XƏBƏRLƏR
3222 Arxiv

2017.09.11

Ozonlaşma texnologiyasının pambıq toxumlarına təsiri barədə seminar keçirilib

Salyan rayonunda “Ozonlaşma texnologiyasının pambıq sortlarının toxumlarına təsiri nəticəsində təsərrüfat qiymətli əlamətlərinin öyrənilməsi” mövzusunda elmi-praktiki seminar keçirilib.    

Tədbir Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Milli Aviasiya Akademiyası, Bitki Mühafizə və Texniki Bitkilərin Elmi Tədqiqat İnstitutu, Salyan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya (TAİ), Genetik Ehtiyatlar institutlarının birgə təşkilatçılığı ilə baş tutub.

Seminarda ozonlaşdırma, pambıq əkinində istifadə olunan torpaqlara qulluq qaydaları, onların qida elementləri ilə təchiz olunması və digər məsələlər müzakirə olunub. Qeyd edilib ki, ölkədə 40 milyon tondan çox üzvi mənşəli gübrə ehtiyatı var və TAİ-nin alimlərinin fəaliyyəti nəticəsində Neftçala, Saatlı, Ucar rayonlarında ekoloji təmiz kənd təsərrüfatı məhsulları yetişdirilir.

Tədbirdə TAİ-nin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, bu qurumun Üzvi gübrələr laboratoriyasının müdiri, professor Paşa Zamanov və aparıcı elmi işçi,  texnika üzrə fəlsəfə doktoru Əlibala Əlizadə məruzələrlə çıxış ediblər.

Sonda rayon ərazisində əkilmiş pambıq sahələrinə baş çəkilib, müxtəlif pambıq   sortlarının  inkişafı və məhsuldarlığı əyani sürətdə nümayiş olunub. 

http://science.gov.az/news/open/6301