XƏBƏRLƏR
3301 Arxiv

2017.11.16

“Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin sonuncu mərhələsi baş tutub

AMEA-nın Əsas binasında “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin sonuncu mərhələsi keçirilib.

Tədbirdə müsabiqə çərçivəsində yaradılmış komissiyanın sədr müavini, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək layihənin AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə baş tutduğunu bildirib. Qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etməkdir.

Sonra layihənin koordinatoru, Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı çıxış edərək müsabiqənin AMEA-da təhsil alan magistrant və doktorantlar arasında keçirildiyini söyləyib. Qeyd edib ki, müsabiqəyə AMEA-nın müxtəlif institutlarından 140-a yaxın şəxs qeydiyyatdan keçib və onlardan son mərhələyə 60-ı təsdiqlənib.

Q.Vaqifqızı müsabiqə çərçivəsində inşa və ifadələrin yazıldığını, dialekt sözlərin deyilməsi və izah edilməsi ilə bağlı müsahibənin keçirildiyini, həmçinin Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin görkəmli nümayəndələrinin həyat və fəaliyyətləri haqqında biliklərin yoxlanıldığını söyləyib.

Daha sonra müsabiqənin sonuncu mərhələsi - klassik və müasir Azərbaycan poeziyasının seçmə nümunələrindən əzbərdən şeirlərin deyilməsi baş tutub.

Qeyd edək ki, müsabiqənin hər mərhələsində iştirakçıların fəaliyyəti komissiya üzvləri tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib. Yekunda komissiya tərəfindən müsabiqədə ən yüksək bal toplamış 3 nəfər pul mükafatı ilə təltif olunacaq.

 

 

http://science.gov.az/news/open/6641