biridir. Bu xəstəliyin törədicisi Anisakidae fəsiləsinə aid olan helmintlərin sürfə mərhələsidir. İnsanın anizakidozla yoluxması qidalanmada helmintin sürfələri ilə invaziya olmuş dəniz balıqlarını çiy və ya tam bişirilməmiş, az duzlanmış, eləcə də az turşuda olmuş halda istifadə etdikdə baş verir.

İlk dəfə olaraq insanda anizakidoz xəstəliyi 1955-ci ildə Niderlandda qeyd olunmuşdur. Skandinaviya ölkələrində 1967-ci ildə 300-dən çox anizakidozlarla yoluxmuş xəstə qeydə alınmışdır. Bu xəstəlik çiy balıq qida kimi istifadə olunan ölkələrdə ( Koreyada, Kitayda, Yaponiyada ) tez-tez qeydə alınır. Axır zamanlar Şimali Amerika ölkələrində və Fransada çiy balıqla qidalanmaq çox məşhur olduğuna görə həmin ərazilərdə insanların anizakidozla yoluxmaları çoxalıb. Həmçinin Rusiyanın Vladivastok vilayətində yaşayan insanlarda çox saylı anizakidoz xəstəliyi rəsmi olaraq qeydə alınıb. Bu hal onunla bağlıdır ki, burada insanlar ev şəraitində hazırlanmış az duzlu dəniz balığı istifadə edirlər.

Xəstəliyin əlamətləri anizakid sürfələri ilə yoluxmuş balığı yedikdən sonra 10 gün ərzində biruzə verir və mədə-bağırsaq sistemində ardı kəsilməyən güclü ağrılarla müşahidə olunur. Anizakidlər daxil olduğu yerlərdə abses və mədə-bağırsaq sisteminin divarlarında qranulema (iltihab nəticəsində əmələ gəlmiş düyünlər) yaradır. Bu nematodun sürfələri xəstə insanların mədə divarlarınan endoskop vasitəsilə və ya əməliyyat yolu ilə çıxarılıb. Bəzi hallarda yoluxma çox yüksək olarsa xəstəlik ölümlə nəticələnir.

İnsanların anizakidlərlə yoluxma hallarının çoxalmasını nəzərə alaraq AMEA Zoologiya İnstitutunun Parazitalogiya laboratoriyasının əməkdaşları tərərfindən Xəzər dənizinin balıqlarının anizakidlərlə yoluxmasını öyrəniblər.

Anizakid sürfələri Xəzərdə yaşıyan balıqların bir çox növlərində aşkar edilib. Balıqlarda parazitlik edən anizakidlərin son sahibləri dəniz məməliləri, Xəzərdə isə suitidir. Daha çox  yoluxan əmtəə əhəmiyyətli, əhali tərəfindən qida kimi tez-tez istifadə edilən siyənəkkimilərdi. İntensiv invaziya zamanı balıqlar bazar görünüşünü itirməklə bərabər xəstəlik mənbəyi ola bilərlər. Bu nematodun sürfələri xəşəm, şəmayi, xəzər şirbiti, qarabel siyənək, xəzər şişqarını, sıf, naxa, xul balıqlarında qeyd olunub. Bu nematodla yoluxma hətta Nərəkimilərdə qeyd olunub. Bu parazitin orta ölçülü (60 mm-ə qədər) sürfələri əsasən balıqların qarın nahiyyəsinin əzələsində, yan xətdən aşağı nadir hallarda isə kürək əzələlərində lokallaşır. Balıqda onlar yastı spiral topa şəklində yerləşir. Anizakidlərin inkişafında, dəniz heyvanlarının başqa növ nematodları kimi, bir neçə aralıq sahibi o cümlədən balıqlar da iştirak edir. Balıqların anizakidlərlə yoluxmasında xərçəngkimilər mühüm rol oynayır. Balıqların bədənində anizakid sürfələri mədənin divarından bədən boşluğuna və əzələlərə miqrasiya etdikdə ölçüləri böyüyür. Anizakid sürfələri -18 ºC qədər 14 ərzində dondurulmaya davamlıdır,      -20 ºC temperturda 4-5 gün ərzində məhv olurlar, -30 ºC –isə 10 dəqiqədən sonra məhv olurlar. Bu parazitlər +45 ºC qədər dözümlüdülər, lakin + 60 C –də 10 dəqiqə ərzində məhv olurlar. Beləliklə balığın 45-dən 60 ºC-yə qədər hisə verilməsi onun anizakidlərinin məhv olunmasına zəmanət vermir.

      

B.ü.e.d  Ə.M.Nəsirov

B.ü.f.d K.İ.Bünyatova

B.ü.f.d Y.M.Seyidli

Elmi işçi N.E.İbrahimova

Baş laborant R.N.Cəlilova

: 139


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.