XƏBƏRLƏR
3529 Arxiv

2017.09.19

Hidrobiologiya laboratoriyası əməkdaşının elmi seminarda doktorluq dissertasiya işinin müzakirəsi keçirildi

AMEA Zoologiya İnstitutunun Müdafiə Şurasının nəzdində fəaliyyət göstərən elmi seminarda Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Namiq Mustafayevin “Azərbaycanın daxili su hövzələri balıqlarının morfo-bioloji və ekoloji xüsusiyyətləri, vətəgə balıqlarının ehtiyatlarının tənzim olunması yolları” mövzusunda doktorluq dissertasiya işinin müzakirəsi keçirildi.

Tədqiqatçı 2009-cu ildən başlayaraq Azərbaycanın bütün bölgələrindən ümumilikdə 71 su tutarını əhatə edən 62 növ və yarım növə aid olan 17 minə yaxın nümunə toplayaraq onları ümumi qəbul olunmuş ixtioloji metodlar əsasında tədqiq edib. 

Tədqiqatlar nəticəsində məlum olub ki, hazırda Azərbaycanın daxili su hövzələrində 11 dəstəyə, 15 fəsiləyə, 44 cinsə mənsub olan bir növ dəyirmi ağızlı və 67 növ və yarım növ balıq yaşayır. Əldə olunmuş bütün balıqların morfoloji və bioloji əlamətlərində baş vermiş dəyişikliklər aşkara çıxarılmış, onların müasir arealları dəqiqləşdirilmişdir.

Azərbaycanın daxili su hövzələrində yayılmış balıqlar üzərində əsaslı taksonomik təftiş aparılmış, onlar müasir sistematikaya uyğunlaşdırılmışdır.

28 növ və yarımnöv balığın erkək və dişi fərdlərinin, 28 növ və yarımnöv balığın isə müxtəlif populyasiyalarının morfometrik əlamətləri arasında olan fərqlər aşkara çıxarılmışdır. Bu da balıq populyasiyalarının formalaşması prosesinin bir sıra qanunauyğunluqlarını müəyyən etməyə imkan verir.

İki növ balıq (Amur enlibaşı və Koreya kilqarını) Azərbaycan faunası üçün ilk dəfə olaraq qeyd edilmiş, onların yayılması, morfoloji, bioloji, ekoloji xüsusiyyətləri ətraflı öyrənilmişdir. Məlum olmuşdur ki, hər iki növ Amur çayı hövzəsində yaşayan tipik növdən morfoloji əlamətlərinə görə fərqlənmir. Bu növlər yerli faunanın nümayəndələri ilə qida rəqabəti aparmaqla yanaşı onların kürüləri ilə də qidalanmaqla (Amur enlibaşı) balıq ehtiyatlarına mənfi təsir göstərirlər.

Dəyirmiağızlı və balıqların Azərbaycanın daxili su hövzələri üzrə yayılmasının tədqiqi göstərmişdir ki, ixtiofaunanı təşkil edən növ və yarımnövlərdən 16-sına Azərbaycanın bütün bölgələrində, 37-sinə bir neçə bölgədə, qalan 15-inin isə hər birinə yalnız müəyyən bir bölgədə rast gəlinir.

Balıqların beyin, qaraciyər və qəlsəmə toxumalarında sitoxrom P-450-nin və SMAZ-ın dinamikası izlənmiş, onların əlverişsiz mühit amillərinin təsirinə qarşı uyğunlaşmasında serotoninergik sisteminin rolu müqayisəli surətdə öyrənilmiş, məlum olmuşdur ki, eyni su hövzələrində yaşayan, lakin fərqli ekoloji qruplara mənsub olan balıq növlərinin müxtəlif toxumalarının əlverişsiz mühit amillərinin təsirinə qarşı münasibətləri fərqlidir və onlar bu təsirlərə qarşı müxtəlif səviyyəli adaptiv potensial sərf edirlər.

Tədqiqatçının əldə etdiyi materiallar və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəsmi statistik məlumatların analizi nəticəsində vətəgə əhəmiyyətli növlərin azalmasının səbəbləri müəyyən edilmiş və onların ehtiyatlarının bərpası üçün əməli təkliflər hazırlanmışdır.

Müəllifin əldə etdiyi məlumatlardan bu sahədə aparılacaq tədqiqatlarda, monoqrafiyaların, balıqyetişdirmə üzrə sorğu kitablarının, ali və orta ixtisas məktəbləri üçün dərsliklərin tərtib olunmasında istifadə oluna bilər. Eyni zamanda əldə olunmuş məlumatlardan Azərbaycanın daxili su hövzələrində əsas vətəgə balıq ehtiyatlarının bərpası, onlardan səmərəli istifadə üçün tədbirlərin işlənib hazırlanmasında, balıqların bioloji göstəricilərinə dair məlumatlardan balıq ovu üçün kvotaların verilməsi zamanı istifadə oluna bilər.