XƏBƏRLƏR
3108 Arxiv

2017.11.21

Quru Onurğalıları laboratoriyası əməkdaşının Dissertasiya Şurasının elmi seminarında dissertasiya işinin müzakirəsi keçirilib

AMEA Zoologiya İnstitutunun Dissertasiya Şurasının  elmi seminarında Quru onurğalıları laboratoriyasının elmi işçisi Gülbəniz Qasımovanın “Böyük Qafqazın Azərbaycan hissəsində amfibilərin biomüxtəlifliyi və bioekoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müzakirəsi keçirildi.

Tədqiqatçı tərəfindən ilk dəfə olaraq Böyük Qafqaz təbii vilayətində yayılan amfibilər kompleks şəklində öyrənilmişdir. Müəyyən edilmişdir ki, tədqiqat ərazisində 2 dəstə, 6 fəsilə, 8 cinsə aid olan 8 növ amfibi (Triturus karelinii, Pelobates syriacus, Pelodytes caucasicus, Bufo verrucosissmus, Bufotes variabilis, Hyla orientalis, Rana macrocnemis, Pelophylax ridibundus) yayılmışdır. Bu növlərdən P.syriacus növü Böyük Qafqazın cənub ətəkləri üçün ilk dəfə olaraq qeydə alınmışdır. Eyni zamanda, B.verrucosissmus növünün yeni tapıntı nöqtəsinə əsasən növün coğrafi arealının şimal-şərq sərhədləri müəyyənləşdirilmişdir.

Tədqiqat nəticəsində ilk dəfə olaraq Coğrafi İnformasiyalar Sistemi (CİS) bazası əsasında Böyük Qafqaz təbii vilayətində yayılan amfibilərin elektron kadastr xəritəsi hazırlanmışdır. Tədqiqat nəticəsində ayrı-ayrı amfibi növlərinin populyasiyalarının strukturu haqqında əldə olunan parametrlər və hazırlanmış elektron kadastr xəritələr aparılan ekoloji monitorinqlər zamanı və regionda biomüxtəlifliyin qorunub saxlanması tədbirlərində baza məlumatı kimi istifadə oluna bilər.