XƏBƏRLƏR
1064 Arxiv

2017.06.29

Zəkəriyyə Məmmədovu 80 illik yubileyi münasibətilə təbrik edirik!

Bu gün AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin baş elmi işçisi, b.ü.e.d., professor Zəkəriyyə Məmmədovun 80 yaşı tamam olur.

Zəkəriyyə Məmmədov 1937-ci ildə Ordubad şəhərində anadan olmuş, 1964-cü ildə BDU-in biologiya fakultəsini bitirmiş,1960-cı ildən Azərbaycan MEA Zoologiya İnstitutunda əvvəl baş laborant, sonra isə kiçik elmi işçi vəzifəsində işləmişdir. 1965-ci ildə entomologiya ixtisası üzrə Zoologiya institutunda aspiranturaya daxil olmuş, 1969-cu ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1971-ci ildən böyük elmi işçi, 1994-cü ildən baş elmi işçi, 2006-cı ildən 2016-cı ilə qədər “Faydalı həşəratların introduksiyası və bioloji mübarizənin nəzəri əsasları” laboratoriyasının müdiri, 2007-ci ildən  2017-ci ilə qədər isə Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.

Zooloq alim tərəfindən respublikanın meyvəçilik və meşə təsərrüfatlarında zərərvericilərə qarşı bioloji mübarizə məqsədi ilə tətbiq olunmaq üçün bir neçə tövsiyyə hazırlanıb Respublika Bitki Mühafizə mərkəzinə və Ekologiya Nazirliyinə təqdim edilmişdir.

Alim tərəfindən 112-a yaxın elmi məqalə və bir monoqrafiya çap edilmişdir. Onun rəhbərliyi altında 6 aspirant müdafiə etmiş, 2 dissertant isə elmlər doktoru dissertasiyaları üzərində işləyir. Z.M.Məmmədov xaricdə və Respublikamızda simpozium və konfranslarda dəfələrlə məruzə ilə çıxış etmiş və sertfikatlarla təltif olunmuşdur.

Elmi və praktiki tədbirlərin həyata keçirilməsində fəal iştirak etdiyinə görə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AMEA Rəyasət heyətinin, Bilik Cəmiyyətinin fəxri fərmanları ilə təltif edilmişdir.

Z.Məmmədov ADPU-da Bakalavr və Magistratura  Dövlət İmtahanlarının  sədri olmaqla yanaşı,  tələbələrə biologiya fənni üzrə məruzələr oxumuşdur.

Zəkəriyyə Məmmədovu 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edirik.