DƏVƏDƏLLƏYİNİN ÖLÜM SAÇAN MƏHƏBBƏTİ

Dünyanın ən hündür heyvanı olan Zürafələr haqqında bilmədiklərimiz


A- A A+

Xarakterik  xüsusiyyətləri: Zürafələr – məməlilər sinifinin cütdırnaqlılar dəstəsinə aid heyvanlardır. Onların xarici görünüşü o qədər özünə məxsusdur ki, heç bir heyvanla onları qarışıq salmaq olmaz. Dərilərinin rəngi olduqca dəyişkəndir. Əvvəllər, zooloqlar dərinin rənginə əsasən onları bir neçə növə ayırd  edirdilər. Daha sonra müxtəlif rəngdə olan zürafələrin cütləşməsi, həmçinin bir ərazidə və ya bir dəstədə müxtəlif rənglərdə zürafələrin müşahidə olunması bu faktı inkar etdi.

Erkək zürafələrin hündürlüyü 5,5-6,1 m-ə, çəkiləri isə 900-1200 kq -a çatır. Dişilər adətən erkəklərdən daha kiçik və yüngül olur. Zürafələrin boynunun çox uzun olmasına baxmayaraq, digər məməlilər kimi onların da boyun fəqərəsi 7 ədəddir. Hündür boy xüsusi ilə beyini qanla təhciz etmək nöqteyi-nəzərdən qan-damar sisteminin yükünü artırır. Ürəyin çəkisi 12 kq olub, dəqiqədə 60 litr qanı keçirir və buna görə də onların təzyiqi insanın təzyiqindən üç dəfə artıq olur.

Zürafənin dili çox uzun və əzələlidir. Zürafə dilini 45 sm-ə qədər uzadaraq, budaqları tutmaq xüsusiyyətinə malikdir.

         Həm erkək, həm də dişi fərdlərin başlarında tüklə örtülü iki ədəd buynuz olur. Qara gözləri sıx kirpiklərlə əhatə olunmuşdur. Zürafənin çox yaxşı görmə, eşitmə və iybilmə qabiliyyəti var, bu hisslər onlara qarşıdan gələn təhlükəni əvvəlcədən hiss etməyə kömək edir. Zürafələr bir-birlərini 1 km məsafədən seçirlər. Sürətlə qaçırlar və qaçış zamanı sürətləri saatda 55 km-ə çatır. Yaxın məsafəyə qaçış zamanı zürafələr atları keçə bilirlər. Çəkiləri ağır və ətrafları nazik olduğuna görə ancaq torpağı bərk olan yerlərdə hərəkət edə bilirlər. Adətən ləng hərəkət edərək, əvvəl sağ ətrafları ilə sonra isə, sol ətrafları ilə addımlayırlar.

Yayılması: Zürafələr Afrika qitəsinin savannalarında yayılıblar.  Hazırda yalnız Saxaradan cənuba və cənub-şərqə doğru olan ərazilərdə rast gəlinir. Saxaradan şimala doğru yayılan populyasiyalar isə qədim dövrlərdə insanlar tərəfindən məhv edilmişdir.

Həyat tərzi: Zürafələr otyeyən heyvanlardır. Qidalandıqları ağaclar arasında akasiya ağacının yarpaqlarına üstünlük verirlər. Zürafə uzun dili ilə budaqları tutaraq  ağızına yaxınlaşdırır və başını arxaya çəkərək yarpaqlar qoparır. Dil və dodaqların xüsusi quruluşu zürafəyə tikanlı budaqlarla qidalanmaq imkanı verir. Zürafə gün ərzində 30 kq-a qədər qida qəbul edir və günün 16-20 saata qədərini qida axtarışına sərf edir.  

Maraqlıdır ki, qidalanma üsuluna əsasən uzaqdan zürafənin cinsiyyətini müəyyən etmək mümkündür. Erkəklər adətən çox yuxarıda yerləşən budaqların yapraqlarını yeyirlər və buna görə də boyunlarını uzadaraq başlarını arxaya əyirlər. Dişilər isə öz bədən hündürlüyündə olan yapraqları yedikləri üçün boyunlarını aşağı əyirlər. Suya olan tələbatları qida vasitəsilə ödədikləri üçün bir neçə həftə susuz qala bilirlər. Bununla yanaşı, zürafə bir dəfəyə 38 litrə qədər su içir. Məməlilər arasında zürafələr yuxuya ən az tələbatı olan heyvanlardır. Yuxunun müddəti gün ərzində 10 dəqiqə – 2 saat arasında dəyişir. Zürafələr əsasən gecələr tam yuxu yatırlar. Onlar həm düz vəziyyətdə, həm də uzanaraq yata bilirlər.

Zürafələr gündüz həyat tərzi keçirir. Onlar adətən səhər tezdən və günün ikinci yarısında qidalanırlar, günün ən isti saatlarında isə kölgədə uzanıb dincəlirlər.

Çoxalması: Zürafələrin çoxalma dövrü iyul ayından sentyabr ayına qədər davam edir. Zürafələrin hövrəyə gəlmə dövrü iyul ayında başlayır və iki ay davam edir. Boğazlıq dövrü isə 14-15 ay olur. Adətən zürafələr bir bala verirlər. Bala zürafənin boyu 1, 8 m-ə, çəkisi isə 50 kq olur. Bir saat sonra bala zürafə ətrafları üzərində möhkəm dayana  bilir və bir neçə saatdan sonra sərbəst şəkildə qaçırlar. Bəzi hallarda zürafələr balavermə zamanı həlak olurlar.

