Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və üç şöbəsinin hesabatı dinlənilib


Konfranslar, iclaslar
A- A A+

AMEA Zoologiya İnstitutunun Elmi Şurasında Gənc Alim və Mütəxəssislər Şurasının və institutun bəzi şöbələrinin 2017-ci il ərzində gördüyü işlərin hesabatı dinlənilib.

Hesabat tədbirində GAMŞ sədri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova gənc alimlərin bir il ərzində yerinə yetirdikləri işlərin nəticələri, iştirak etdikləri tədbirlər barədə geniş məlumat verib. O bildirib ki, cari ildə İnstitutun gənc alimləri tərəfindən 2 monoqrafiya, 28 məqalə və 16 tezis çap edilib. Onlardan 9 tezis və 10 məqalə xaricdəki elmi nəşrlərdə dərc olunub.

Tədbirdə İctimaiyyətlə əlaqələr, Təhsil və  Beynəlxalq əlaqələr şöbələrinin hesabatı da dinlənilib. 

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin hesabatı təqdim edilərkən bildirilib ki, Zoologiya İnstitutunun gördüyü işlərin ictimaiyyətə daha yaxşı təqdim edilməsi üçün aparılan işlər daha da gücləndirilib. Hesabat ilində Azərbaycanın bir çox aparıcı KİV-lərində Zoologiya İnstitutunun fəaliyyətini işıqlandıran çoxlu sayda məlumatlar yayımlanıb.

Təhsil şöbəsinin hesabatı verilərkən qeyd edilib ki, bu il AMEA Zoologiya İnstitutunda ilk dəfə olaraq, magistratura təhsilinə başlanılıb. Hazırda AMEA Zoologiya İnstitutunun magistraturasında 1 nəfər Entomologiya ixtisası üzrə təhsil alır. Bu il fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya "Parazitologiya və zoologiya" ixtisası üzrə 2 nəfər, dissertanturaya "Entomologiya və zoologiya" ixtisası üzrə 2 nəfər, elmlər doktoru hazırlığı üzrə dissertanturaya ("Zoologiya"  ixtisası üzrə) 1 nəfər qəbul olub. Hazırda elmlər doktoru hazırlığı üzrə 4 mütəxəssis,  fəlsəfə doktorluğu hazırlığı üzrə 4 doktorant və 3 dissertant təhsil alır. 2017-ci ildə "fəlsəfə doktoru" elmi dərəcəsini almaq üçün 1 doktorant və 4 dissertant, "elmlər doktoru" elmi dərəcəsini almaq üçün 3 dissertant elmi işini müdafiə edib. Elmi işini 2016-cı ildə müdafiə edən 3 əməkdaş Ali Attestasiya Komissiyasından diplomunu alıb. Bu il doktoranturaya qəbul, həmçinin doktorant və dissertantlar üçün minimum imtahan sualları qismən rus dilinə tərcümə olunub. Doktorant və dissertantların xarici dil biliklərinin yüksəldilməsi məqsədilə Zoologiya İnstitutunda ingilis dili kursları fəaliyyətə başlayıb.

Zoologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin hesabatı verilərkən qeyd edilib ki, ötən müddətdə bir çox beynəlxalq seminarlar (Web of Science, EBSCO, Horizon-2020, DAAD) tədbirlər, xarici konfranslar (Rusiya, Qırğızıstan, Gürcüstan, Almaniya, Norveç, Türkiyə) keçirilib, beynəlxalq ekspedisiyalar təşkil edilib.

Sonda bütün şöbələrin hesabatları qənaətbəxş hesab edilib.

 

: 214


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.