XƏBƏRLƏR
3657 Arxiv

2017.07.06

Qiyas Quliyev 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif edilib

Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi Əhliman Əmiraslanov AMEA Zoologiya İnstititunun əməkdaşı Qiyas Quliyevə 70 illik yubileyi münasibətilə Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanını və gül dəstəsi təqdim edib.

Qiyas Nağı oğlu Quliyev 1947-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1972-1975-ci illərdə Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutunun “Heyvanların sitogenetikası” laboratoriyasında aspirant, 1975-ci ildən baş laborant, 1977-ci ildən kiçik elmi işçi, 1988-ci ildə “qrup” rəhbəri, 1993-cü ildən 2017-ci ilə qədər “Teriologiya” laboratoriyasının müdiri olmuşdur. Hazırda yeni yaradılan “Quru onurğalıları” laboratoriyasının müdiri vəzifəsində çalışır.
B.ü.e.d. Qiyas Quliyev 1979-cu ildə namizədlik, 2013-cü ildə elmlər doktoru dissertasiyası müdafiə etmişdır. O, namizədlik dissertasiyası üzrə tədqiqatlarını əsasən Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Sitologiya və Genetika İnstitunda yerinə yetirilmişdir. 
B.ü.e.d. Qiyas Quliyevin 40-dən çox elmi əsəri Amerika, Almaniya, Rusiya, Ukrayna, Belarusiya və Gürcüstanın bir sıra nüfuzlu jurnallarında dərc edilmişdir.
O, xarici dövlətlərdə, o cümlədən, Rusiyada, Almaniyada və Ukraynada keçirilən konfranslarda məruzələrlə çıxışlar etmişdir. 
Qiyas Quliyev orta ümumtəhsil məktəbləri və müəllimlər üçün 1 dərs vəsaitlərinin, 10 və 11-ci sinif şagirdləri üçün “Ümumi biologiya” dərsliklərinin həmmüəlliflərindən biridir.
Tanınmış alimi təbrik edirik, ona möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.