Sosial struktur: Zürafələr adətən tək yaşayırlar, bəzi  hallarda kiçik bir dəstə yaradırlar, ancaq bir-birlərinə bağlı olmurlar. Yemləndikləri ərazinin sahəsi 100 km2- dir. Sosial davranışları cinsdən asılı olaraq dəyişir: dişilər tərkibi 4-32 fərddən ibarət olan və sayı vaxtaşırı dəyişən dəstələr əmələ gətirir. Dəstənin ierarxiya quruluşu və dəstənin fərdləri arasındakı davranışlar hələ də tədqiq olunmamışdır. Dəstədə yeganə başçı, yəni lider olmur, ancaq yaşlı və güclü erkəklər dəstənin digər üzvlərindən üstün olurlar. Cavan erkəklər cinsi yetkinliyə çatana qədər balaca qruplar yaradır, sonralar isə qrupdan ayrılaraq, tək yaşamağa başlayırlar. Zürafələr özlərini təhlükədən qorumaq üçün çox zaman antilop və zebralarla birlikdə hərəkət edirlər. İki yetkin erkək zürafənin qarşılaşması ritual döyüşlə nəticələnir. Bu zaman onlar yanyana dayanaraq, başları ilə rəqibinin boynuna zərbə vurmağa cəhd edirlər. Cütləşmə dövründə erkəklər arasında 4 saata qədər davam edən, aqressiv xarakter daşıyan qarşılaşmalar olur və bu zaman zürafələrdən biri digərini “huşunu itirənə” qədər zərbələr endirir.

Zürafələrin səssiz heyvan olduqları çox geniş yayılmış bir fikirdir. Əslində isə onlar bir-birləri ilə tezliyi 20 hersdən aşağı səs dalğaları vasitəsilə ünsiyyət qururlar.

Vəhşi təbiətdə zürafələrin ömürlərinin uzunluğu 25 ilə, qəfəs şəraitində isə 35 ilə çatır.  

Təbiətdə zürafələrin təbii düşmənləri olduqca azdır. Azsaylı düşmənlərindən özlərini qorumaq üçün isə zürafələr ön ətraflarının zərbəsindən istifadə edirlər. Belə zərbələr istənilən yırtıcının beynini parçalaya bilir.

Məlumata görə Etoş Milli Parkında şirlər zürafəyə hücum etmiş və onun boynundan dişləmişdirlər. Buna baxmayaraq, yetkin zürafələrə hücumlar nadir hallarda olur. Lakin çox zaman bala zürafələr şirlərin, pələnglərin və kaftarabənzər itlərin qurbanı olur. Analarının himayəsinin altında olmalarına baxmayaraq, cavan zürafələr, ancaq 25-50 % yetkinlik yaşına çata bilir.

Yarımnövləri:  Genetik analiz nəticəsində zürafələrin dörd növünün olduğu müəyyən edilmişdir (əvvəllər yarımnöv sayılanlar). Naxışlarına və yayıldıqları ərazilərə əsasən onları yarımnövlərə bölürlər. Yarımnövlər arasında çarpazlaşmalar baş verir. Hal-hazırda 9 müasir yarımnöv mövcuddur.

  • Nubia zürafəsi (G. c.camelopardalis) -  nominativ yarımnövdür.  Bu növ Şərqi Sudan və Qərbi Efiyopiyada məskunlaşır.
  • Qərbi Afrika zürafəsi (G. c. peralta) - əvvəllər bütün Qərbi Afrikada, hazırda isə yalnız CAR-da yayılıb.
  • Kordofan zürafəsi (G.c. antiquorum), Qərbi Sudan və Mərkəzi Afrika.
  • Torşəkilli zürafə (G.c.reticulata) Şimali Keniya, Cənubi Somali.
  • Uqanda zürafəsi və ya Rotşild zürafəsi (G.c.rothschildi) Uqanda.
  • Masay zürafəsi (G.c.tippelskirchi) Şimali Keniya, Tanza.
  •  Tornikroft zürafəsi (G. c. thornikrofti) Zambiya.
  • Anqola zürafəsi (G. c. angolenis) Namibiya, Bostvana
  • Cənubi Afrika zürafəsi (G.c. girafta), CAR, Zimbabve, Mozambik.

 

İnsan həyatında rolu: Zürafənin Afrika tayfaları tərəfindən ovlanması heç zaman onların sayının təhlükə həddinə çatdıracaq dərəcədə olmamışdır. Ağ insanların gəlişi ilə zürafələrin ovlanmasının əsas motivi əyləncə halına çevrildi və zürafələrin sayı sürətlə azalmağa başladı. Hal-hazırda dünyada zürafələr azsaylı heyvanlardır. Yalnız Şərqi Afrika ölkələrində zürafələr geniş yayılmışdır. Zürafələrin ümumi sayı 110–150 min-ə, Şerengeti qoruğunda 13 min-ə yaxındır. Ümumiyyətlə zürafələr nəsli kəsilən növlərə aid edilmir. Hal-hazırda dünyanın hər yerində böyük zooparklarda zürafələr saxlanılır və çoxaldılır. İlk zürafələr Londonda, Parisdə və Berlində  XIX əsirin 20-ci illərində saxlanılıblar.

 

Tərtib edənlər: Həsənova Könül, Qəhrəmanlı Xatirə

: 123


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.