XƏBƏRLƏR
3455 Arxiv

2017.07.25

AMEA-nın prezidenti “İlin ən yaxşı veb-saytları”nı mükafatlandırıb

AMEA-nın prezidenti Akif Əlizadə “AMEA-nın elmi müəssisə və təşkilatları arasında “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib saytların yaradıcı kollektivinin mükafatlandırılması haqqında” sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan elminin beynəlxalq elm məkanına uğurlu inteqrasiyasının təşkilində vacib rol oynayan amillərdən biri də elmin informasiya təminatının gücləndirilməsidir. Bu baxımdan cəmiyyətin elmi informasiyaya olan tələbatının təmini, müxtəlif elm sahələri üzrə elektron resursların inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. “İnformasiya əldə etmək haqqında” qanunu, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Milli Strategiyanın icrası üzrə Dövlət Proqramı”nda bu hədəflərin həyata keçirilməsi əsas məqsədlərdəndir.

Son illər Azərbaycan Milli Elmlər Akademiyasında elmin müxtəlif sahələri üzrə həyata keçirilən fəaliyyət, elmi-texniki tərəqqinin yenilikləri, müasir elmi tədqiqatların nəticələri barədə ictimaiyyətin geniş məlumatlandırılması, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. Belə tədbirlərdən biri kimi “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi və stimullaşdırılması haqqında” AMEA prezidentinin 14 mart 2016-cı il tarixli sərəncamı olmuşdur. Sərəncama əsasən, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının qiymətləndirilməsi və “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib saytların müəyyən olunmasına dair monitorinq aparılmış, müvafiq nəticələr əldə olunmuşdur. Ümumilikdə, akademiyanın 40 elmi müəssisə və təşkilatı üzrə rəsmi İnternet resurslar analiz edilmişdir. Nəticələrə əsasən “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib gələn aşağıdakı 3 veb-saytın yaradıcı kollektivi mükafatlandırılıb:

I yer – 1500 AZN - www.ict.az saytı (İnformasiya Texnologiyaları İnstitutu);
II yer – 1000 AZN - www.nkpi.az saytı (akademik Yusif Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutu);

III yer – 500 AZN - www.azhistorymuseum.az saytı (Milli Azərbaycan Tarixi Muzeyi).

Qeyd edək ki, zoologiya.az saytı da “İlin ən yaxşı veb-sayt”ları sırasında yer alıb. AMEA Zoologiya İnstitutunun İnternet saytı monitorinqin nəticələrinə görə 40 sayt arasında 11-ci, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutları arasında 1-ci yeri tutub.