XƏBƏRLƏR
3289 Arxiv

2017.09.26

Akademik İbrahim Quliyev Bolqarıstanda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib

Bolqarıstanın Varna şəhərində “Balkan-Qara dəniz regionunun geologiyası və karbohidrogen potensialı” adlı beynəlxalq konqres keçirilib.

Tədbir Dağ-mədən İşi, Geologiya və Metallurgiya üzrə Elmi-Texniki İttifaqın təşkilatçılığı və Bolqarıstanın Energetika Nazirliyinin dəstəyi ilə baş tutub.

Konqresdə Azərbaycanı təmsil edən AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev “Palçıq vulkanları və Xəzər-Qara dəniz regionunun karbohidrogen potensialı” mövzusunda məruzəsini təqdim edib. Palçıq vulkanizmini geoloji tədqiqatlarda mühüm istiqamətlərdən biri kimi səciyyələndirən alim qeyd edib ki, palçıq vulkanları Yerin təki haqqında böyük informasiya daşıyıcılarıdır. Akademik geologiya, geokimya, geofizika və digər təbiət elmlərinin müxtəlif nəzəri-praktiki məsələlərinin həllində, Yer təkinin quruluşu və böyük dərinliklərin neft-qazlılığının müəyyənləşdirilməsində və fiziki-kimyəvi proseslərin araşdırılmasında palçıq vulkanlarının öyrənilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycan və Xəzəryanı ərazilərin palçıq vulkanları haqqında danışan AMEA-nın vitse-prezidenti bu təbiət hadisəsinin Qara Dəniz hövzəsi, ətraf çökəkliklər və qitə yamaclarındakı xarakteristikasını açıqlayıb.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.

İ.Quliyev daha sonra Rusiyanın paytaxtı Moskvaya səfər edib. Akademik burada Rusiya Fundamental Tədqiqatlar Fondunun rəhbərliyi ilə görüşüb. Görüşdə azərbaycanlı alimlərin fond tərəfindən təşkil olunan layihələrdə iştirakı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

http://science.az/news/open/6421