XƏBƏRLƏR
3616 Arxiv

2017.11.16

Tətbiqi Zoologiya Mərkəzi əməkdaşının dissertasiya işinin müdafiəsi keçirilib

AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Könül Tapdıqovanın  “Abşeron yarımadası göllərinin ibtidai xərçəngkimiləri  (növ tərkibi, yayılması, miqdarı)” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. 

Elmi tədqiqat işi 2011-2015-ci illərdə AMEA Zoologiya İnstitutunun Su heyvanları şöbəsinin, Hidrobiologiya laboratoriyasında yerinə yetirilmiş, iddiaçının elmi rəhbəri Hidrobiologiya laboratoriyasının müdiri  biologiya üzrə fəlsəfə doktoru, dosent Adil Əliyev olub. İş üzrə aparıcı təşkilat Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq İnstututdur.

Dissertasiya Şurasının iclasında Könül Tapdıqova dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında geniş təqdimatla çıxış etdikdən sonra onun tədqiqat işi həm faunistik, həm də təsərrüfat baxımından əhəmiyyətli hesab edilib.

İclasda bildirilib ki, Abşeron yarımadasında ibtidai xərçəngkimilərin yayıldığı şortəhər və duzlu göllər, bu göllərdə onların miqdarı, ekoloji xüsusiyyətləri, canlı yem obyekti kimi yetişdirilməsi, məhsuldarlığı və digər məsələlərə aid yeni məlumatlar əldə olunub. Həmin məlumatlar ibtidai xərçəngkimilərin təbii canlı yem kimi tətbiq olunma sahələrində kütləvi yetişdirilməsinin, biokütləsindən səmərəli istifadəsinin təşkilinə yönəlmiş tədbirlərin, o cümlədən proqnozların hazırlanmasında xüsusi rol oynaya bilər.

İşlə bağlı çıxış edən Şuranın üzvləri biologiya üzrə elmlər doktoru, professor Canbaxış Nəcəfov, biologiya üzrə elmlər doktoru, professor Zəkəriyyə Məmmədov, İnstitutun Parazitologiya laboratoriyasının müdiri Qara Fətəliyev irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər.